​“Nazirlər elmi işlərini harda yazırlar, yorğanın altında?” – MÜSAHİBƏ

 
 
Sərdar Cəlaloğlu: “Lazımsız yerə verilən elmi adlara görə milyonlarla məbləğdə vəsait xərclənir”
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyaların müşahidə olunması, yalançı elmə marağın artması, elmi imitasiya tipli fəaliyyətin genişlənməsi ilə əlaqədar olaraq xüsusi komissiyanın yaradılmasını tövsiyə edib. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb. Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın tərkibi təsdiq edilib. Bəs görəsən bu komissiya Azərbyacan elminə hansı töhfələr verə biləcək, saxtakarlığın qarşısını ala biləcəkmi?
 
"Kosmik hadisələr haqqında nəzəriyyə"nin müəllifi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
 
- Sərdar, yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın tərkibi təsdiqlənib. Sizcə bu komissiya hansı saxtakarlığın qarşısını ala biləcək?
 
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası var, hansı ki, onun vəzifəsi elmi saxtakarlıqları, qeyri-elmiliyi müəyyən etməkdir. Təəssüflər olsun ki, bu komissiya korrupsioner struktura çevrilib. Vaxtilə qurumun sədri olan Azad Mirzəcanzadə ilə bu barədə söhbət etmişdik. O mənə ayrı-ayrı yüksək çinli məmurlara elmlər doktoru, elmlər namizədi adı verilməsi ilə əlaqədar olaraq məruz qaldığı  təzyiqlərdən, elmi ad qazanmaq üçün əl atılan  kələklərdən, rus nəşrlərindən edilən “kopya”lardan danışmışdı. Azad Mirzəcanzadə deyirdi ki, Azərbaycanda elmi adlar alanların böyük əksəriyyəti müdafiə etdiyi elmi işdən heç xəbərləri də yoxdur.
 
-Attestasiya Komissiyası saxta diplom paylayırsa, bir sözlə saxtakarlığı təbliğ edirsə AMEA-da yaradılan bu qurumun hansısa uğur əldə edə biləcəyi düşünürəm ki, sual altındadır.
 
- Ali Attestasiya Komissiyası saxta diplom paylayırsa AMEA-nın  tərkibində yaradılan Yalançı Elmə qarşı Mübarizə komisssiyası heç bir iş görə bilməz. Ramiz Mehdiyev dəfələrlə Azərbaycan elmində saxtakarlıq, plagiatlığın inkişaf etməsi haqda məqalələr dərc edib. Yeni yaradılan komissiya kimlə, necə mübarizə aparacaq? Hələ də Azərbaycanda elmə məmurların bəzəyi kimi baxılır. Məmur ad alıb “zapas” atır.
 
“Yüzlərlə alimin dəstəksiz qalaraq sıradan çıxdığını görmüşəm”
 
- Azərbaycan alimləri məsuliyyətlidir?
- Alimliyin birinci əlaməti nə olmalıdır? Birinci əlamət əlbəttə ki, sosial və neqativ hallardan qaçmaq olmalıdır. Bir adam ki, korrupsiya ilə məşğuldur, dövlət malını mənimsəyir, saxtakarlıqla məşğuldur, bu necə alim ola bilər? Dünya elmində, xüsusən də fəlsəfədə alimlərin məsuliyyəti məsələsi çox geniş müzakirə predmetinə çevrilib. Dəfələrlə Nobel mükafatı alan alimlərin kəşflərinə münasibət bildirilib, qeyd olunub ki, atom bombası kiminsə əlinə düşərsə bəşəriyyətdə böyük fəlakətlər yarana bilər. Dünya elmi hətta bu cür böyük kəşflərə imza atan alimlərdən diqqət və məsuliyyət tələb edirdi. Amma Azərbaycanda vəziyyət necədir? Alim ümumiyyətlə nə ictimai, nə də elmi məsuliyyət daşıyır. Bir zamanlar fəlsəfə elmləri üzrə doktorların müdafiəsinə dəvət edilirdim. Bir neçə dəfə bu müdafiələrdə iştirak etmişəm. Mifologiya ilə bağlı elmi işi müdafiə edən namizədin çıxışını eşidərkən xəcalət çəkmişəm. Bu adam ümumiyyətlə mifologiyadan bir kəlmə belə bilmirdi. Belə qərara gəlindi ki, bu adama doktor adı verilsin, sonra səsləndirilən iradları düzəldər. Fasilədə bu şəxsə yaxınlaşaraq fikir mübadiləsi apardım, iradlarımı bildirdim, bir neçə kitabın adını çəkdim. Mənə nə desə yaxşıdır?
 
