​Nazirin yarım milyardlıq əmlakı əlindən alınacaq

 
 
Rusiyanın həbs olunan keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev evləri, şəhərətrafı mülklər və torpaq sahələrini qanuni gəlirlərlə aldığını sübut edə bilməsə, onlar dövlətin hesabına keçiriləcək.
 
Axar.az xəbər verir ki, cinayət işi çərçivəsində müstəntiqlər artıq keçmiş nazir və ailəsinə məxsus aktivlər barəsində məlumatlar toplamağa başlayıblar.
 
Keçmiş nazirin xaricdəki hesabları ilə bağlı məlumat yoxdur, amma Moskva və ətrafında ona və ailəsinə məxsus mülklər, torpaq sahələri, evlər və yaşayış kompleksləri var.
 
İlkin məlumata görə, Ulyukayevin varidatı yarım milyard dollara çatır.
 
İstintaq Ulyukayev və qohumlarının hansı gəlirlə bütün bunları əldə etdiklərini araşdıracaq. Əgər rüşvət aldıqları və pul mənimsəmələri ilə bağlı əlaqə sübut edilsə, o zaman əmlakları dövlətə veriləcək.
 
Hazırda keçmiş nazir ev dustaqlığını özünün elit yaşayış kompleksində keçirir.
 
Qeyd edək ki, keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev “Rosneft” şirkətinin nümayəndələrindən 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.