"National Geographic"in məşhur fotoqrafı: "İtirdiklərimi Bakıda tapdım" - MÜSAHİBƏ - FOTOLAR

Publika.az-ın növbəti müsahibi Fransanın Azərbaycan əsilli fotoqrafı Rza Diqqətidir.
Dünyanın ən məşhur fotojurnalisti sayılan həmvətənimiz 1952-ci ildə Təbrizdə, azərbaycanlı ailəsində doğulub. "National Geographic", "GEO" və digər dünyaca məşhur jurnalların fotoqrafı olan Rza bəy bugünədək bir sıra mötəbər mükafatlara layiq görülüb. O, Azərbaycana olan dərin məhəbbətini daim öz fəaliyətində tərənnüm edir.
Onun 2014-cü ildə işıq üzü görən “Məşəlin zərifliyi”, “Körpələr üzərində işgəncə” kitabları qanlı yanvar hadisələrinə və Qarabağ müharibəsinə həsr olunub.
 
 
Rza bəy həmçinin xeyriyyəçiliklə də məşğuldur. Ən böyük qayğısı Yer üzündəki bütün uşaqları təhsilli və azad görməkdir.
- Əziz Rza bəy, bu sənəti necə seçdiniz? Daha doğrusu, fotoqraflığa gedən yolda ilham qaynağınız vardımı?
- 9-10 yaşlarım olardı. Formalaşmağa başlayan uşaq təfəkkürümdə aydınlıq gətirmək istədiyim çox qaranlıq məsələ vardı. Təbriz küçələrində gəzişən kasıb, evsiz insanları görəndə səbəbini öyrənməyə çalışırdım. Ürəyimin ağrıdığını ilk dəfə küçədə ayaqqabısız uşaqlar görəndə hiss etdim. Bu cavabsız suallar mənə rahatlıq vermirdi. Əsasən də uşaqlara qarşı böyüklərin laqeydliyi məni çox düşündürürdü. Çox vaxt ətafımdakıları təngə gətirirdim: Niyə bu insanlar səfalət içərisində yaşayırlar? Niyə varlılar onlara kömək etmirlər?
Vaxt keçdikcə anladım ki, sözlər, suallar cəmiyyətin bu etinasızlığı qarşısında yetərsiz və acizdir . Elə o zaman bu ədalətsizliklə mübarizə aparmaq üçün fotoaparatı özümə silah seçdim.
- Bəs ilk cəbhə yoldaşınızın markası nə idi?
- Atamın evdə köhnə "Kodak" markalı fotoaparatı vardı. Onunla birgə başladım. Sözlərimi şəkillərə çevirib, dünyaya haqsızlığı göstərmək istəyirdim. Və hələ də heç nə dəyişməyib. Amalım, məqsədim eynidir. Sadəcə məsafələrim genişlənib. İnsanların sevincinə, təhlükəsizliyinə şahidlik etmək üçün dünyanı qarış-qarış gəzirəm. Onları azad, qayğısız görmək üçün çalışıram.
 
