Naxçıvanda qaya qopdu və görün nə tapıldı

 
Naxçıvanda qaya qopdu və görün nə tapıldıCulfa rayonunun Xanəgah kəndi yaxınlığında qaya təsvirləri aşkar olunub.
 
Bu günlərdə Culfa rayonunun Xanəgah kəndi yaxınlığında (Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb. Bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib.
Hurriyyet.org Naxçıvanın "Şərq qapısı" qəzetinə istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Məlumat üçün onu da qeyd edək ki, çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edib. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada, həyatı, həyat ağacını simvolizə edib.
Vəli Baxşəliyevin fikrincə, qaya parçasının üzərindəki qaya işarələrinin iki təsvirini e.ə. II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, orta əsrlərə aid etmək olar.