Nazik siqaretlərin satışı qadağa edilir

Nazik siqaretlərin satışı məhdudlaşdırıla və ya qadağan edilə bilər. Bu təkliflə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış etmək niyyətindədir.
ANSPRESS bildirir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Qəzetdə yer alan məlumata görə, bu il noyabr ayının 7-dən 12-dək Hindistanın Delhi şəhərində ÜST-ün tütünə qarşı mübarizə çərcivə konvensiyası tərəflərinin konfransı olacaq. Məhz bu iclasda qeyd edilən məsələ qaldırıla bilər.
Qəzet işçi qruplardan birinin hesabatını əldə edə bilib. Hesabatda dizayn elementləri ilə daha cəlbedici hala gətirilən siqaretlərin satışına qadağan və ya məhdudiyyət qoyulması təklif edilir. Onların sırasına diametri azaldılan (slims, super slims, ultra slims) və filtrinin içərisinə xüsusi qoxu verən kapsullar yerləşdirilən siqaretlər daxildir.
Sənəddə qeyd edilir ki, nazik siqaretlər daha çox qadınları cəlb etmək üçün istehsal edilir.
Son zamanlar qeyd edilən siqaretlərdən istifadə edənlərin də sayı artıb. Belə ki, “Kommersant” yazır ki, Azərbaycanın şimal qonşusu olan Rusiya bazaraında nazik siqaretlərin payı 40,6 faizə çatıb. Üç il öncə isə bu rəqəm 24,3 faiz olub.