NAXÇIVANLILAR İLHAM ƏLİYEVDƏN İMDAD DİLƏYİR

Baxış sayı: 
143
0  
0  

“Naxçıvan sakinləri sözün əsl mənasında çörəklə sınağa çəkilir”

“Rəhbərlik nə Bakıdan, nə də qonşu Türkiyə ilə İrandan ərzaq gətirilməsinə imkan vermir. Səbəb isə Vasif Talıbovun və onun yaxın ətrafının Böyük düz deyilən ərazidə salınmış istixana və plantasiyalarında yetişdirilən meyvə-tərəvəzi bizə istədikləri qiymətə sırımaqdır”

“Hürriyyət”in redaksiyasına gələn bir qrup Naxçıvan sakini qəzetimiz vasitiəsilə ölkə başçısı İlham Əliyevə müraciət etdilər. Onların müraciətini olduğu kimi çatdırırıq:

“Neçə illərdir məlum səbəblərdən blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bu gün ərzaq blokadasına da alınıb. Naxçıvan sakinləri sözün əsl mənasında çörəklə sınağa çəkilir. Yayın ikinci ayını yola salmağa hazırlaşdığımız bir vaxtda Naxçıvanda yay nemətlərini az qala “qan bahasına” alırıq.

Belə ki, Bakıda 30 qəpiyə satılan pomidora Naxçıvanda 2 manat - 2 manat 50 qəpik, xiyara 1 manat - 1 manat 50 qəpik, soğana 60-80 qəpik, kartofa 80 qəpik - 1 manat arası qiymət qoyulub. Meyvə və səbzələrə isə ümumiyyətlə yaxın düşüləsi deyil, qiymətlər od tutub yanır. Günün günorta çağı bizi soyurlar.

Su qıtlığı (su ancaq Vasif Talıbovun və onun yaxın ətrafının taxıl zəmilərini suvarmaq üçün tapılır) yerli əhalininin əkin-biçinlə məşğul olmasına imkan vermir, kran suyu ilə suvarılan məhdud əkin sahələri isə yanıb külə dönür.

Respublika rəhbərliyi nə Bakıdan, nə də qonşu Türkiyə ilə İrandan ərzaq gətirilməsinə imkan vermir. Səbəb isə Vasif Talıbovun və onun yaxın ətrafının Böyük düz deyilən ərazidə salınmış istixana və plantasiyalarında yetişdirilən meyvə-tərəvəzi bizə istədikləri qiymətə sırımaqdır.

Bütün bu haqsızlıqlardan, ədalətsizlikdən cana doysaq da, şikayət etməyə yerimiz yoxdur. Çünki Ali Məclisin baş kürsüsündə Vasif Talıbov əyləşib, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə onun qudası rəhbərlik edir, digər dövlət qurumları da onun yaxın qohumlarının əlindədir.

Muxtar Respublikada işsizlik, korrupsiya, rüşvətxorluq ayaq açıb yeriyir. Əksər naxçıvanlılar dolanışıq dərdindən evlərini, doğma yurd-yuvalarını tərk edib qonşu Türkiyəyə, İrana, Rusiyaya üz tutur, orada fəhləlik edib çətinliklə də olsa, ailələrini dolandırırlar. Naxçıvan getdikcə boşalır, sanki bədxah qonşularımıza qucaq açır. Bizi ən çox ağrıdan isə odur ki, bütün bu acıları bizə yaşadan düşmən deyil, öz xalqımızın nümayəndələri, öz azərbaycanlılarımızdır.

Buradan dövlət başçısı İlham Əliyevə müraciət edib, ondan ondan soruşmaq istəyirik: “Məgər biz Azərbaycan vətəndaşı, azərbaycanlı deyilik? Məgər Naxçıvan Azərbaycan torpağı deyil? Nədən bizə qarşı edilən haqsızlıqlara göz yumulur, günahkarlar cəzalandırılmır?”

Bu gün Naxçıvan ölümün cənginə buraxılan Muxtar Respublikadır. Ölkə prezidentindən bu özbaşınalığa son qoyulması, Naxçıvan əhalisinə divan tutan məmurları cəzalandırılması üçün zəruri göstərişlər verməsini xahiş edirik”.

P.S. Bizə müraciət edən vətəndaşların fotosunu çəkmək istədik. Bunu eşidəndə qorxudan elə hala düşdülər ki, onlara baxanda ürəyimiz ağrıdı.

Qəzetimiz bu vaxta qədər dəfələrlə muxtar respublikadakı özbaşınalıqlardan yazıb. Zənnimizcə, son iki yazımızı xatırlatsaq, kifayətdir. Bu ilin 16 aprelində təqdim etdiyimiz "İŞIQLIDIR LAMPALARI KOLXOZUN": NAXÇIVANSAYAĞI LAMPA BİZNESİ” başlıqlı məqalədə “kiçik torpaq”da dədə-baba lampalarının satışına qadağa qoyulmasından, əhalinin icbarı metodlarla Bakıda 40-50 qəpiyə, Naxçıvanda isə 2-2.5 manata satılan LED lampalarına yönləndirildiyindən söhbət açılırdı. O da qeyd edilirdi ki, əhalinin Muxtar Respublikaya başqa yerlərdən lampa gətirilməsinə də izn verilmir. Yalnız təyyarə ilə Bakıdan gələnlərin özləriylə 5 ədəd lampa gətirmək haqqı var. İrandan və Türkiyədən gələnlərə isə bu haqq da çox görülür.

Bir ay sonra, mayın 16-da çap edilən “AZƏRBAYCAN QANUNLARI NAXÇIVANDA İŞLƏMİR”adlı yazıda isə Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasına rəğmən, Muxtar Respublikada tətbiq edilən bir sıra qanunların (məsələn, Bakıdan Naxçıvana noutbuk aparmaq, motosiklet sürmək, evində tәndirdən istifadə etmək, hәrbiçilәrә mülki geyimdә olsalar belә, avtomobil idarə etmək, eyvandan paltar asmaq, çayxana və yas yerlәrindә siyasi söhbәtlәr aparmaq olmaz. Bundan başqa, Muxtar Respublikada vətəndaşların öz evlərini satması, qadınların saçını boyaması, gənc oğlanların uzun saç saxlaması, yerli radiolarda xarici musiqilərin səsləndirilməsi qəti şəkildə qadağandır), o cümlədən qeyri-rəsmi qaydaların onu ölkənin paytaxtından və digər bölgələrindən kəskin şəkildə fərqləndirdiyindən bəhs edilirdi.

Naxçıvan Muxtar Respublikasının daxilində hökm sürən bu “qayda-qanun”la tanışlıq adamı heyrətə gətirir. Belə bir təəəssürat yaranır ki, Naxçıvan ölkə daxilində ayrıca bir ölkədi, krallıqdı. Sual olunur: Vasif Talıbova bu səlahiyyəti kim verib?

Soydaşlarımızın bu acınacaqlı durumu bir vətəndaş kimi bizi narahat etməyə bilməz. Üstəlik, Naxçıvan kimi sərt təbiətli, strateji cəhətdən önəmli və təhlükəli bir ərazidə yaşayan, hər cür mərhumiyyətə sinə gərərək öz doma el-obasına sadiq qalan qan qardaşlarımızın və bacılarımızın harayına dövlət başçımızın ən tez zamanda səs verəcəyinə və müqəddəs Naxçıvan torpağında ədalətin bərqərar olacağına ümid edirik.

Загрузка...
Загрузка...