Nazir təyin olunmaq fərmanımı İsa Qəmbər yox, Yaqub Məmmədov vermişdi”

İsgəndər Həmidovdan “Ayaz Mütəllibov dövlət çevrilişi etmişdi” bəyanatı
Keçmiş SSRİ respublikaları sırasında ilk məxməri inqilabdan 24 il keçir. 1992-ci ilin martında prezident vəzifəsindən istefa verən Ayaz Mütəllibov 1992-ci il mayın 14-də qəflətən ətrafına güc toplayaraq geri dönmüş və Ali Sovetin tribunasından özünü prezident elan etmişdi.
 
Mütəllibovun bu qayıdışı o dövrdə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsinin çox ciddi təzyiqi ilə qarşılaşmışdı. AXC-nin təşkilatçılığı ilə Ali Sovetin qarşısında mitinqlər başlanmış və mayın 15-də Mütəllibovun ikinci dəfə gedişinə nail olunmuşdu. O vaxtdan indiyə qədər Mütəllibov dəfələrlə bəyan edib ki, onu Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətdən uzaqlaşdırıb. Aradan 24 il keçib eks-prezident və tərəfdarları hələ də bu fikirdə qalırlar.
 
14-15 may hadisələrinin ən aparıcı fiqurlarından olmuş keçmiş daxili işlər naziri İsgəndər Həmidov isə “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, 1992-ci ilin mayın 15-də AXC-nin dövlət çevrilişi etdiyi barədə iddialar yanlışdır: “Əslində dövlət çevrilişini Ayaz Mütəllibov mayın 14-də həyata keçirmişdi. Ayaz Mütəllibov 1992-ci ilin martında səhhətinə görə prezident vəzifəsindən istefa vermişdi. Prezident səlahiyyətini Ali Sovetin sədri Yaqub Məmmədov həyata keçirirdi. Təxminən iki ay sonra-mayın 14-də Ayaz Mütəllibov qəfildən geri dönərək güc yolu ilə Ali Sovetin binasına daxil olmuş və hakimiyyətə qayıtdığını elan etmişdi. O zamankı konstitusiyada istefa vermiş prezidentin sonradan geri qayıdıb özünü prezident elan etməsi nəzərdə tutulmurdu.
 
Mütəllibov isə həmin addımı atmaqla konstitusiyanı pozmuş və dövlət çevrilişi etmiş oldu. Ayaz Mütəllibov və tərəfdarları açıq-aşkar şəkildə dövlət çevrilişi etmişdilər. Ölkədə dövlət çevrilişi həyata keçirildiyini görən xalq və onun aparıcı qüvvəsi Xalq Cəbhəsi Konstitusiyanın bərpasına nail olmaqdan ötrü Ali Sovetin qarşısına yürüş-mitinq elədi. Bu yürüş-mitinq dövlət çevrilişi deyildi, dövlət çevrilişinin qarşısını almaq cəhdi idi. Xalqın etirazı ilə Ayaz Mütəllibov cəmi bircə gün sonra getməli oldu. Ayaz Mütəllibovun ölkədə dövlət çevrilişi etməsinə etiraz eləyən xalqın ön sıralarında getdiyimizə görə biz qətiyyən heç vaxt peşmançılıq hissi keçirməmişik”.
 
İ.Həmidov onu da qeyd etdi ki, AXC-nin 15 mayda gedişindən sonra-mayın 17-də hakimiyyətə gəldiyi barədə deyilənlər düzgün yanaşma deyil: “Əvvəldən nəzərdə tutulduğu kimi prezident seçkiləri iyunun 7-də keçirildi. AXC-nin namizədi Əbülfəz Elçibəy prezident seçiləndən sonra AXC hakimiyyətə gəldi. Ayaz Mütəllibovun mayın 15-də gedişindən bir gün sonra Yaqub Məmmədov Ali Sovetin sədri vəzifəsindən istefa verdi və mayın 17-də deputat İsa Qəmbər səsvermə ilə Ali Sovetin sədri seçildi. Bunu bizim-AXC-nin hakimiyyətə gəlişi saymaq yanlışdır. İsa bəy prezident səlahiyyətlərini icra etsə də, Xalq Cəbhəsi hakimiyyətdə deyildi. Xalq Cəbhəsi Elçibəyin prezident seçilməsi və Elçibəyin yeni hökumət formalaşdırması, yeni təyinatlar həyata keçirməsi ilə hakimiyyətə gəldi. İsa Qəmbər prezident səlahiyyətlərini icra etdiyi 1 aya yaxın müddətdə heç bir yeni nazir təyinatı həyata keçirməmişdi. Əvvəlki hökumət yerində qalırdı. İsa bəy prezident səlahiyyətlərini icra etdiyi dövrdə hökumətdə onun yeganə kadrı daxili işlər naziri olaraq mən idim. Qalan bütün nazirlər, komitə sədrləri əvvəldən işləyənlər idi. Onlar Əbülfəz bəy prezident seçiləndən sonra dəyişdirildi. Mənim özüm belə, İsa Qəmbərin fərmanı ilə nazir təyin olunmamışdım. Mənim daxili işlər naziri təyin olunmağım barədə fərmanı Yaqub Məmmədov istefa verməmişdən öncə-mayın 16-da vermişdi. Bu Xalq Cəbhəsi ilə danışıqlar nəticəsində atılan addım idi”.