Natiq Miri: “Rusiya işğalçını silahlandıraraq, regionu alovlandırır” - MÜSAHİBƏ

Rusiya Ermənistana müasir silahlar almaq üçün 100 milyonluq kredit verir. Oktyabrın 12-də Ermənistan hökuməti birinci kredit paketini təsdiq etdi. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsilə güzəştli olması nəzərdə tutulub. Ermənistan bu məbləğə Rusiyadan “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşfiyyat kompleksləri, TOC – 1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Bu silahların işğalçı ölkəyə ödənişsiz verildiyi haqda da ehtimallar böyükdür. Bu ehtimalı gücləndirən amillərdən biri də 2015-ci ildə verilən 200 milyon dollarlıq kreditin hələ də ödənilməməsidir. Birinci kredit ödənilmədən ikincinin verilməsi hesab etməyə imkan verir ki, silahlar əslində ödənişsiz çatdırılır, bunun kreditləşdirilməsi isə sadəcə sənəd üzərindədir. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə zidd olduğu kimi, ATƏT-in Minsk qrupunda həmsədrlik missiyasına da uyğun deyil. Moskva həmsədr olaraq öz öhdəliklərini pozur və işğalçı ölkəni silahlandırmaqla regionun təhlükəsizliyini təhdid edir.
 
 
“Rusiyanın bu davranışı heç bir standarta uyğun gəlmir”.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a müsahibəsində Rusiyanın Ermənistanı silahlandırmasını bu cür şərh edir.
 
- Rusiya Ermənistana 2015-ci ildə 200 milyon dollarlıq kreditin ardından daha 100 milyon dollar kredit ayırdı. Bu məbləğ Ermənistanın müasir silahlar əldə etməsinə şərait yaradacaq. Moskvanın işğalçıya bu dəstəyini necə şərh edərsiniz?
 
- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr dövlətlərdən biri kimi iştirak edir. Vasitəçi dövlətlər münaqişə tərəflərinə silah verməməlidir, xüsusilə işğalçının silahlandırılması heç bir standarta uyğun deyil. Bu addım beynəlxalq hüquq prinsiplərinə ziddir.
 
Rusiya bunu regionda balans yaratmaq bəhanəsi ilə edir. Bu, absurd və gülməlidir. Çünki Rusiyanın münaqişənin tərəfləri arasında balans yaratmaq öhdəliyi yoxdur. Digər tərəfdən, ortada işğal faktı var və Rusiya buna beynəlxalq hüquq çərçivəsində yanaşmalıdır. Yəni işğalçını işğal edilən ərazilərdən çıxmağa stimullaşdırmalı, siyasi təzyiqlər yolu ilə etməsə də, işğalçını buna inandırmalıdır. Çünki, beynəlxalq ictimaiyyət bu işğala qarşıdır və heç bir ölkə Qarabağı tanımır, tanımayacaq da. Rusiya bunu etmək əvəzinə, işğalçını silahlandıraraq, prosesi şiddətli məcraya yönəldir.
 
- Burada verilən silahların əslində ödənişsiz olduğu və kreditin sadəcə kağız üzərində formal sənəddən ibarət olduğu ehtimalları da diqqət çəkir. Belə görünür ki, Rusiya işğalçını heç bir ödəniş olmadan silahlandırır...
 
