Nazim azərbaycanlı qızlara: “Erkəkləriniz...”

 
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
 
Axar.az professorun Nazim Hikmətlə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:
 
Nazimlə Lütfəli Abdullayevin görüşü
 
Nazim Hikmət Bakıda olarkən ziyalı dostları onu hökmən qonaq aparırdılar. Bir dəfə o, məşhur aktyor Lütfəli Abdullayevin qonağı olur. Şəmsi Bədəlbəyli, Süleyman Rüstəm, Səid Rüstəmovla evə yaxınlaşanda mənzilin 4-cü mərtəbədə olduğunu bilib evə qalxmaqdan qəti imtina edir. “Ürəyim xəstədir, mənə olmaz”, - deyir. Lütfəli belə hörmətli bir qonağı “boş” səbəbdən ötrü buraxa bilməzdi. Odur ki, bir kreslo gətizdirir, şairi oturdub cavanlara onu 4-cü mərtəbəyə qaldırtdırır. Nazim Hikmət beləcə məşhur aktyorun da qonağı olur.
 
Bu zalım hələ çox yaşayacaq...
 
Mikayıl Rəfili Moskvada dostu Nazim Hikmətin qonağıdır. Yeni il gecəsi evdə qurulmuş bu məclisdə hər ikisi şənlənir: Mikayıl müəllim çoxlu şeir deyir, nikbinlik çağlayan şən sağlıqlar söyləyir. Nəhayət, çox şıdırğı Azərbaycan xalq rəqsləri ifa edib oynayır. Son illər tez-tez xəstələnən, dərmanlardan heç ayrılmayan Nazim Hikmət ona baxıb qüssə, bir az da həsədlə düşünür: “Bu zalım hələ çox yaşayacaq, məni də bu yola salacaq”. Amma bu Yeni il şənliyindən az bir müddət keçmişdi ki, Rəfilinin ölüm xəbərini alır və dost xatirəsinə çox yanğılı şeirini yazır: həmin görüşləri ilə bağlı düşüncələrini səmimi tərzdə etiraf edir.
 
Bu evi mənə Nazim Hikmət verib...
 
Nazim Hikmət Bakıya tez-tez gələr, Azərbaycan yazıçılarının qonağı olardı. Səmimi, gözəl şeirlər müəllifi olan gənc şair Nəriman Həsənzadənin istedadını yüksək qiymətləndirən Nazim Hikmət onun ailəli olduğunu, lakin yaşamağa evi olmadığını öyrənir və ev məsələsini yüksək dairələrdən xahiş edir. Nəriman Həsənzadə də yenicə doğulan oğlunun adını böyük şairə və onun nəcib qəlbinə ehtiram əlaməti olaraq Nazim qoyur. O gündən də hər yerdə “bu yaşadığım evi mənə Nazim Hikmət verib”, - deyə təkrar etməkdən yorulmur.
  
 
Daha çağırma Məhmədi...
 
Nazim Hikmətin vətəndə buraxıb gəldiyi həyat yoldaşı Münəvvərə və oğlu Məhmədə yazdığı həsrətli şeirləri var. Şair daim özü üçün çox əziz olan bu iki şəxsin əlçatmazlığını qəlb ağrısı ilə keçirmiş, şeirlərində, xüsusən Məhmədə “gəl...gəl...” nidaları ilə hayqırmışdı. Nazimin ölümünə yazdığı şeirdə Rəsul Rza bir ağı tərzində “daha çağırma Məhmədi...” deyərkən, atasının yaradıcılığına həssas yanaşan yazıçı Anar hər zaman olduğu kimi, indi də öz fikrini bildirməyə çalışır. Nazimin qəlb həyəcanlarını yaxşı duyan Anar onun ailəsindən yana çəkdiyi hər zamankı iztirablarını nəzərdə tutaraq “niyə çağırmasın ki”, - deyə soruşduqda, Rəsul Rza özünəməxsus hövsələsizliklə “indi daha qəbrinəmi çağırsın?!” - deyə kəskin cavab verir.
 
Bəs sizin erkəkləriniz nərədə?
 
Nazim Hikmət Moskvada yaşasa da, Bakıya tez-tez gəlirdi. Vətəndən ayrı düşən və oraya dönə bilməyən şair Bakıda özünü evindəki kimi hiss edirdi. Bir də Bakı onun üçün elə bir şəhər idi ki, o şeirlərini burada yazdığı kimi, türkcə oxuyurdu. Belə gəlişlərin birində Gəncəyə gedirlər. Yazın gözəl günlərindən biri idi: yolun sağı da, solu da çiçək açmış yamyaşıl pambıq tarlaları. Al-əlvan geyinmiş qızlar, gəlinlər (bu həqiqətən belədir; saya, sadə paltar geyinən şəhərlilərə rəğmən, kənd qızları ala-bəzək və şux rənglərə üstünlük verirlər) dəstə-dəstə cərgələrin arasında pambığa qulluq edirlər. Mənzərə çox təbii və canlı idi; şair özünü saxlaya bilmir, maşını dayandırır, düşüb əməkçilərin yanına gedir. Qızlar həmən bu əziz qonağı əhatə edirlər. Nazim Hikmət onlara “ah! ah! bu işlər ağır deyilmi, təkbaşına necə bacarırsınız? Bəs sizin erkəkləriniz nərədə? “Erkək” sözünü eşidən qızlar utanıb başlarını aşağı salır, səsləri çıxmır. Şairin yanındakı yerli şairlərdən biri Nazimə burada “erkək” qoça deyildiyini, qızların da buna görə utanıb tutulduqlarını çatdırır.     
 
