​“Nazirlər dollarlarını xaricə daşıyır” - Partiya sədri

 
 Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ictimaiyyəti maraqlandıran, eyni zamanda özünün etdiyi çıxışlarına görə qınaq obyektinə çevrilməsi kimi məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb
 
 
O öncə bahalıqdan şikayətlənib. Deyib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti fantastik həddə çatıb: "Bu gün insanları maraqlandıran çörək, ərzaq məshullarıdır. Çünki, insanlar yeməsə yaşaya bilməz. Qiymətlər isə gəlib fantastik səviyyəyə çatıb.
 
Qurumlar nə qədər təkzib etsələr də, hər şeyin qiyməti qalxıb. Sadə vətəndaş cibində az pulla mağazaya girib ürəyi istəyən heç nəyi ala bilmir. Aldığı maaşla ərzaq səbəti tərs mütənasib gələndə insanlarda istər-istəməz qıcıq yaranır”.
 
H.Hacıyev bildirib ki, sosial şəbəkələrdə xalqı provokasiyaya çəkən qruplar yaradılıb: "Bu ərəfədə müəyyən dairələr vəziyyətdən istifadə edərək, dövlətə qarşı əks təbliğat aparırlar. Sosial şəbəkələrdə insanları qıcıqlandıran xüsusi qruplar yaradılıb.
 
Düşünürəm ki, bu sahəylə məşğul olan şəxslər diqqətlidirlər. Məndə olan məlumata görə, rəsmilər, məmurlar bilə-bilə buna yol verirlər. Korrupsiya vasitəsilə külli miqdarda vəsait yığan nazirlər, məmurlar vəziyyəti gərginləşdirirlər. Çalışırlar ölkədə ara qarışsın, məssəb itsin və özləri yaddan çıxsın.
 
Eyni zamanda ölkədə qisasçılıq prosesi gedir. Bəzən günahsız insanlara şər-böhtan ataraq, fikri ora cəmləşdirirlər.
 
Bir çoxları bilir ki, referendumdan sonra ölkədə böyük dəyişiklik olacaq, hazırda vəzifədə olanların bir hissəsi kreslo ilə vidalaşacaq.
 
Buna görə də Prezidentin apardığı islahatlara qoşulmaq istəmirlər. İllər ərzində ona yalan danışmaqlarının üstü açıldı.
 
Sadə bir misal çəkim. Kənd təsərrüfatı naziri deyirdi ki, ölkə özünün kənd təsərrüfatı məhsulları, ətlə təminatını icra edir. Amma bu gün görünür ki, verilən bəyanatların hamısı tərsinə imiş. Bu gün mal ətinin qiyməti 10 manata qalxıbsa, günahkar kənd təsərrüfatı naziridir. Kartofun, soğanın, pendirin, südün, qatığın qiyməti qalxıbsa, deməli, kənd təsərrüfatı naziri dar ağacından asılmalıdır ki, niyə yalan danışırsan.
 
Bütün bunların günahkarı hökumətdir. Prezidentin buyurduqlarına riayət etməyən hökumət. Xalq isə bir şey olanda Prezidentdən yapışır.
 
Prezident təkdir, ətrafındakı qocalar isə çoxdur.
 
İnsanlarda əsəb, stresslər var. Bəzən yerlərdə görüşlər olur, orada qınaq obyektinə tuş gəlirik. Mənə deyirlər ki, niyə bu məmurları müdafiə edirlər. Mənsə bildirirəm ki, mən Prezidentdən başqa heç kimi müdafiə etmirəm. Onsuz da ölkə başçısının mənim müdafiəmə ehtiyacı yoxdur.
 
Prezident gecə-gündüz işləyir, ətrafındakılar isə pul yığır.
 
Hamısı da oğurluqla yığdığı valyutaları xaricə daşıyırlar. Xalqı isə Prezidentdən narazı salırlar”.
 
"Anonim nömrədən zəng edib məni söyürlər, düz də edirlər”
 
Hafiz Hacıyev açıqlamalarının cəmiyyət tərəfindən birmənalı qarşılanmamasına, insanları qıcıqlandırmasına da münasibət bildirib. O deyib ki, buna səbəb hər zaman Prezidenti müdafiə etməsidir:
 
"Bəli, qınayırlar. Sosial şəbəkələri oxuyuram, məni təhqir edirlər, anonim nömrələrdən zəng edərək söyürlər. Mən bunu təbii qarşılayıram. Onlar mənə deyir ki, ölkəni niyə bu günə salırlar? Yaxşı, axı Prezident nə etsin ki, Ziya Məmmədovun "Şəfəq” fermasından gətirilən və 3 ay əvvəl 1,70 manata olan toyuqları bu gün 3,60 manatadır?
 
Camaat bəlkə də məni düzgün tənqid edir, təhqir edir. Mən bunu etiraf edirəm. Mən bəlkə də haqsızam, siz çox düzgün deyirsiniz.
 
Axı Prezident nə etsin ki, bəzi məmurlar harınlaşıb, hər şeyi qurban verirlər. Hərəsi bircə milyard dollarını ortaya qoysun görüm, qoyarlarmı?...
 
Prezident mənim qardaşımdır, axıra kimi də müdafiə edəcəm. Milyard yığanlar imarətlərdə yaşayır, amma mən, axşama kimi çalışan biri kirayədə yaşayıram.
 
Mənə olan tənqid və təhqirləri qəbul edirəm. Bəlkə də mən düz eləmirəm.
 
Biz ölkənin birinci şəxsini qorumalıyıq. Bu gün referenduma çıxarılan məsələlərlə bağlı əksəriyyət susur, danışmağa ehtiyat edir. Hökumət işləməyəndə Prezident islahat aparmalıdır, çıxarıb tökməlidir hamısını”.
 
"İstəsəniz, məni asa da bilərsiniz”
 
Partiya sədri Konstitusiyaya ediləcək dəyişikliklərlə yeni yaradılacaq vitse-prezidentlik postuna iddialıdır:
 
 
"Əgər təsis olunacaq vitse-prezidentliyə hökumətdəki "moşennikləri”, "xışnikləri” qoysalar, yenə həmin şey olacaq. Ora müasir, iqtisadiyyatı bilən, bu günlə ayaqlaşan insanlar gətirilməlidir.
 
Mən arzu edərdim ki, vitse-prezidentlərin biri keçmiş prezident Ayaz Mütəllibov, biri mən, biri müxalifətin digər siması olsun. Biz birlikdə milli barışığa əl ata bilərik.
 
Mənim dediyimi ikinci bir müxalifət partiya sədri deməz. Mən deyirəm ki, vəzifədəkilərin çoxu bir-birindən qız alıb-qız veriblər, kirvədilər, bacanaqdılar, bəlkə də gecəni bir yerdə yatışırlar. Özbaşınadırlar.
 
Konstitutsiya islahatları lazımdır, amma indiki "qocalar evi”ndən, indiki komandadan orda adam olmamamlıdır. Yoxsa yenə Prezidentə xəyanət edəcəklər. Nə oldu Azərbaycana milyardlarla dollar gəlirdi, indi bircə dollar tapılmır. Bunların hamısının səbəbi Prezidentə olan xəyanətlərdir. Ölkə başçısı göstəriş verir, ətrafındakılar buna imkan vermir. Məni də kim söyür söysün, tənqid edən etsin. Bu mənim müqəddəs borcumdur. Millət məni asmaq, güllələmək istəyirsə, mən hazıram, yerini desinlər gəlim”.

Загрузка...
Загрузка...