 
- Ustadınız olubmu? Yoxsa ədalətsizliyin rəsmini çəkməyi həyat özü öyrədib sizə?
- Bəli, müəllimim olmayıb. Heç bir ustaddan da dərs almamışam. Təbrizdə yaşadığım illərdə də, sonralar da özüm öz üzərimdə işləmişəm. Bu çox çətin prosesdir. Sizə etiraf edirəm ki, təzə-təzə fotoaparatla tanış olanda, incəliklərinə yiyələnəndə çox əziyyət çəkmişəm. O illər həyatımın ən çətin vaxtları siyahısına daxildir.
- Doğulub, böyüdüyünüz doğma Təbrizdən danışaq.
- 1981-ci ildə İranda inqilab baş verəndən sonra İslam hakimiyyəti yaradıcılığımla barışa bilmədi. Bunun üçün ölkəni tərk etməli oldum. İndiyədək 150 ölkədə olmuşam. Müxtəlif millətlərdən, mədəniyyətlərdən, ölkələrdən olan insanlarla ünsiyyətdə olub, onlarla zaman keçirmişəm.
- Dünyanın şablon qanunlarını inkar etmək üçün əla fürsətdir.
- Bəli. Bundan sonra düşüncələrim, təsəvvürüm kökündən dəyişdi. Bir şeyi gözəl dərk etdim. Yer kürəsi təkdirsə, xəritələrə, ölkələrə, sərhədlərə nə gərək var?! Biz hamımız eyni planetin sakinləriyik. İnsanlar arasında sədd, fərq qoymaq olmaz! Bu yolverilməzdir!
- Uşaqlığınızın Təbrizi üçün darıxırsınızmı?
- Təbrizdə geridə qoyduqlarımı daha sonralar Bakıda, Şəkidə, Qarabağda tapdım. İtirdiklərimə Sibirdə yaşayan xalqların, Anadolu türklərinin, Altayda yaşayan monqolların, Çindəki uyğurların yanında qovuşdum. Anladım ki, əslində dünyanın hər nöqtəsi mənə doğmadır. Sevdiyim nə varsa, ətrafımdadır və mən bundan güc alıram. Ötənləri xatırlayıb kədərlənməyə gərək yoxdur.
 
 
- Rza bəy, daim hərəkətdəsiniz. Fotoaparatınız isə sadiq yol yoldaşınızdır. Özünüzü dünyanın bütün qaynar, təhlükəli nöqtələrinə yetirirsiniz. Peşəkar yöndən yanaşsaq, bu olduqca həyəcanlı və maraqlıdır. Lakin yəqin ki, hər səfərdən sonra yorulursunuz. Yoxsa yanılıram?
- Mənim səfərlərimin hər zaman səbəbi olur. Adətən səfərlərə yeni sərgilər, layihələr, konfranslar üçün, yaxud qaynar nöqtələrdə yaşayan uşaqlara fotoqraflıq öyrətmək məqsədilə çıxıram. 40 ildən artıqdır dünyanı gəzirəm. Ayaqlarım da daxil olmaqla, bütün nəqliyyat vasitələri məni istədiyim nöqtəyə çatdırıb. Hətta olub ki, Əfqanıstan müharibəsində 3000 km hündürlükdə dağlara qalxmışam. Amma əsla yorulmuram. Səfərlərdən sonra evə qayıdıb, çəkdiyim fotoşəkillərə baxıram. Yalnız bu halda vücudumun ruhumla tam vəhdətini hiss edirəm.
 
 
- Dünyanın ən məşhur televiziya kanallarından biri olan "National Geographic" sizin əsərlərinizdən ibarət silsilə filmlər ekranlaşdırıb. Bu haqda danışaqmı?
- "National Geographic" kanalının fotoqraflarla bağlı bir neçə layihələri var. Mən həmçinin bu layihələrin yaradıcı məsləhətçisi kimi çalışmışam. Əfqanıstan müharibəsi ərzində Əl Qaidə, Taliban və digər mövzular əsasında sənədli filmlər hazırlamışıq. Həmçinin, Əfqanıstanın milli qəhrəmanı, 1989-cu ildə Rusiya ordusuna qarşı şərəflə mübarizə aparıb, qələbə çalan Əhməd şah Məsuda həsr olunmuş filmlər ərsəyə gətirmişik. “Qadağan olunmuş ərazidə 2 gün”, əfqan torpaqlarındakı fəaliyyətimi daha geniş əhatə edən “Rza obyektivdən atəş açır”, daha sonra “Əfqan savaşçı” adlı sənədli filmlər ekranlaşdırmışıq. “Uşaqlıq arzusu” adlı layihəmiz isə oğlumla birgə dünya səyahətimizə həsr edilib.
 