 
Nazim bəy, biz yazıçıların birliyi olmaz...
 
Nazim Hikmət hər Bakıya gəlişində hökmən Yazıçılar İttifaqına gələrdi. Bir gün onu İttifaqın qapısında qarşılayan aydınlarla görüşərkən ayaq saxlayıb bir az söhbət edir. Qapının üstünə yazılmış “Azərbaycan Yazıçılar İttifaqı” lövhəsini göstərərək “ittifaq nə deməkdir?” - deyir. “İttifaq - birlik deməkdir”, - deyə, şairə cavab verirlər. “Elə isə yazın Yazarlar Birliyi”, - deyən şairə zarafatyana “Nazim bəy, biz yazıçıların birliyi olmaz ki...” - cavabını verirlər.
 
Nazim Hikmət nümunəsi
 
Nazim Hikmət həqiqətən yaraşıqlı olub. Həm də çox zövqlə geyinərdi (nahaq yerə ona “mavi gözlü dev” demirdilər ki...) Moskvada yaşayarkən bu böyük və qədim şəhəri artıq fəhlə-kasıb hökuməti əhalisi təmsil edirdi. O isə istəyirdi ki, hər kəs də onun kimi zövqlə geyinsin. İş yerindən xeyli aralıda maşınını saxlatdırar, qalan yolu piyada gedərmiş. İstəyirmiş ki, xalq da ona baxıb gözəl geyinsin. Həqiqətən, o, uca və mütənasib qamətinə gözəl yaraşan son dəbli kostyumunda hər kəsə bir örnək idi.
 
Nazimin oğulluğa götürdüyü Çingiz Fərəcov
 
Müharibə dövründə özü kimi yetim qardaşları ilə uşaq evinə verilən Çingiz bəyi digər uşaqlarla Moskvaya aparırlar. Müəllimləri Dilarə Salmanova hər bir uşağa şeir əzbərlətmişdi. Uşaqlar Moskvada Yazıçılar Birliyinə gedib, növbə ilə əzbərlədikləri şeirləri oxumuşdu. Balaca Çingiz alqışlanarkən ön sıradan uzun boylu, qıvrım saçlı birisinin ona yaxınlaşdığını görür. Uzun boylu bu adam Çingizi qucaqlayıb öpməyə başlayır, “Məni tanıyırsanmı”, - deyə soruşur və ardınca “oxuduğun şeiri mən yazdım”, - deyir, haradan gəldiyini xəbər alır. Uşağın yetimxanadan olduğunu bilib, onu dönə-dönə qucaqlayır. ”Mənim də sənin yaşlarında bir Məhmədim var, amma çox uzaqlardadır”, - deyir. Bundan sonra özü ilə Moskvanı gəzdirir, ona təzə paltar alır, nəhayət, müəllimlərinə onu övladlığa götürmək istədiyini deyir. Nazim Hikmətin rahat evində uşaq rahatlıq tapmır, rus dili bilməməsi ona məktəbi zindana çevirir. Başlıcası isə doğma şəhərindən ötrü darıxır. Nəhayət, yük qatarında qaçıb Şuşaya yetişir. Lakin əlaqələr kəsilmir və şair vəfat edərkən müəllimi ilə bərabər, onu son mənzilə yola salmaq üçün Moskvaya gəlir, şairin türkiyəli xanımı və oğlu ilə birgə vida mərasimində iştirak edir”.
 
Nazim Hikmət və Qalya
 
Nazim Hikmətin şəxsi həkimi var idi. Sovet dövlətinin ona təhkim etdiyi və hər yerdə şairi müşayiət edən bu gözəl - Qalya xanım tezliklə onun həm də qadını olur. Nazim Hikmətin daha sonra sevib, seçib evləndiyi Vera Tulyakovaya nisbətdə Qalya şairi daha çox sevirdi. Onlarla qısa da olsa, müəyyən vaxt yaşamış şairin oğulluğa götürdüyü Çingiz Fərəcov xatırlayır ki, Qalya Nazim Hikmətə ürəkdən qulluq edir, sevə-sevə ona baxırdı. Şair yorğun olduqda bədəninə xırdalanmış meyvə və tərəvəz qarışığından məlhəm çəkir, onu rahatladırdı.