​Nazirlikdən 30 min şagirdlə bağlı Açıqlama

"Təhsil üzrə ekspert Nadir İsrafilovun bu il guya 30 min şagirdin ümumi təhsil müəssisələrinə gedə bilməyəcəyi barədə dedikləri yalan informasiyadır və Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib".
 
Təhsil Nazirliyindən Turaninfo.az AzVision.az-a istinadən verilən məlumata görə, nazirliyin rəsmiləri müxtəlif tədbirlərdə ölkədəki müsbət demoqrafiyanı qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər.
 
"Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 877 nəfər qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür".
 
Nazirlik təhsil ekspertinin informasiya verərkən dürüst statistikaya əsaslanmasını, olmayan rəqəmləri şərh etməməsini tövsiyə edib.
 
"O ki qaldı hörmətli ekspertin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə, TQDK-nın aşağıda təqdim olunan statistikası buna ən yaxşı cavabdır.
 
2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda - 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib", - deyə nazirlikdən bildiriblər.