- Bu filmin çox maraqlı tarixçəsi var...
- Doğrudur. Oğlumun 8 yaşı olanda ona bir söz verdim. Dedim ki, 15 yaşı tamam olanda birgə dünya səyahətinə çıxacağıq. Sözümün üstündə durdum. Biz iki ay ərzində Parisdən Pekinə qatarla getdik. Bu haqda Fransa, İtaliya və İran kinematoqrafları sənədli filmlər çəkdilər.
- Yaradıcılığınızı çox sevən biri kimi hiss edirəm ki, uşaqlarla çalışmağı, onların üzündə gülüş oyatmağı hər şeydən üstün tutursunuz.
- Elədir. Onlarla işləməyə üstünlük verirəm. Uşaqlar dünyanın ən təhlükəsiz varlıqlarıdır. Müharibəni törədən insanlar onun fəsadlarını, acı nəticələrini, körpələrin gələcək taleyini düşünmürlər. Həssaslığımı və məsuliyyətimi artıran əsas səbəblərdən biri də budur. İkinci səbəb təhsildir. Fikrimcə, ölkələrin, şəhərlərin, bütövlükdə insan övladının işıqlı gələcəyinin əsas səbəbi təhsilli cəmiyyətdir. İnanıram ki, fotoqraflıq da yeni təhsil növüdür. Çünki fotoşəkillər maariflənmə yolunda əlverişli vasitədir. Yalnız Əfqanıstan üçün nəzərdə tutduğum AİNA layihəsi haqda danışmaq istəyirəm. 2001-ci ildən başlayaraq Əfqanıstanı gəzib dolaşdıq. Fotoqraflıq, video, teatr, kinematoqrafiya, jurnalistika, ümumiyyətlə media ilə mədəniyyəti bir-birinə bağlayan, millətlər arasında körpü rolu oynayan layihələri bir araya topladıq. Mənim Məsud Hüseyni adlı əfqan tələbəm 2012-ci ildə nüfuzlu mükafata layiq görüldü. Ümumiyyətlə, Banqladeş, Çin, Fransa və digər ölkələrdən olan tələbələrim hazırda çox tanınmış peşəkar fotoqraflardılar. Bu humanitar layihələrimi daha çox qaçqın düşərgələrində gerçəkləşdirirəm. Ümidsizlikdə böyüyən bu uşaqlara sənətimi öyrədirəm.
 
 
- "Reza Visual Academy" haqda bizə məlumat verə bilərsinizmi?
- "Reza Visual Academy" əsasını qoyduğum fondun adıdır. Bu fond Avropanın və dünyanın digər ərazilərinin qaçqın düşərgələrində böyüyən, maddi sıxıntı çəkən, çətin vəziyyətdə yaşayan uşaqlar üçün gəlir mənbəyi xarakteri daşıyır.
- Bir neçə ay öncə akademiyanın Buenos Ayresdə ilk sərgisi baş tutdu. Təəssüratlarınız necədir?
- Öncə Bienal Sur təşkilatının baş məsləhətçisi, inzibatçısı və incəsənət nümayəndəsi qismində dəvət almışdım. Bu təşkilat müasir incəsənətdə bir inqilabdır. Mən ora öz əsərlərimdən ibarət sərgiyə dəvət olunmuşdum. Eyni zamanda, qərara gəldim ki, dünyanın 40 şəhərindən olan 11-12 yaş arası 50 uşağa 3 ay ərzində fotoqraflıq dərsləri verim. Bu uşaqlar planetin ən təhlükəli, kasıb nöqtələrindən idilər. Bir növ bəşəriyyətin unutduğu övladlarıdırlar. Sonda isə Buenos Ayresin mərkəzi meydanında onların sərgisi təşkil olundu. Sərgi bu ilin dekabr ayınadək davam edəcək. Təsəvvür edin ki, Bayılın kasıb məhəlləsindən olan uşaqların Qız Qalası önündə sərgiləri gerçəkləşir.
 
