Nardaranda həbs edilənlərdən 7 nəfər azadlığa buraxıldı

Bu il martın 1-də Naradaran qəsəbəsində divarlara dini şüarların yazılmasında təqsirləndirilərək saxlanılan və inzibati həbs edilən 7 nəfərin hamısı azadlığa buraxılıb.
Turaninfo.az Trend.az-a istinadən  xəbər verir ki, bu barədə Nardaran sakinləri məlumat verib.
Məlumatda bildirilir ki, saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatıb və bir neçə gün öncə həmin şəxslər azadlığa çıxıb.
Qryd edək ki, bu il martın 1-də polis Nardaranda əməliyyat keçirərək 32 nəfəri saxlayıb Sabunçu rayon Polis İdarəsinə aparmışdı. Saxlanılan şəxslərin əksəriyyəti ifadəsi alınandan sonra buraxılsa da, 7 nəfər barəsində Sabunçu rayon Məhkəməsi 20 və 24 sutka inzibati həbs qərarı çıxarmışdı.
Əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına "Allahu Əkbər", "Ya Əli" və "Ya Hüseyn" sözlərinin yazılması idi.
Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub.
Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılıb və saxlanılan 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.