- Rusiyanın Ermənistana ödənişsiz, yaxud cüzi ödənişlərlə külli miqdarda silah verməsilə bağlı bu, birinci fakt deyil. Vaxtilə Rusiyanın Ermənistana bir milyard dollarlıq kredit verdiyinə dair sənədlər ortaya çıxmışdı. Sonda Rusiya rəhbərlik səviyyəsində bunu etiraf etməli oldu. Rusiyanın Ermənistana ödənişsiz silahlar verdiyi haqda kifayət qədər məlumatlar var.
Son kredit məsələdə isə diqqətçəkən məqam 2015-ci ildə verilən 200 milyon dollar kreditin ödənilmədiyi halda, əlavə 100 milyon dollar kreditin verilməsidir. Bunun özü də göstərir ki, kreditlər formal xarakter daşıyır, silahlar isə pulsuz verilir. Rusiya bununla Ermənistanın “köpünü” alır, lakin həm də işğalçını Azərbaycana qarşı daha da gücləndirir. Çünki Azərbaycan bu gün kifayət qədər güclüdür. Əgər danışıqlar heç bir nəticə verməyəcəksə, güc ssenarisi işə düşəcək və işğal altındakı ərazilər qısa zamanda azad olunacaq. Bu, Ermənistanın mövqeyinin sarsıdılması kimi, həm də Rusiyanın maraqlarına ziddir. Rusiya bu münaqişənin ədalətli həllində maraqlı deyil. Münaqişə ədalətli şəkildə həll olunsa, Rusiyanın regionda təsir imkanları aşağı düşəcək. Səbəb budur.

 
- Maraqlıdır ki, son dövrlər Rusiyada Azərbaycana qarşı əks-addımlar atılır. Misal üçün, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı ləğv olundu, həmçinin, bir sıra xoşagəlməz hallar yaşandı. Bu proseslərin arxasında Rusiyada erməni lobbisinin dayandığına dair informasiyalar var idi. İndi isə məntiqi ardıcıllıq olaraq Ermənistana silah krediti ayrılır. Hesab etmək olarmı ki, kredit məsələsi də erməni lobbisinin fəaliyyətinin nəticəsidir?
 
- Bu məsələni belə də qəbul etmək olar və müəyyən arqumentlər də var. Yəni kredit məsələsi ÜAK-ın davamı olan proses kimi görünür. Lakin unutmamalıyıq ki, Rusiyada əsas məsələlər, o cümlədən, ÜAK-ın ləğvi və silah kimi vacib amillər birinci şəxsin iradəsi olmadan həyata keçə bilməz. ÜAK-ın qeydiyyatı ilə bağlı məsələ Ali Məhkəməyə qədər gedib çıxdı, amma ləğv edilməsinin qarşısı alınmadı. Maraqlıdır, Rusiyada erməni diasporu güclənir, əvəzində Azərbaycan diasporu “vurulur”. Əgər bu proseslərdə erməni lobbisinin fəaliyyəti varsa, Putin görmürmü ki, Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışan qüvvələr öz maraqlarına oynayır? Fikrimcə, burada proses ümumidir və Rusiya Azərbaycana təzyiq rıçaqlarını genişləndirir.
 
- Minsk qrupu həmsədr dövlət olan Rusiyanın işğalçını silahlandırmasının qarşısını ala, yaxud ümumiyyətlə, hansısa addım ata bilərmi?
 
- Mümkün deyil. Əgər biz Minsk qrupuna bundan sonra da bel bağlasaq, münaqişə daha 25 il də davam edəcək. Çünki Rusiya kimi bir çoxları da işğalçının tərəfindən çıxış edir, hətta Qarabağa müstəqillik vermək istəyirlər. Azərbaycan hakimiyyəti bununla heç vaxt razılşamayacaq. Əslində münaqişənin indiyə qədər uzanması da Bakının milli maraqlara, həmçinin, beynəlxalq hüquqa söykənən tələblərində israrla dayanmasından irəli gəlir. Bizə qarşı böyük ədalətsizlik var. Nəyə görə Gürcüstandakı münaqişəyə ərazi bütövlüyü çərçivəsində, Azərbaycandakı münaqişəyə isə öz müqəddəratını təyinetmə çərçivəsində yanaşırlar?! Əgər öz müqəddəratını təyinetmə prinsipi o qədər vacibdirsə, Avropada katalonlara, şotlandlara niyə verilmir?! Göründüyü kimi, bizə qarşı ədalətsiz yanaşma var və Rusiyanın davranışı da bu ədalətsiz mövqenin bir parçasıdır.
 
Asif

Загрузка...
Загрузка...