Napoleon Bonapartın ölümünün pərdəarxası — faktlar və iddialar

 
Avropa tarixinin ən parlaq şəxsiyyətlərindən biri də fransalı sərkərdə, imperator Napoleon Bonapartdır. Napoleon Bonapartın hakimiyyətə gəlməyi, taxta yiyələnməyi və dünyaya meydan oxuması barədə çoxsaylı faktlar, dəlillər var. Amma biz bu gün sərkərdənin həyatı yox, ölümü barədə danışacağıq. Çünki bu günə qədər də Napoleonun ölümü ətrafında müəyyən söz-söhbətlər gəzir, imperatorun öz əcəli ilə yox, zəhərlənərək öldürüldüyü iddia edilir.
 
Ölkə.Az bu araşdırmada məşhur sərkərdənin ölümünə dair faktları və iddiaları oxuculara çatdıracaq.
 
İlk öncə ondan başlayaq ki, Napoleonun vəsiyyətində belə bir cümlə keçir: "Mən vaxtından əvvəl, ingilis oliqarxları və onların tutduğu qatilin əlindən ölürəm". Elə bu cümlə monarxın həqiqətən də qətlə yetirildiyi fikrini gücləndirir.
 
 
 
İmperatorun ölümü
 
İmperator Müqəddəs Yelena adasına general Anri Qasyen Bertran, general Şarl Tristan Montolon, Lui Jozef Marşan, qraf de Las Kaz və 12 nəfər xidmətçi müşayəti ilə təşrif buyurdu. Bu adamlardan bəziləri ailələri ilə gəlmişdilər.
 
Napoleon 1821-ci ildə Müqəddəs Yelena adasında vəfat edib. Onun ölümündən sonra Avropa monarxları rahat nəfəs aldılar. Çünki hətta əsirlikdə olan sərkərdə böyük nüfuza malik olduğu üçün real təhlükə sayılırdı. İmperator sağlam idi və Köhnə Dünyaya qayıdaraq yenidən özünü göstərmək fikrində idi. Bu səbəbdən Napoleonun ölümü bir çoxları üçün arzuedilən idi.
 
Sərkərdənin yazdığı vəsiyyətnaməyə əsasən, onun ingilis oliqarxları tərəfindən tutulmuş qatilin əli ilə öldürüldüyü ortaya çıxır. Onu adaya həbs etmiş ingilislərdən qisas ala bilməyən Napoleon ölümündə onları günahlandırır. Bu günə qədər də İngiltərə imperatorun ölümündə günahkar olmadığı fikrini müdafiə edir.
 
İmperatorun ölümünü tək ingilislər istəmirdi
 
Napoleonun ölümü təkcə ingilislərə yox, fransızlara da sərf edirdi. O dövrdə Fransa Burbonların reformasiyasından keçirdi və 18-ci Lüdoviq gözəl anlayırdı ki, Napoleonun adı olan yerdə onun hakimiyyəti əbədi deyil. Kral həmişə Bonapartdan çəkinirdi.
 
Eyni zamanda, Fransa kralı bilirdi ki, fransızların əksəriyyəti sərkərdəyə sadiqdir. Amma qorxularından bunu dilə gətirə bilmirlər.
 
Kralın qorxuları reallaşdı. 1820-ci ilin fevral ayında Burbonlar sülaləsinin sonuncu nümayəndəsinə qarşı sui-qəsd təşkil edildi. O, Fransa taxt-tacının real varisi idi. 18-ci Lüdoviqin övladı yox idi. Onun qardaşı qraf Dartua və Dartuanın böyük oğlunun da övladı yox idi. Bu səbəbdən Burbon hersoqu Berrinin qətli sülalə üçün böyük faciəyə çevrildi. Hersoqu Napoleonun əsgərlərindən biri, Luvel qətlə yetirdi. Əsgər imperatorun əmri ilə hərəkət edirdi.
 
 
 
Sərkərdə haqda şayiələr
 
Napoleon ingilislər tərəfindən Müqəddəs Yelena adasına sürgünə göndərildikdən sonra onun taleyi barədə çoxlu şayiələr dolaşmağa başladı. Bəziləri onun güllələndiyini, bəziləri boğulduğunu, bəziləri də asıldığını deyirdi. Hətta bəzi şayiələrdə imperatorun qayadan yerə atıldığını və öldüyü də deyilirdi. Bununla bərabər Napoleonun adadan qaçaraq Türkiyədə ingilislərə qarşı ordu topladığını deyənlərin sayı da çox idi. Bəlkə də bu səbəbdən onun ölüm xəbərinə çox adam inanmamışdı.
 
Napoleonun ölüm səbəbi
 
Napoleonun ölümünün səbəbi bu yaxın vaxtlara qədər də tam dəqiq bilinmirdi. 1840-cı ildə onun qalıqları üzərində ekspertiza keçirilsə də, dəqiq səbəb ortaya çıxmadı. Bəlkə də ortaya çıxan əsl faktlar gizlədilib? Kim bilir... Ekspertizadan sonra imperatorun nəşi Parisin mərkəzində dəfn edilib.
 
Xəstəlik
 
Napoleon sürgünə göndəriləndə çox sağlam idi. Amma 6 il ərzində belə bir sağlam adam hansı ölümcül xəstəliyə düçar ola bilərdi? Bu barədə də dəqiq və dolğun məlumat yoxdur. İddialara görə, imperator mədə xərçəngindən vəfat edib. Onun atası da bu xəstəlikdən dünyasını dəyişib. Amma Napoleonda bu xəstəliyə dair heç bir sübut təqdim edilmir.
 
