Nazirlik önündə aclıq edən gəncin problemi həll olundu - FOTOLAR

 

 
 
Aqşin Mustafayev: "Sonda haqlı istəyimə nail olduğum üçün sevinirəm"
 
Sentyabrın 14-də saytımızda "26 yaşlı gənc günlərdir, nazirlik önündə aclıq aksiyası keçirir" başlıqlı yazı dərc etmişdik. Həmin yazıda qeyd edilirdi ki, 26 yaşı olan Aqşin Mustafayev 1 həftədən çoxdur ki, aclıq aksiyası keçirir. O, hər gün səhər 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka gəlir və axşam saat 19:00-a qədər orada əyləşirdi.
 
Aqşin aclıq elan edərək, etiraz etməsinin səbəbini belə açıqlamışdı: "Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilmirəm. İşləyirdim, amma artıq işsizəm. "İşsizlik" statusu almaq üçün müraciət etdim. Məni iş tapmaq üçün bir neçə yerə göndərdilər. Orada da vakansiya olmadı. Beləliklə avtomatik işsiz sayılıram və qanuni haqqımı tələb edirəm. Bütün sənədlərimi hazır edəndən sonra müxtəlif bəhanələr gətirməyə başladılar.
 
Binəqədi Məşğulluq Mərkəzi əsaslandıra bilmədiyi "səbəblərdən" müavinəti vermək istəmir. Gah büdcədə pul olmadığını, gah da orta təhsilli vətəndaşlara müavinət verilmədiyini dedilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət də etmişəm. Nazirlik də şikayətimə baxmaq istəmədi. 1 aydan çox vaxt keçdi, amma cavab gəlmədi. Sonradan nazirliyə getdim. Dedilər, məktub itib, gəlməyib. Bezmədim, mübarizə apardım. Məlum oldu ki, müraciətim onlara çatıb, sadəcə yalan danışırlar.
 
Sonda mənə dedilər ki, özün görürsən də, alınmır, pulumuz yoxdur, get başına çarə qıl. Bu vəziyyətin qarşısında ölüm orucuna (müddətsiz aclıq aksiyasına) başlamaq qərarı verdim. Nazirlik və məşğulluq mərkəzinin işçiləri süründürməçiliyi dayandırana qədər hər şey belə davam edəcək".
 
A.Mustafayevin bu addımı öz təsirini göstərdi. Bir neçə media orqanı bu xəbəri dərc etdi. Sosial şəbəkələrdə aktiv olan gənclər Aqşinin səsini daha uzaqlara çatdırmaq üçün onun haqqında yazılmış məqalələri paylaşdılar və nəticə...
 
Artıq A.Mustafayev işsizlik müavinəti alacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində onu qəbul edib, problemlərini həll ediblər.
 
Bu haqda musavat.com-a A.Mustafayev özü məlumat verib: “Şikayətimlə əlaqədar müvafiq dövlət qurumunun rəhbərliyi tərəfindən qəbul olundum. Mənə izahat verildi. Heç bir tələb qalmadı və bununla aclıq aksiyasını dünən, yəni sentyabrın 14-də bitirdim. Aclıq aksiyasına görə bəzi orqanlarımda ağrılar var. Amma sonda haqlı istəyimə nail olduğum üçün sevinirəm. Bu müddətdə mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm".