Nazirlikdən mühüm açıqlama: “45 nəfəri ailəsinə qaytarmışıq”

 
Cari ildə sosial xidmət müəssisələrindən 45 nəfər ailə mühitinə qayıdıb. Hazırda bu müəssisələrdə 1102 nəfər tam dövlət təminatında yaşayır.
 
Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN-nin sosial xidmət müəssisələrində hazırda 1102 nəfər şəxs tam dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar. Həmin insanların 771 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfəri nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında, qalanları ruhi-əsəb əlilləri olduqları üçün psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar.
 
Sosial xidmət müəssisələrindəki şəxslərdən 331 nəfəri isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı altında yaşayırlar. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində bu sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi şərait yaradılıb.
 
Qeyd olunan müəssisələrdə yaşayan insanların daimi qida, geyim və tibbi xidmətlərlə təminatı ilə bərabər, onların potensiallarına uyğun olaraq çoxşaxəli reabilitasiya tədbirlərinə cəlb edilmələri yönündə də müvafiq işlər görülür. Eyni zamanda, de-institusionalizasiya tədbirləri, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq işlər davam etdirilir. Belə ki, cari ildə həmin müəssisələrdən 45 nəfər ailələrinə qayıdıb. Onlardan bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.