Nardaran hadisələrinin 5 ayı: kənddə dəyişən nələr oldu və indiki vəziyyət… - Reportaj (FOTOLAR )

Nardaran hadisələrindən artıq 5 ay ötür. Geridə qalan zaman ərzində Nardaran çox dəyişib. Qəsəbə görülən abadlıq və quruculuq işləri ilə tamamilə yeni görkəmə salınıb.
Əvvəllər daha çox “dindarların kəndi” olaraq bilinən, yol kənarlarındakı dirəklərdə, hasarlarda qara bayraqlar asılan, bütün küçələrində divarlara dini şüarlar yazılan Nardarandan artıq əsər-əlamət qalmayıb. Nardarana 5 ay əvvəl yolu düşən hər kəs yazdıqlarımızla razılaşa bilər.
Nardaran ötən ilin noyabr ayının 26-da dindarlarla polis arasında baş verən silahlı qarşıdurmadan sonra gərgin və sonrasında yeniliklərlə dolu olan günlər yaşadı.
Müsləman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin saxlanılması zamanı baş verən silahlı insidentdə ikisi polis əməkdaşı olmaqla 6 nəfər dünyasını dəyişdi. Bundan sonra kənddə yerli sakinlər tərəfindən aksiyalar keçirildi, kəndin girişlərində barikadalar quruldu. Dekabrın 1-də isə Nardaranın tamamilə yenilənməsini başladan əməliyyatlara start verildi. Daxili Qoşunlar və polisin keçirdiyi genişmiqyaslı əməliyyatlar zamanı aksiyalarda iştirak edən onlarla kənd sakini həbs edildi. Keçirilən əməliyyatlardan sonra Nardaran 3 aydan çox polis və Daxili Qoşunların nəzarətində oldu, giriş-çıxış məhdudlaşdırıldı. Bu müddət ərzində qəsəbəyə yalnız şəxsiyyət vəsiqəsi ilə yerli sakinlər girə və çıxa bilirdi.
Bundan sonra Nardaranda yenidənqurma işləri başladıldı. Prezident İlham Əliyev tərəfindən qəsəbənin abadlaşdırılması üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrıldı. Bu vəsait qəsəbədəki sosial - mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə ayrıldı.
Nardaranda son görülən işlərlə bağlı mütəmadi olaraq məlumat vermişik. Qəsəbəyə aparılan yolların genişləndirilməsi və yenidən salınması, kommunal xətlərin yenilənməsi, qəsəbədə polis idarəsinin və digər dövlət qurumları üçün inzibati binaların tikilməsi və s. görülən işlər sırasındadır.
Musavat.com-un əməkdaşı Nardaran hadisələrindən 5 ay sonra qəsəbədəki indiki vəziyyəti yerindəcə görmək üçün kəndə yollanıb.
Kəndin “İmam Hüseyn” meydanı adlanan mərkəzinə aparan Abşeron küçəsində yolun genişləndirilməsi, asflat örtüyünün dəyişdirilməsi işləri tam yekunlaşıb və istifadəyə verilib. Kəndə aparan əsas yolun başında polis əməkdaşları növbə çəkir. Müşahidələrimizdən belə aydın oldu ki, polis əməkdaşları əsasən şübhəli bildikləri maşınları yoxlayırlar. Kəndin mərkəzinə gedən 189 nömrəli marşurut avtobusunun hərəkətində isə heç bir problem yox idi. Yeni salınan yolun kənarları hasarlanıb. Keçmiş “İmam Hüseyn” meydanının yanında  Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi yerləşir.
Naradaranın mərkəzi və ara küçələrində Daxili Qoşunların 3 nəfərlik qruplarla növbə çəkən əsgərlərini də görmək mümkündür. Kəndin əsas dini ocağı sayılan Cümə məscidinə giriş-çıxış artıq sərbəstdir. Burada da Daxili Qoşunların əsgərləri növbə çəkir. Qəsəbənin demək olar ki, bütün küçələrində nəzarət kamerları var. Həmçinin məscidin həyətində də. Bir müddət əvvəl məsciddə kütləvi ibadətə icazə verilməsə də bu qadağa artıq aradan qaldırılıb. İndi cümə namazlarının belə qılınmasına icazə verilir.
Nardaranda olarkən baş çəkdiyimiz ərazilərdən biri də öldürülən dindarların dəfn edildiyi məzarlıq oldu. Kəndin köhnə qəbristanlığı olaraq bilinən bu ərazidə dəfn olunan 4 nəfər dindarın məzarları başında Post Patrul Xidmətinin əməkdaşları növbə çəkir. Kənd sakinləri deyir ki, 24 saat nəzarətdə saxlanılan bu məzarlığa dəfndən sonra yalnız ölənlərin ailə üzvləri gəlib.
Polis nəzarətində saxlanılan yerlərdən biri də Nardaran hadisələrinin başladığı gün polislə silahlı qarşıdurmada öldürülən Rəfail və Fərail Bünyatovlar qardaşlarının evidir. Hazırda evlərdə yaşayış olmasa da polis həmin ərazidə 24 saat növbə çəkir.
Nardaranda olarkən onu da öyrəndik ki, bir neçə gün əvvəl 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı qəsəbənin A.Zeynallı küçəsində yaşayan 1960-cı il təvəllüdlü Sərvər Cəbrayılovun evindən sənədsiz İJ markalı 16 kalibrli tüfəng aşkar edilərək götürülüb.
Onu da qeyd edək ki, Nardaranda əhaliyə təbii qazın, elektrik enerjisinin və suyun verilməsi ilə bağlı görülən işlər tam olaraq yekunlaşdırılıb. Artıq kanalizasiya sisteminin də yenilənməsi işlərinə başlanılıb.