Natiq Cəfərli türmədə də manatı düşünür - vəkildən ilginc açıqlama

 
 
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin vəkili Cavad Cavadov onunla həbsxanada görüşüb. Musavat.com xəbər verir ki, görüş barədə vəkil  sosial şəbəkədə maraqlı status paylaşıb. Onu təqdim edirik:
 
"Bu gün Natiq Cəfərli ilə görüşdüm, yaxşıdı, hamıya salamları var. Aşağıdakı mesajı sizin diqqətinizə çatdırmağı xahiş etdi: "Kürdəxanıdan da manatın taleyini ürək ağrısı və təssüf hissi ilə izləyirəm. Bu sahədə təcrübə və biliklərə malik olan şəxs kimi  deyə bilərəm ki, yaxın həftələrdə manata olan təzyiqlər ciddi artacaq:
 
1) ölkədə 1, 4 mln şagird və tələbə yeni dərs ilinə hazırlaşır. Azərbaycanda qələm, pozan, dəftərdən tutmuş geyimə qədər, bütün ləvazimatlar xaricdən gətirilir və yerli istehsal yoxdur. Buna görə dollara tələbat kəskin hiss edilməyə davam edəcək;
 
2) FED yaxın 2 ayda faiz dərəcəsini 1% artıracacaq.
 
Bu və neftin qiymətinin qalxma ehtimalının olmaması (hətta sentyabrdan ABŞ və digər ölkələrdə neftayırma zavodlarının cari təmirə dayanmaları neft ehtiyatlarını daha da artıracaq) manata  kəskin təzyiqlər nəticəsində  məzənnəni  yaxın vaxtlarda 1, 65 edəcək, növbəti hədəf 1, 95 olacaq".
 
Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirli bilinir.