Dedi ki, o kitabların adını verin, elmi müdafiəmdə olan ədəbiyyat siyahıma əlavə edim. Demədi ki, kitabları verin, mən də oxuyum. Azərbaycanda bu gün elmi işlər müdafiə edənlərin böyük əksəriyyəti oxumadıqları ədəbiyyatın siyahısını müdafiəyə daxil edirlər. Soruşanda bəlli olur ki, onların bu əsərlərdən heç xəbərləri də yoxdur. Nazirlər, komitə sədrlərinin, YAP-ın İdarə Heyətinin üzvləri hamısı elmlər doktoru, elmlər namizədidir. Saxta elmlər doktorları meydana çıxdıqca həqiqətən də elmi işlə məşğul olan, icadlar edən, müxtəlif araşdırmalarla məşğul olan şəxslərə yer daralır. Pulları, adamları, tanışları olmadıqları üçün inkişaf edə bilmirlər. Şəxsən tanıdığım bir xanım var, hansı ki, günəşdən xüsusi üsulla enerji istehsalı etməsi haqda maraqlı kəşf edib. Tamamilə fərqli yolla günəş enerjisindən istifadə etmək dünyada analoqu olmayan bir kəşfdir. Bu kəşfin həyata keçirilməsi, model olaraq hazırlanması üçün laboratoriya lazımdır. Bu laboratoriyanın yaradılması üçün 50 min dollar vəsait lazımdır. Bu laboratoriya yaradılarsa Azərbaycan milyardlarla gəlir əldə edə bilər.
 
Nəticə nə oldu? Hökumət heç bir vəsait ayırmadı. Bu gün Azərbaycanda lazımsız yerə verilən elmi adlara görə milyonlarla məbləğdə vəsait xərclənir. Rəhmətlik Ədalət Rəhimli bir dəfə mənə dedi ki, bir yapışqan kəşf eləmişəm, hansı ki, o 2000 dərəcədə yapışqanlıq qabiliyyətinə malikdir. Yəni həm yerin altında, həm kosmosda bu yapışqandan istifadə etmək mümkündür.  Heç bir qaynaq olmadan bu yapışqandan kənd təsərrüfatında, o cümlədən də digər sahələrdə istifadə etmək mümkündür. Türkiyədən də ona təkliflər gəlmişdir. Lakin alim yalnız Azərbaycan adına bu nailiyyəti qazanmaq istədiyini deyərək təklifdən imtina etmişdi. Kəşfini reallaşdırmaq üçün o idarə qalmadı ki, bu adam qapısını döyməsin. Öldü getdi, yapışqanla bağlı kəşfini də özü ilə apardı. Yüzlərlə belə alimin dəstəksiz qalaraq sıradan çıxdığını görmüşəm. Hökumət düşünmür ki, bu cür kəşflər ölkəyə milyardlarla xeyir gətirə bilər. Azərbaycanda iki nəfər Nobel Komitəsinə gedib ki, onlardan biri mən, digəri isə Nemət Qasımovdur.
 
Nemət Qasımov hələ SSRİ dövründə də bioloqların beynəlxalq konfranslarında təmsil olunub. Onun Azərbyacanda biologiyanın inkişafında misilsiz rolu olub. Lakin o, elə əvvəlki statusunda qalıb. Niyə? Çünki qohum-tanışı yoxdur. Biləcəridə belə adı bəlli olmayanlar akademik adı alır, lakin Azərbaycanı dünyada tanıdan, kəşflər edən şəxslər elmlər namizədi adında qalır. Çünki Azərbaycanda elm korrupsiyanın bir sahəsinə çevrilib. İnistitutlar, akademiyanın rəhbərliyində olanlar hamısı bir-biri ilə qohumdur. Elmdə də qohumluq olar? Azərbaycan, dünya elmində heç bir rolu olmayan şəxslərə necə bu adları vermək olar? Azərbaycanda ailələr, nəsillər var ki, 15 nəfər elmlər doktorudur, lakin heç biri nəzəri olaraq bir fikir söyləyə, elmi işinin adını söyləyə bilməyiblər. Onlar müdafiə etdikləri elmi işin əhəmiyyət haqda heç bir məlumata sahib deyillər. Bəs necə bu ada layiq görülüblər?
 
