Nazir oğlu Trampın qızını Bakıya gətirir - Politika.Az-dan eksklüziv

 
Nəqliyyat nazirinin oğlu sensasiyaya imza atmağa hazırlaşır
 
Bu barədə Politika.Az-a mötəbər mənbələrdən xəbər daxil olub.
 
Məlumata görə, iş adamı Anar Məmmədov ABŞ-ın yeni prezidenti Donald Trampın qızını Azərbaycana gətirməyi planlaşdırır.
 
Nazir oğlu yeni prezidentin qızı İvanka Trampı işgüzar əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə ölkəmizə dəvət etmək fikrindədir.
 
İvanka Tramp 2014-cü ildə Bakıda olub. Aradan 2 il keçir və bu dəfə prezident qızı kimi Bakıya gələ bilər.
 
İvanka "Trump International Hotel & Tower Baku"nun inşasına nəzarət edirdi. Prezidentin qızının səhifəsində də qeyd edildiyi kimi, o, layihənin gedişini yoxlamaq üçün Azərbaycanın əyləncəli şəhəri Bakıya səfər edib.
 
Prezidentin qızının internet səhifəsində qeyd edildiyi kimi, Xəzərin sularından "ilham alan" bina yelkəni xatırladan forması və interyeri mürəkkəb və müasir olub.
 
Qərbi Asiyanın və Şərqi Avropanın sərhədlərində yerləşən Bakı qədim ənənələrə əsaslanır. Otellər layihəsinin icrası isə 2015-ci ildə başa çatıb. Prezidentin qızı paytaxtımızda fotolar da çəkdirib.
 
Politika.Az-ın xəbərinə görə, artıq həmin hotellərin açılışı mümkündür. Ona görə də yaxın gələcəkdə İvankanı ölkəmizdə bir daha görmək mümkün olacaq.
 
A.Məmmədov isə papağını göyə ataraq sevincək ovqatdadır. İddialara görə, nazir oğlu Trampın qələbəsinə ziyafət verib. Məmmədovlar klanı üçün tramplin yaranıb.
 
Bir çoxları inanır ki, Anar Məmmədovla Donald Trampın illərə dayanan biznes tərəfdaşlığı və şəxsi dostluğu gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək.
 
İqtidar mediası yazır ki, ABŞ-da Azərbaycan dövlətinin siyasətinin düzgün təbliği nəticəsində son illərdir ki, erməni diasporunun ölkəmizə qarşı apardığı çirkin kampaniyanın qarşısı alınıb.
 
Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə ABŞ-da dəfələrlə xeyriyyə kampaniyaları, Azərbaycan mədəniyyətinin, incəsənətinin, mətbəxinin nümayiş etdirildiyi sərgilər keçirilib.
 
Politika.Az-ın xəbərinə görə, ADP sədri Sərdar Cəlaloğlu da bu fikirdədir. Onun sözlərinə görə, Məmmədovların xilası üçün sürpriz hadisə qeydə alınıb:
 
“Trampın Azərbaycan iqtidarından olan Ziya Məmədovla əlaqaləri, müştərək bir otelleri var idi. Bu, hakimiyyət üçün müəyyən problem yarada bilər.
 
Hakimiyyət o klana vurduğu ziyanı kompensasiya etmək üçün müəyyən güzəştlərə gedə bilər. Bu da hakimiyyətdə yeni dispozisiya yaradacaq, qüvvələrin yerdəyişməsinə səbəb olacaq.
 
Dünənə qədər Ziya Məmmədovun əlindən bütün səlahiyyətləri alınmışdı. Sadəcə, bu prezident seçkilərinin nəticələri gözlənilirdi ki, əgər Tramp seçilməsə, bəlkə bunlar silinəcəkdi, repressiya olunacadı.
 
Artıq Tramp hakimiyyətə gəldiyi halda, Ziya Məmmədovun klanı kifayət qədər güc əldə etmiş oldu. Çox güman ki, hakimiyyət həmin klanla yenidən barışacaq. Bəlkə də Amerika ilə daha sıx əlaqələr qurmaq üçün həmin klan Azərbaycanda daha da üstün bir gücə malik olacaq”.