​Nazirliklərdə şok terapiyası: “paket”lər azaldılır, bir çoxunun pulu kəsilir - ÖZƏL

 
İqtisadi böhran bəzi nazirliklərdə və komitələrdə şok terapiyası yaradıb
 
Politika.Az-ın əldə etdiyi məlumata görə, bəzi dövlət qurumlarında “paket sistemi”nə düzəliş olunub.
 
Ölkədə yaranmış sosial vəziyyət və büdcə gəlirlərinin azalması, dövlətin qənaət rejiminə keçid etməsi “paket”lərin də azalması ilə nəticələnib. Bəzi dövlət müəssisələrində “paket”lər kəsilir, bəzilərinin məbləği azaldılır, bəzilərinə isə bir müddət gözləmək məsləhət olunur.
 
Bu da ciddi şəkildə narazılıq doğurub. Amma dövlət məmurları səsini çıxara da bilmir. Azərbaycanın düşdüyü iqtisadi çətinlik və əhalinin sosial durumunun ağırlaşması bu addımları atmağa sövq edib.
 
Dünənə kimi yağ-bal içində yaşayan, aylıq “paket”lə dolanan və əmək haqqı vecinə olmayan bəzi dövlət məmurları indi “qan ağlayır”. Əslində, manatın 1-ci devalvasiyasından sonra həmin məmurların aylıq pulunda azalma olmuşdu.
 
2-ci devalvasiya onların vəziyyətini də daha da müşkülə çevirdi. Son bahalaşma qərarı və yanvardan yeni iqtisadi siyasətin tətbiqi nazirlik və komitələrdə işləyənlərə 3-cü devalvasiya şokunu yaşadıb.
 
Göründüyü kimi, Mərkəzi Bankın sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifov muradına çatır. İlin sonunda 1 dolların 2 manat olacağı haqda proqnozlar özünü doğruldur.
 
Politika.Az xəbər verir ki, 2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu iki məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrandadır.
 
Mərkəzi Bank və Maliyyə Nazirliyinə yönəlik tənqidlər də artıq faydasızdır. Hər iki qurum manatın məzənnəsini qoruyub saxlanmasında heç bir iş görmür. Ona görə də manatı ucuzlaşır, həyat bahalaşır. Tək yol Şərifovla Rüstəmovun istefasıdır.
 
Bir müddət qabaq da xəbər vermişdik ki, ölkədə postneft dövrünün başlanması bütün dövlət strukturlarında ixtisarları şərtləndirib. Bir sıra nazirliklərdə kütləvi ixtisarların olacağına hazırlıq gedir. Yanvardan bu ixtisarlar daha da kütləvi xarakter alacağı bildirilir.
 
Qaynağımız vurğulayır ki, postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir. Prezident İlham Əliyev də bu sektora təkan verir və müsbət islahatlar həyata keçirir. Lakin komanda daxilindəki bəzi monopolist qüvvələr antiböhran tədbirlərini tormozlayır.
 
Belə ki, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi və bəzi komitələrdə ixtisarlar qeydə alınmaqdadır.
 
Habelə, Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC, Dəmir Yolları QSC, o cümlədən Dövlət Reyestr Xidməti və başqa qurumlarda ixtisarlar var. Məlumatda deyilir ki, Ailə, Qadın və Uşaq Komitəsi, Dövlət İmtahan Mərkəzi, Dövlət Miqrasiya Xidməti və başqa strukturlarda ixtisarlar gözlənilir.
 
Manatın dəfn olunması nəticəsində ölkənin bütün strukturları böhran yaşayır. Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir. Ölkədə sürətlə kütləvi işsizlik yaşanır, bank və maliyyə sektoru çökür, ticarət sahələrində durğunluqdur, özəl və dövlət sektorunda ixtisarlar baş alıb gedir.

Загрузка...
Загрузка...