“İdarəetmənin nəticəsidir ki, elm arzuolunmaz vəziyyətə düşüb”
 
- Bəs bu saxtakarlıq nədən qaynaqlanır, bu saxta adları almaqda məqsəd nədir?
- Akademiyada Yalançı Elmə qarşı Mübarizə Aparan komissiyanın fəaliyyəti sıfıra bərabər olacaq. Çünki bu məsələlər dövlətdən qaynaqlanır. Azərbaycan elmində yaranan bu vəziyyət dövlət siyasətindən qaynaqlanır. İdarəetmənin nəticəsidir ki, bu gün Azərbaycan elmi arzuolunmaz vəziyyətə düşüb. Ramiz Mehdiyev də deyir ki, nazirlər ona görə bu adları alıblar ki, sabah onlar üçün toxunulmazlıq statusu yaransın, ictimai imiclərini yüksəltsin. Ramiz Mehdiyev bu nazirlərə müraciətində deyir ki, siz nə vaxt zaman tapıb belə kitab, elmi iş ərsəyə gətirdiniz. Bir kitabımı yazmaq üçün 30 il keçib. Elə də olub ki, bir kitab yazmaq üçün aylarla gecə-gündüz bilmədən araşdırma aparmışam, minlərlə kitab oxumuşam. Bu nazirlər, millət vəkilləri bütün günü gözümüzün qabağındadır. O zaman sual ortaya çıxır, elmi işlərini harda yazırlar, yorğanın altında? Sovet dövründə kimsə elmi iş və ya roman yazanda 6 ay, 2-3 il işdən uzaqlaşırdı...
 
Ramiz Mehdiyev dəfələrlə bu istiqamətdə sərt tənqidlər irəli sürərək heç bir nəticə əldə edə bilməyibsə, düşünürəm ki, AMEA da bu baxımdan heç bir töhfə verə bilməyəcək. Bu günlərdə oxudum ki, bir namizəd Rusiyada elmi məcmuədə çap olunan məqaləni oğurlayaraq öz adına çıxarıb. Sizin elmlər namizədləriniz, akademikləriniz oğrudur. Bir filosof var elmi iş üçün məndən kitab istədi. Hansı ki, bu kitab Azərbaycanda iki-üç adamda ola bilərdi. Kömək üçün verdim, kitabı mənə qaytaranda gördüm ki, 11 səhifəsini cırıb götürüb. Ona görə cırmışdı ki, sabah kimsə sübut edə bilməsin ki, bu filankəsin kitabında yazılıb. Nöqtə, vergülünədək olduğu kimi elmi əsərinə köçürmüşdür.
 
“Mənim ixtiramla Azərbaycan da elmə vətən olacaqdı”
 
-Akiz Əlizadə sizin elmi işlərinizin təbliğində hansı rola malik olub?
-AMEA prezidenti ilə görüşərək qeyd etdim ki, dünya səviyyəsinə çıxarılacaq kəşflərim var. Xahiş etdim ki, akademiyada bu kəşflərin müzakirəsi olsun, tanınmış, elmdə töhfəsi olan alimlər çıxış edərək opponentlik etsinlər. Elmlər Akademiyasının rəhbəri buna əhəmiyyət vermədi. Halbuki həmin işim Nobel Komitəsinin gizlin səsverməsinə çıxarıldı. Digər işlərimi də Nobel Komitəsinə təqdim edib mükafatımı alacam. Bu gün dünyada bir çox xalqlar var ki, onlar müəyyən elmin vətəni hesab edilirlər. Təsəvvür edin ki, mənim bu ixtiramla Azərbaycan da bir elmə vətən olacaq. Bu yeni elm də dünyada bir inqilaba səbəb ola bilər. Kəşf elədiyim elm mütləq həqiqətin idrakolunma problemlərini həll edir.  Fəlsəfədə belə bir fikir var ki, mütləq həqiqət dərkolunmalıdır. Bu kəşfimdə mütləq həqiqətin dərkolunma metodlarını təqdim etmişəm. Bəşər tarixində metofizika ilə bağlı ciddi bir iş ortada yoxdur. Klassik metofizika haqqında kitab yazmışam.
 
Mənə 5 manat yardım edən belə yoxdur. Azərbaycanda belə bir elmi mühit yaradılmayıb ki, alimlər, professorlar öz işlərini geniş işıqlandırsınlar, bunun müqabilində maliyyə dəstəyi alsınlar. Niyə, çünki hamısı saxtakardır. Azərbaycanda bütün sahələrdə saxtakarlıq var, hətta iqtisadiyyatında da, elmində də. Mükafat aldıqdan bir müddət sonra bəlli olur ki, bu şəxslərin bir qismi danışıq əsasında qalib olub və ya dopinq qəbul edib. Elə ədəbiyyatda da oğurluq var. Obrazların adını dəyişməklə mövzu və ideyanı olduğu kimi saxlayaraq nə qədər əsər yazan yazıçılarımız var. Musiqi əsərlərinin bir hissəsi olduğu kimi başqa bəstəkarların əsərlərində təkrarlanır. Niyazi deyirdi ki, yazdığım əsərin bir taktı kiminsə əsərində olsa onu məhkəməyə verəcəyəm. Saxta baxış bizim qanımıza hopdurulub. Buna qarşı mübarizə aparmaq  üçün ilk növbədə seçki saxtakarlığı ilə mübarizəyə başlanılmalıdır.
 

Загрузка...
Загрузка...