Nazir Lerikin maliyyə şöbəsini ləğv edir - İlginc korrupsiya

 
 
Lerik rayon Maliyyə Şöbəsi ləğv olunur
 
Politika.Az xəbər verir ki, bu barədə rayondan redaksiyamıza bildirilib.
 
Maliyyə naziri Samir Şərifov ucqar dağ rayonunda maliyyə şöbəsinin bağlanmasında qərarlıdır. Buna səbəb həm şöbədəki maxinasiyalar, həm də struktur islahatlarına hazırlıqdır. Artıq şöbənin əməkdaşları da çamadan ab-havasındadır.
 
Şöbə rəisinə qeyri-rəsmi xəbərdarlıq olunub ki, möhür-ştampını götürüb getməyə hazırlaşsın. Çox güman ki, regional idarə yaradılacaq və mərkəz Lənkəranda fəaliyyətə başlayacaq.
 
Habelə, rayon maliyyə şöbəsinin rəisi ciddi maliyyə maxinasiyalara yol verib. İrimiqyaslı qanun pozuntusuna yol verən Elman Abbasov bəzi maliyyə məsələləri Fəxrəddin Əliyevin direktoru olduğu «DİCO» MMC-nin vasitəsilə həyata keçirib.
 
«DİCO» MMC-nin Lerik rayon Maliyyə İdarəsinin elan etdiyi tenderlərin demək olar ki, böyük əksəriyyətinin qalibi olub. Məlumatlı şəxs iddia edir ki, həmin tenderlərlə bağlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verilməyib.
 
Politika.Az-a daxil olan xəbərdə deyilir ki, leriklilərin çoxu sözügedən tenderlərin qeyri-şəffaf təşkil olunduğu qənaətindədir.
 
“DİCO» MMC Lerikdə az qala bütün sahələr üzrə satınalmalarda iştirak edir və tenderlərin əksəriyyətindən qalib kimi ayrılır. Elə bu səbəbdən də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tez bir zamanda Lerik rayon Maliyyə Şöbəsinin və onun rəisinin fəaliyyətini araşdırıb. Lerikin təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü şəkildə xərclənmir.
 
Bu pulların hara və hansı məqsədlər üçün xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilir. Həmin vəsaitlərin silinməsi üçün təkcə maliyyə idarəsi müdirinin deyil, həmçinin DİCO» MMC-nin direktoru Fəxrəddin Əliyevin də rolu var.
 
Bunun da nəticəsində külli miqdarda vəsait rayonda söz sahibi olan Elman Abbasov və onun yaxın adamı Fəxrəddin Əliyev arasında bölüşdürülüb. Maliyyə nazirinə məruzə olunan bu faktlardan sonra şöbənin ləğvi gündəmə gəlib. Eyni prosesin başqa rayonlarda da yaşanacağı istisna edilmir.