​Natiq Cəfərli Cavid Qurbanovu kəskin tənqid etdi – rəqəmlərin dueli

 
 
Bu günlərdə həbsdən azad edilən REAL hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli maraqlı bir təhlil aparıb. O, bu dəfəki iqtisadi təhlilini "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun açıqlamasına həsr edib və fikirlərini sosial şəbəkədə paylaşıb.
 
Musavat.com xəbər verir ki, N.Cəfərlinin təhlili aşağıdakı kimidir: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu günlərdə bəyanat verdi ki, yaxın zamanda Azərbaycan tək dəmir yolları ilə yükdaşımalardan ildə 2.5 milyard dollar pul qazanacaq. Ölkə üzərindən qatarlarla ildə 50 milyon ton yük daşınacaq. Bu gün yanvar-iyul aylarında ölkə üzərindən yükdaşımaların statistikası açıqlanıb. Deməli, dəmir yolları ilə yükdaşımalar bu aylar ərzində keçən ilin eyni dövrünə görə 18,5% azalıb, cəmi 700 min ton yük daşınıb. Tutalım ildə olsun 1,5 mln. ton, Şimal-Cənub yolu və Bakı-Axalkelaki-Qars açılandan sonra bu rəqəm 8-10 dəfə artsın (bu mümkün görünmür, çünki bu yolların ciddi alternativləri var), bu da 10-15 mln. ton edəcək, amma heç bir hesablama 50 mln. tona çatmır.
 
Cavid müəllimin kalkulyatoru var, ya yox, bilmirəm, amma onun sözlərindən belə çıxır ki, biz tranzit olaraq hər ton yükdən 50 dollar qazanacağıq. Zalım uşağı ele bil yükü vaqonla yox, "Mazeratti" ile daşıyacaqlar. Tonu 50 dollara da vaqona tranzit xərci olar?! Bir vaqon (70-75 ton) mal Çindən Avropaya indi 5-6 minə gedir, bizimkilər isə cəmi 500 km ərazimizdən keçən vaqona 3500 dollar pul almaq istəyirlər? Bunlar kimi aldadır axı? Özlərini? Niyə?”
Cavid Qurbanovun bu iddialar qarşısında sözü olsa, onu da dərc etməyə hazırıq.