Nazirlik Nüşabə Əsədovanın işdən çıxarılmasını nə təsdiq, nə də təkzib etdi - ÖZƏL

 
 
Ləğv edilən MTN-nin sabiq generalı Hilal Əsədovun həyat yoldaşı, 14 saylı uşaq poliklinikasının baş həkimi Nüşabə Əsədovanın işdən uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılıb
 
Politika.Az bu məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Lakin nazirliyin mətbuat xidməti N.Əsədovanın işdən çıxarılması ilə bağlı mediada dərc edilən məlumatı nə təsdiq, nə də təkzib etməyib. Nazirlik informasiyanı yarım saat ərzində dəqiqləşdirib məlumat verəcəyini vurğulasa da, gün ərzində məsələyə aydınlıq gətirilməyib. Bu isə N.Əsədovanın işdən çıxarıldığı ilə bağlı məlumatların heç də təsadüf olmadığını, sadəcə hələlik Səhiyyə Nazirliyinin bu informasiyanı təsdiqləmək üçün özündə cəsarət tapa bilmədiyini göstərib.
 
Xatırladaq ki, MTN-dəki yarpaq tökümündən sonra gündəmə gələn N.Əsədovanın hələ bir neçə ay bundan öncə işdən uzaqlaşdırılacağı gözlənilsə də, Səhiyyə Nazirliyi bu istiqamətdə hansısa addım atmağa tələsməmişdir. Görünür, H.Əsədovun istintaqa çağırılması N.Əsədova üçün də ümid yeri qoymayıb və nazirlik “problemli” baş həkimlə yollarını gec də olsa ayrımağa qərar verib.