NATO erməniləri məyus etdi - Sərkisyanın impiçmenti gündəmə gəlir

NATO- nun Varşava sammitinin yekun kommunikesi Ermənistanda çaşqınlıq yaradıb
Bu gün NATO–nun Varşava sammitinin yekun kommunikesi açıqlanandan azacıq keçmədi ki, erməni KİV –lərində bu ölkənin xarici işlər naziri E Nalbandyanın açıq- aydın çaşqınlıq hiss olunan açıqlaması yayıldı: “NATO Qarabağ məsələsinin nizamlanması ilə məşğul olmur və NATO sammitlərinin yekun bəyanat və deklarasiyalarındakı ümumi müddəaları Azərbaycan öz mövqeyinin dəstəklənməsi kimi təqdim etməyə cəhd edir. Lakin əlbəttə bu belə deyil.”

Nalbandyanın açıqlamasında “nə üçün bu belə deyil"in cavabı yoxdur və ola da bilməz.  Nə üçün ola bilməz sualının cavabı əlbəttə ki, maraqlıdır, ancaq onunla kifayətlənək ki, nə Ermənistan XİN, nə də çoxsaylı erməni saytlarının heç biri NATO sammiti kommunikesindəki həmin “ümumi müddəanın” nədən ibarət olmasından danışmağa cəsarət etmir. Bu müddəa isə ondan ibarətdir ki, aralarında Minsk qrupunun iki həmsədrinin də olduğu NATO növbəti dəfə  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Azərbaycanın ərazi bütövlüyünün Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyü ilə bir sırada tanınması isə o deməkdir ki, dünyanın aparıcı dövlətləri Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün işğal nəticəsində pozulduğunu qəbul edirlər.
Nalbandyanın Qarabağ münaqişəsinin həlli ilə məşğul olan xüsusiləşdirilmiş strukturları və sənədləri və o sırada Minsk qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatlarını xatırlatması erməni tərəfinin çaşqınlığının bariz nümunəsidir.

Belə ki, həmsədr ölkə prezidentlərinin  Qarabağla bağlı verdikləri beş bəyanatın hamısında Azərbaycanın işğal olunmuş 7 rayonundan ermənilərin çəkilməsi, deportasiya olunmuş azərbaycanlı əhalisinin Dağlıq Qarabağa qayıtması və yalnız bundan sonra Dağlıq Qarabağın qəti statusunun müəyyən ediləcəyini nəzərdə tutur ki, bunlar da məhz ermənilər tərəfindən qəbul edilməz elan edilirdi. Erməni cəmiyyəti isə inandırılırdı ki, guya bu  məsələləri ehtiva edən Madrid prinsipləri, bütün variantlarında gündəmdən çıxarılıb.
Xatırladırıq ki, elə dünən, NATO baş katibi Yens Stoltenberq NATO- nun yekun kommunikesinin Qarabağ probleminə dair bəndin olacağını  və bu bənddə “biz tərəfləri gərginliyi aşağı salmağa və zorakılıqdan çəkinməyə, həmçinin danışıqlar yolu ilə münaqişənin dinc yolla nizama salınmasının  yollarını  tapmağa çağırırıq”, - müddəasının yer alacağını bildirmişdi. Bir gün sonra necə oldu ki, Dağlıq Qarabağ barədə ayrıca bənd adı çəkilən sənəddə görünmədi məsələsi ayrıca mövzudur və ola bilər ki, yaxın günlərdə buna aydınlıq gətirəcək faktlar meydana çıxacaq.
Lakin o da faktdır ki, məhz  erməni tərəfinin Stoltenberqin anons etdiyi bu bəndlə və Stoltenberqin açıqlaması ilə  bağlı ciddi gözləntiləri  yaranmışdı. Liberal və qərbyönümlü mövqedən çıxış edən erməni Lragir saytının daimi şərhçisi N. Ayrumyan dərhal bunu aprel müharibəsi və erməni tərəfinin mövqelərinin sərtləşməsi nəticəsində Qarabağ məsələsinə münasibətdə NATO- da formalaşmış yeni qlobal yanaşmanın təzahürü kimi dəyərləndirən yazı ilə çıxış etmişdi.

Ayrumyan  erməni ictimaiyyətini müjdələyirdi ki, ”artıq NATO nümayişkaranə surətdə ərazi bütövlüyü  barədə danışmaqdan əl çəkərək indi yalnız sülh yolu ilə nizamasalmada təkid edir. Xanım Ayrumyan burdan daha da uzağa gedən nəticələr çıxararaq bədbəxt erməni xalqını sevindirirdi ki, sülh yolu ilə nizamasalma da Azərbaycanın mövcud vəziyyəti, status – kvonu tanıması deməkdir. Güya Qərb və vasitəçilər artıq  Azərbaycanın ərazi bütövlüyündən qeyd - şərtlərlə danışırlar və s.
Şərhçi dünən dərc etdirdiyi yazısında belə bir məqama diqqət çəkmişdi ki, Ermənistan prezidenti əvvəllər ona görə NATO sammitlərinə getmirdi ki, onun yekun sənədlərində ərazi bütövlüyü prinsipi  xalqın öz müqəddəratını tanıma prinsipi xatırlanmadan verilirdi və bu dəfə belə olmayacaq. Bu gün Lragirin NATO sammiti kommunikesindən bir qədər sonra dərc olunan “Dağlıq Qarabağ xatırlanmadı” başlıqlı yazısı daha çox matəm təsiri bağışlayır. Erməni sosial şəbəkələrində S. Sərkisyanın istefası çığrışları meydana gəlib.
NATO samitlərinin əvvəlki dövrlərə dair sənədlərində də Azərbaycanın ərazi bütövlüyü prinsipi əks olunurdu. Lakin etiraf edilməlidir ki, aprel döyüşlərindən sonra  və hazırda gedən nizamasalma danışıqları kontekstində Varşava sənədi tamamilə  fərqli məna kəsb edir və həqiqətən dünyada gedən yeni , lakin ermənilərin düşündüklərinin əksi olan tendensiyaları göstərir və ermənilərdən tələb olunan da bu tendensiyalara adekvat olmaqdır.