Narahatlıq dolu inflyasiya proqnozu: “Borc xirtdəkdən…”

 
    
 
Bu il Azərbaycanda 1,3 faiz səviyyəsində iqtisadi geriləmə olacağı gözlənilir. Bu barədə Asiya İnkişaf Bankının (ADB) yenilədiyi proqnoz hesabatında deyilir.Hesabata görə, 2018-ci ildə isə ÜDM-in 1 faiz artacağı proqnozlaşdırılır. Qeyd edək ki, bundan öncə (aprel hesabatı) 2017-ci ildə geriləmənin 1,1 faiz, 2018-ci ildəki artımın isə 1,2 faiz olacağı proqnozlaşdırılırdı. ADB-nin yen hesabatında 2017-ci ildə Azərbaycanda 14 faizlik inflyasiya olacağı da qeyd edilir.Bundan əvvəlki sənəddə isə bu rəqəm 9 faiz olub. Bank gələn il üçün inflyasiya proqnozunu isə 8 faizdən 10 faizə qaldırıb.
 
Bundan əlavə Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycan üçün 2017-2020-ci illəri əhatə edən Ölkə Əməliyyatları üzrə Biznes Planını təsdiq edib. Biznes plan bankın 2018-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri ilə uyğunlaşdırılıb. ADB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib.Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
 
Plan üzrə dövlət öhdəliklərinin və kredit proqramının həyata keçirilməsi üçün 2018-2020-ci illər arasında 780 milyon dollar həcmində kreditin və 2,5 milyon dollar həcmində texniki yardımın ayrılması nəzərdə tutulur. Bankın Bakı ofisi isə bu proqramı 900 milyon dollar civarında qiymətləndirib.2017-ci ildə isə ADB Azərbaycana ümumi dəyəri 450 milyon dollar olan iki kredit və 1,225 milyon dollar dəyərində texniki yardım ayıracaq.Sənəddə qeyd olunur ki, ADB hökumətin dövlət-özəl əməkdaşlıq proqramını da maliyyələşmə üçün nəzərdən keçirəcək.
 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yaxın 3 ildə Asiya İnkişaf Bankı Azərbaycana 1,7 milyard dollara yaxın yeni kreditlər verəcək:
 
“2018-ci il 700 milyon, 2019-cu il 450 milyon, 2020-ci ildə 450 milyon dollar. Bundan başqa Dünya Bankı, Avropa Rekonstruksiya və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Yaponiya və Çin hökumətləri ilə də yeni borc müqavilələri əvvəllər imzalanıb və bundan sonra da imzalanacaq. Borcların intensiv qaytarılması dövrü 2020-ci ildən sonraya təsadüf edəcək və hər il borc yükü daha da artacaq. Bu il ilk dəfə olaraq büdcəmizin 12 faizə yaxını (təqribən, 900 milyon dollar) xarici borcların qaytarılmasına yönəlib, ciddi rəqəmdir, amma borc qaytarılmasının pik nöqtəsi hələ qarşıdadır. 2020-ci ildə ölkənin neft hasilatı indikindən 20 faiz az olacaq, yəni neftdən gələn gəlir daha da kəskin şəkildə azalacaq. Qiymətin 55-60 dollar civarında olması proqnozlaşdırılır, belə qiymətlər olsa 2020-ci ildə neftdən cəmi 3 milyard dollar pul daxil olacaq.Yeni neft müqaviləsi isə 2023-dən işlək olacaq ki, o zaman da hasilat sabitləşəcək, yəni artım deyil, sabitləşmə olacaq”. İqtisadçının sözlərinə görə, 2020-ci ildən sonra bütün ümidlər qaz gəlirlərinədir: “Avropaya cəmi 10 milyard kubmetr qaz satılacaq. Qazın ortalama qiyməti 220-230 dollar olması gözlənilir. Bu da 2,3 milyard dollar deməkdir. Ümumilikdə 7 payçı var, (BP, Statoil, ARDNŞ, Total, Lukoil, NİCO və TPAO). Hasilatın pay bölgüsünə görə əməliyyat və tranzit xərcləri çıxılandan sonra qazanc 7 payçı arasında öz pay həcmlərinə görə bölünəcək. Azərbaycanın payına ən yaxşı halda 700 milyon dollar vəsait düşəcək. Yəni, hər şey yaxşı olsa, layihələr bitsə, 2020-ci ildə ölkənin neft-qaz gəlirləri 4 milyard dollara yaxın ola bilər”.
 
“Vergilər Nazirliyi biznesin son “şirəsini” sıxır, biznes
durma nöqtəsinə gəlib”
 
Natiq Cəfərli qeyd edib ki, son illər ölkə büdcəsinin artım tempi yüksək olmasa da, 2020-ci ildə büdcəmiz dollarla (manatın məzənnəsi çox dəyişəcək o zamana qədər) 13-14 milyard dollar civarında olacaq: “Əhali, xərclər, inflyasiyaya görə maaş və təqaüdlərin indeksləşməsi artır. Həmin ildən intensiv borc qaytarıldığını nəzərə alsaq, xarici borcların faizlərinin və ana borcun ödənilməsinə, təqribən, 4 milyard dollar lazım olacaq.Qısası, neft-qazdan gələn pul borca gedəcək, bəs büdcəni nə ilə dolduracağıq?!Yəni, 134 milyard dollarlıq büdcənin 4 milyard dolları borca gedəcəksə, 10 milyard dollar haradan tapılacaq?Vergilərdənmi?Ölkədə iqtisadi aktivlik çöküb, Vergilər Nazirliyi biznesin son “şirəsini” sıxır, biznes durma nöqtəsinə gəlib, vergi ödəmələrinin kəskin artması mümkünsüzdür”.
 
Ekspert onu da vurğulayıb ki, iqtisadi aktivliyin, əhalinin alıcılıq qabiliyyətinin azalması idxalın 27 faiz azalmasına səbəb olub: “Əsas gömrük daxilolmaları da məhz idxaldandır. Hələ ki, rəsmiləşmənin artması və manatın ucuzlaşmasına görə gömrük ilə 1,6-1,8 milyard manat yığa bilir, amma bu kəskin artmayacaq axı, hətta azalacaq. Dövlət investisiya layihələrinin vasitəsi ilə iqtisadi aktivliyin artırılmasımı?Bunun üçün büdcə kəskin artmalı, təmir-tikinti işləri sürətlənməlidir.Amma gərək o zaman büdcə də kəskin artsın axı, bunun mənbəyi yoxdur.Deməli, büdcə xərcləmələri azalmalıdır ki, qənaət olunan vəsait xarici borcun ödənilməsinə yönəlsin.
 
Ya da hökumət çap maşınını işə salacaq, əlavə manat kütləsi çap edəcək ki, iqtisadi canlanma yaratsın, o zaman da inflyasiya üçrəqəmli (Venesuela hökuməti etdi bunu), dollar isə 3-4 manat arası olmalıdır.Buna iqtisadiyyat, bank sektoru dözə bilərmi?Məncə, yox, darmadağın olar.Bir neçə ildən sonra bu ölkədə hakimiyyətə gəlmək istəyi tam bir ağılsızlıq olacaq, ona görə də, söhbət və dava hakimiyyət davası deyil, ölkənin gələcəyi ciddi təhdid altındadır.Çıxış yolu radikal, şok effekti verəcək islahatlardan, sistemin, idarəetmənin tam dəyişməsindən keçir.2020-ci ildə borc xirtdəkdən, gəlir isə topuqdan da aşağı olacaq”.
 
Yeganə
 
Cebhe.info

Загрузка...
Загрузка...