 
- Bu gün Azərbaycanda fotoqraf olmaq istəyən yüzlərlə gənc var. Səbirsizliklə tövsiyələrinizi gözləyirlər.
- Güzgünün önünə keçib, diqqətlə simanıza, gözünüzun içinə baxın. Və özünüzə ən vacib sualı verin: Mən niyə fotoqraf olmaq istəyirəm? Bunu edərkən özünüzlə tam səmimi olun, olacaqsınız da, çünki gözlər yalan danışmır. Əgər bunu ürəkdən istəyirsinizsə, qəlbinizdə sonsuz sayda səbəb tapacaqsınız. Bu halda sizə kömək edə bilərəm. Yox, bunu vücudunuzun mədədən aşağı hissəsi istəyirsə, bu halda tövsiyə verməkdə acizəm.
- Əbədiləşdirdiyiniz anların hər biri sənət əsəridir. Bu günədək əsərləriniz dünyanın ən mötəbər sərgi salonlarında nümayiş olunub. Fotojurnalistika sərgüzəştlərinizə həşr olunmuş “Savaş+Sülh” adlı sərginizin artıq 30 yaşı var. Eyni planetin sakinləri olan biz, müharibələrdən təngə gəlmişik. Dünyada sülhü və ədaləti necə bərqərar edək?
- Həyatımın son 40 ilini savaş bölgələrində keçirmişəm. Müharibələrin qaynağında çox vaxt iqtisadi, siyasi səbəblər ən əsası isə pul sevdası durur. Savaşın dağıdıcı gücünü, aldığı canları, məhv etdiyi həyatları obyektvimlə işıqlandırıb, dünya ilə paylaşmağa çalışıram. Düşünürəm ki, bu fotoşəkillər müharibəni ifşa etməyin ən təsirli üsuludur . Çünki dünyanın inkişaf etmiş demokratik ölkələrində yaşayan insanların diqqətini yalnız bu yolla bəhs etdiyimiz problemlərə yönəldə bilərik.
 
 
- Yarım əsrlik yaradıcılıq yolu keçən Rza Diqqəti hələ kimin şəklini çəkməyib?
- Hamının... Mən yer üzündə yaşayan bütün insanların şəklini çəkmək istəyərdim. Küçədə gəzişən insanların, heç kimin tanımadığı adamların, kasıbların, evsizlərin, tanınmışların hətta obyektivimə artıq tuş gələnlərin... Mənim üçün məmləkətin, şəhərin, qitənin fərqi yoxdur. Əsas qayəm bir fotoqraf kimi insanların daxili aləminin simalarındakı təzahürünü dünyaya göstərməkdir. Yalnız siyasi şəxslərin, məşhur ulduzların, şənlik mərasimlərinin fotoşəkillərini çəkmək mənim maraq dairəmdə deyil.
- Gələcək planlarınızda nələr var?
- Gerçəkləşdirmək istədiyim layihələrimdən biri Azərbaycanla bağlıdır. Öncə də qeyd etdiyimiz kimi, sərgilərim dünyanın ən məşhur şəhərlərində baş tutur. Sürətlə inkişaf edən Bakı da bu siyahıya daxildir. Məmnuniyyətlə Bakıda sərgi proqramımla çıxış etmək istərdim. Nəinki Bakı Gəncə, Şəki, Lənkərana da səfər etməyi düşünürəm. Həmçinin planlarımdan biri “Reza Visual Academy” olaraq, Azərbaycanda yaşayan məcburi köçkün uşaqlara fotoqraflıq dərsi verməkdir.
 
 
- Qırıqlarını toplayıb, təmir etməyə çalışdığınız rəgbərəng uşaq dünyaları boyda cahana sığmayan qəlbiniz var. Sizi sevməyimin ən böyük səbəbi də budur. Azərbaycana səfəriniz zamanı sizinlə Qarabağ müharibəsinə aid acı xatirələrinizdən, orada itirdiyim uşaqlığımdan danışmaq istərdim.
- Leyla, bu çox geniş və əhatəli mövzudur. Müzakirə etmək üçün mütləq üz-üzə görüşmək lazımdır. Sözlərindən çox təsirləndim. Sənin kimi uşaqlıq dövrü zədələnmiş milyonlarla insanın bir gün aydın səma altında yaşayacaqlarına inanıram.
- Sizinlə ünsiyyətdən zövq aldım, Rza bəy. Bu müsahibə mənim üçün böyük şərəfdir. Minnətdaram!
- Mənim üçün də şərəf oldu. Hələlik!
Leyla Sarabi

Загрузка...
Загрузка...