​NATO özündə cəsarət tapmadı – Deputat

 
Bu gün NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən növbəti sessiyası çərçivəsində iqtisadiyyat və müdafiə komitəsində Fransadan olan təmsilçi Jean Marie Bockel “NATO-nun müdafiə xərcləri” mövzusunda məruzə ilə çıxış edib.
 
Bu barədə APA-ya Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, deputat Qüdrət Həsənquliyev məlumat verib.
 
Q. Həsənquliyev bildirib ki, məruzə əsasında isə eyni adlı qərar layihəsi hazırlanıb.
 
“Çox təəssüf ki, məruzədə və qərar layihəsində bizim regionla bağlı Gürcüstan və Ukrayna münaqişələri barədə məlumat verilib, bu münaqişələrin regionda təhlükəsizliyə təhdid olduğu qeyd edilsə də, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Moldovadakı problem barədə bir cümlə də yazılmayıb” deyə, Həsənquliyev vurğulayıb.
 
Deputat xatırladıb ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bununla bağlı əvvəldən də məruzəçiyə məktub ünvanlayıb.
 
“Mən məruzə ətrafında çıxış edərək, bir daha Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdim və münaqişə nəticəsində 1 milyon insanın yurd-yuvasından qaçqın düşdüyünü, hüquqlarının pozulduğunu bildirdim. Dünya ictimai rəyini əks etdirən BMT-nin Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda NATO PA-a təqdim olunan məruzədə bu münaqişənin adının çəkilməməsinin ikili standart olduğunu qeyd etdim” deyə Q. Həsənquliyev bildirib.
 
Deputat deyib ki, baş verənləri beynəlxalq hüquqa hörmətsizlik adlandırıb: “Mən toplantıdakı hər kəsə sual etdim ki, onlar bu tədbirdəki ermənilərin isterik çıxışlarından çəkinirlər, yoxsa erməni lobbisinin təhdidlərindən? Eyni ölkə tərəfindən yaradılmış, eyni mötivli digər münaqişələrin regiona təhdid olduğunu qeyd edib, Dağlıq Qarabağ münaqişəsi barədə bəhs etməmək nə deməkdir? Halbuki elə son günlər Rusiya Ermənistanla birgə hərbi birləşmələr yaratmaq barədə sazişi təsdiqləyib”.
 
Q. Həsənquliyev qeyd edib ki, onun bu çıxışından sonra məruzəçi bütün münaqişələrin adını sadalaya bilməyəcəyini qeyd edib və hətta “mübahisə yaranmaması üçün digər münaqişələrin də adının məruzədən çıxarılmasına hazır olduğunu” bildirib.
 
“Təəssüf hissi keçirirəm ki, onlar özlərində cəsarət tapıb bizim qaldırdığımız problem barədə məruzədə qeyd etmədilər” deyə, deputat vurğulayıb.