Nazirlik: Abbas Bağırovun ödədiyi vergi, qazancına uyğun deyil - AÇIQLAMA

 
Müğənni Abbas Bağırovun vergi borcu ilə bağlı iradına  Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov münasibət bildirib.
 
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov Teleqraf.com-a açıqlamasında müğənni Abbas Bağırovun iradlarını qəbul etməyib: “Abbas Bağırov toya 10 minə gedirsə, təbii ki, vergisini ödəməlidir. Musiqçilər də ayrı-ayrı vergi ödəyicilərdirlər. Abbas Bağırov müqavilə əsasında aranjiman və musiqiçilərin qiymətini təqdim etməlidir. Abbas Bağırovun hansı ildə nə qədər vergi ödəməsi konkret rəqəmlərlə göstərilib.  10 min manata getdiyi toya görə ödədiyi vergi olduqca azdır. O, 2015-ci ildə cəmi 700 manat vergi ödəyib”. 
 
Nazir müavini Sahib Ələkbərov mətbuat konnfransında Abbas Bağırovun il ərzində təqdim etdiyi vergini açıqlayıb:“2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1 829 manat, 2008-ci ildə 2 979,5 manat, 2009-cu ildə 351,4 manat, 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə 700 manat, bu il isə bir qədər sıxdıqdan sonra 2 098 manat vergi ödəyib".
 
Müğənni Abbas Bağırov “İnstagram”da Vergilər Nazirlyi tərəfindən 30 min manat dəyərində vergi borcu təyin edilməsinə narazılıq edib: “10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər? Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjimanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı?”.