Nazim İbrahimov: “Bütün imkanlarımızı səfərbər etmişik”

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlar Azərbaycan xalqının hər bir nümayəndəsi kimi, xaricdə yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub. Azərbaycan diaspor təşkilatları Avropada, Amerikada, MDB məkanında, ümumiyyətlə dünyanın müxtəlif ölkələrində bununla bağlı etiraz aksiyaları, məlumatlandırma kampaniyaları təşkil edirlər.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov verdiyi açıqlamasında bildirib.
Komitə sədri qeyd edib ki, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərilir: "Dünya ictimaiyyətinin baş verənlər barədə dolğun və obyektiv məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək. Hesab edirik ki, bu tarixi məqamda harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz milli-mənəvi məsuliyyətini dərindən dərk edir".
N.İbrahimov deyib: "Dünya Azərbaycan xalqının nə qədər güclü və həmrəy bir xalq olduğunu bir daha görəcək. Azərbaycan prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünya bilməlidir ki, Azərbaycan xalqı bu haqsızlıqla, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq. Bir daha üzümüzü xaricdə yaşayan həmvətənlərimizə tutaraq bu çətin və şərəfli tarixi məqamda öz doğma Vətəni naminə bütün imkanlarını səfərbər etməyə çağırırıq. Bu elə bir tarixi andır ki, biz hər birimiz Azərbaycan Prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı ətrafında daha sıx biləşməliyik".