Naxçıvan “Beriyası” həbs olundu, növbə Eldar Mahmudova çatır?

Bir neçə həftə öncə Naxçıvanda muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs edilib.
Virtualaz.org xəbr verir ki, bu haqda “Azadlıq” qəzetinin bir neçə gün əvvəl yaydığı məlumat “Turan” agentliyinin Naxçıvandakı mənbələrindən təsdiqlənib.
Vəli Ələsgərov barəsində indiyədək dəqiqləşdirilməmiş çoxsaylı məlumatlar o cümlədən onun həbs edildiyi, yaxud ev dustaqlığında saxlanıldığı barədə məlumatlar yayılırdı. Lakin belə görünür ki, bu dəfə məlumat dəqiqdir və Naxçıvan “Beriyası” artıq dəmir barmaqlıqlar arxasındadır.
Həbsin formal səbəbi  Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsidir. Lakin Naxçıvandakı mənbələr “Turan”-a bildiriblər ki, əsl səbəb V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır.
Yerli mənbələr həmçinin bildiriblər ki, V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb. “Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb”, - Naxçıvandakı məlumatlı mənbə bildirib.
Bundan əlavə, Naxçıvan şəhərində V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Bata-bat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib.
Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.
Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var.
Belə görünür ki, V.Ələsgərovun həbsi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun başı üstündə buludların daha da sıxlaşması deməkdir. Bir neçə gün əvvəl məlum olub ki, E.Mahmudova məxsus biznes subyektləri fəaliyyətini dayandırıb, onun oğlunun Bakıdakı avtosalonları bağlanıb. Habelə maliyyə naziri Samir Şərifova qarşı “agent dosyesi”nin mətbuata yayılmasının arxasında E.Mahmudovun dayandığına dair ciddi şübhələr və arqumentlər var. Ehtimal olunur ki, məhz bu təxribat E.Mahmudovun həbsinə aparan prosesləri sürətləndirib.