Naxçıvan MTN-nin şefi yenidən təhqir olunub

Vüqar Xasayev: “Vəli Ələsgərovdan vəkillərdən imtina etmək tələb olunur”
Aprelin 29-da səhər saatlarında Naxçıvan Muxtar Respublikasının(MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovu istintaq təcridxanasına aparıblar. Orada Vəli Ələsgərov təhqir olunub, alçaldılıb. Bu haqda Azadliq.info-ya V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib. Vəkil deyib ki, bu haqda məlumat alandan dərhal sonra ombudsmanla əlaqə saxlayıb, Baş Prokurorluğa qanunsuzluq haqda məlumat verib: “Bizim mətbuata açıqlamalarımızdan sonra bu gün yenidən xüsusi təyinatlılar Vəli Ələsgərovun qollarına qandal vuraraq müstəntiq Pərviz Hüseynovun hüzuruna aparıblar. Ona hədə gələrək vəkilərdən imtina etməsi tapşırılıb. Əks halda barəsində CM-nin daha iki maddəsi üzrə ittiham irəli sürüləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi barədə xəbərdarlıq edilib. Saat yarım işgəcələrdən sonra yenidən evinə qaytarılıb ”.
Vəkil həmçinin bildiib ki, Eldar Mahmudov nazir olan zaman Vəli Ələsgərova Naxçıvan Respublikasının Ali Məclisinin sədri Vasif Talıbobv və onun ailə üzvlərinin dinlənilməsi barədə göstəriş verilib. O, isə buna əməl etməkdən imtina edib. Bundan sonra Eldar Mahmudov özü Vəli Ələsgərov barəsində kompramatlar toplayaraq Vasif Talıbova göndərib. MTN ətrafındakı olaylardan sonra onun barəsində çirkin kampaniya başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
Xatırladaq ki, Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəzilik naziri olub. Həbsindən bir neçə ay əvvəl ona general-leytenant rütbəsi verilib.