Nardaran dəhşətində pozitiv məqamlar VİDEO

 
AXCP sədri Əli Kərimli “Nardaran işi” ilə bağlı pozitiv məqamlara diqqət çəkib. O, bu barədə öz “facebook” səhifəsində yazıb.
 
“Nardaran işi” üzrә məhkəmədən iki pozitiv məqamı sizinlə paylaşmaq istəyirəm. Təəccübləndiniz ki, başdan-ayağa yalan, qan, işgəncə üzərində qurulmuş “Nardaran işində” pozitiv məqam nə gəzir? Bəli, hətta belə qan qoxuyan işlərdə də xoş məqamlar olur. Bilirsiniz ki, bu işdə nəinki ittiham olunan şəxslərə, hətta şahidlərə də işgəncə verilib. Şahid ifadələri nəinki istintaq zamanı işgəncə vasitəsilə alınıb, hətta məhkəmə zamanı da şahidlər ciddi təzyiq altındadırlar, onları məhkəməyə gəlməmiş və məhkəmədən sonra “müvafiq idarələrdə” döyərək “başa salırlar” ki, məhkəmədə necə ifadə vermək lazımdır. Hətta bu gün ifadə verən şahid etiraf etdi ki, həyat yoldaşı ilə təhdid edərək, ondan Fuad Qəhrəmanlıya qarşı ifadə alıblar. Bəli, belə alçaqlıqlar da edilir vətəndaşlarımıza qarşı.
 
 
Lakin olmazın əzabını çəkmiş bu insanlar məhkəmə qarşısında özlərində güc tapıb, istintaqın zorla onların adına yazdığı yalan ifadələrdən imitina edirlər. Şahidlərin tam əksəriyyəti şərlənərək, dəmir barmaqlıqlar arxasına atılmış insanların yalandan üzünə durmur, əksinə onların təqsirsiz olduğunu təsdiq edir. Bəli, yüksək təhsili, təcrübəsi, ambisiyası olmayan bu sadə vətəndaşlar vicdan əzabından və el qınağından daha çox qorxurlar, nəinki “bandotdel”in işgəncələrindən. Və qorxa-qorxa da olsa, güclü zorun yox, “qolubağlı” həqiqətin yanında durmağı seçirlər. Bu, bizim millətimizin sabahına daha ümidlə baxmağımız üçün birinci səbəb.
 
Məhkəmədə ifadə verən “Nardaran məhbuslarından” biri danışmışdı ki, “bandotdel”də ona dəhşətli işgəncələr verib, tanınmaz hala salıb, aparıblar müstəntiqin yanına. Müstəntiq qəddar “əməliyyatçılara” bərk hirslənib, onlara deyib ki, bu adam bizimlə eyni millətdən deyilmi? Niyə onunla ermənilərin bizim əsirlərlə davrandığı kimi davranmısınız? Müstəntiq bu saxta işi davam etdirməkdən imtina edib və həmin məhbusun istintaqını başqa bir müstəntiqə həvalə ediblər. Deməli, hələ dünyanın sonu deyilmiş, hələ də bütün strukturlarda vicdanlı adamlar qalırmış. Onlar da hərəkətə keçmək üçün zaman gözləyirlər. Bu da millətin sabahına optimist yanaşmaq üçün ikinci səbəb.