 
 
Saç tükü və uzun tədqiqat
 
Bu yaxınlarda isveç həkim Sten Forsxuvud imperatorun ölümünə dair şok faktlar ortaya çıxarıb. Həkim və kimyagər Sten eyni zamanda tarix elminə böyük maraq göstərir. Təsadüfən onun əlinə imperatorun tükü keçir. Bu tükü Napoleonun sadiq xidmətçisi ailə üzvlərinə paylayıbmış.
 
Sten imperatorun əsl ölüm səbəbini araşdırmağa başlayır. Onun xərçəngdən əziyyət çəkməsi də həkimi şübhəyə salır. Buna görə də Bonapartın həyatının son aylarını tədqiq etməyə başlayır. İmperatorun sadiq nökəri Lui Marşan bu barədə kifayət qədər dolğun material yazıb qoymuşdu. Marşan xatirələrində sərkərdənin xəstəlik müddətini bütün detalları ilə təsvir edib.
 
Forsxuvud toksikoloq olduğu üçün Napoleonda kiçik dozalarla hansısa zəhər vasitəsilə tədricən zəhərlənmə zamanı ortaya çıxan simptomları aşkar etdi. Napoleon dövründə ən geniş yayılmış zəhər siçan dərmanı idi.
 
Avropada bir çoxları yaxınlarını bu zəhər vasitəsilə aradan götürürdü. Siçan zəhərini qurbanın qidasına tədricən kiçik dozalarla qatdıqda, o, geniş yayılmış xəstəlik simptomları ilə dünyasını dəyişirdi. Nəzərə alsaq ki, o dövrdə Avropada bütün xəstəliklər elə dərmanla müalicə olunurdu ki, onları qəbul etdikdən sonra orqanizmdə siçan zəhərinin izi belə qalmırdı. Ən təcrübəli həkim də meyidi yarsa, əsl ölüm səbəbini tapa bilmirdi. Stenin tədqiqatının nəticəsində məlum oldu ki, Napoleonun xəstəlik simptomları tədricən zəhərlənmənin nəticəsində yaranmışdı.
 
Əldə edilən saçın laboratoriya analizində isə ölüm anında imperatorun bədənində olan siçan zəhərinin miqdarı normadan 13 dəfə çox olması aşkarlanır. Beləliklə, Napoleonun siçan zəhəri vasitəsilə qətlə yetirildiyi üzə çıxır.
 
Bir sıra analizlərdən sonra, imperatorun adaya sürgündən sonra tədricən zəhərləndiyi faktı da üzə çıxır.
 
 
 
Cinayətkar kim idi?
 
Napoleonun etibar etdiyi adam və casus korsikalı Siprianinin müəmmalı ölümü cinayətin ilk siqnalı idi. İmperatorla korsikalı arasında uzun illərə dayanan münasibət var idi. O, sərkərdənin bütün tapşırıqlarını yerinə yetirirdi. Bu səbəbdən Sipriani imperatorun qətlə yetiriləcəyini anlaya biləcəyi üçün yüksək dozalı zəhərlə əvvəlcədən qətlə yetirilmişdi. Korsikalının cəsədi və qəbir daşı da adadan yoxa çıxdı. Çünki sonradan onun da meyidi yarıla bilərdi və ölüm səbəbi ortaya çıxardı. Korsikalının öümü heç adanın kitabçasına da qeyd edilməmişdi.
 
Günahkar kimdir?
 
Bonapartın ölümündə Fransa aristokratiyasının nümayəndəsi qraf Montolon şübhəli bilinən şəxslərdəndir. Qraf Dartua ilə əlaqələri olan zadəgan idi və bir neçə dəfə Napoleona qarşı sui-qəsd təşkil etmişdi.
 
Montolon vəzifə səlahiyyətlərindən istifadə edərək törətdiyi cinayətlərə görə həbs edilə bilərdi. Buna görə də Dartuanın əmri ilə Müqəddəs Yelena adasına göndərildi ki, məhkəmədən boyun qaçıra bilsin.
 
Adada bütün təsərrüfat işləri qrafın boynuna düşdü. Ona görə də, Napoleonun tədricən zəhərlənməsində şübhəli bilinən şəxslərin başında onun adı dayanır. İmperatora xüsusi olaraq Konstansiya çaxırı gətirilirdi. Onun yaxın çevrəsi isə başqa çaxır içirdi. Çaxır adaya çəlləklərdə gətirilir və burada şüşələrə tökülürdü. Bu səbəbdən qatil üçün zəhəri əlavə etmək elə də çətin deyildi.
 
Sərkərdənin vəfatı
 
1820-ci ildə imperatorun xəstəliyi kəskinləşdi. Yəqin ki, Burbonlar hersoq Berrinin ölümünün qisasını alırdılar. Qraf Daruta imperatordan qurtulmaq qərarını icra etdi.
 
 
 
İmperatorun həkimi və vəsiyyətnaməsi
 
1818-ci ilin 21 sentyabr tarixində Françesko Antomarki adaya, imperatoru müayinə etməyə gəlir. O, 5 may 1821-ci il tarixinə qədər, yəni Napoleonun son gününə qədər adada qalır.
 
Antomarki imperatora mədə xərçəngi diaqnozu qoymuşdu. Bir həkim kimi o, bu xəbəri imperatora çatdırmalı idi. Onun gözlədiyinin əksinə, sərkərdə xəbəri soyuqqanlılıqla qarşıladı. 1821-ci ildə Napoleonun vəziyyəti pisləşdi. Əvvəlcə o, gəzməyə çalışsa da, sonradan yatağa düşdü və ayağa qalxmadı. Ölümünü hiss edən sərkərdə vəsiyyət yazmağa başladı. Vəsiyyətnamə 10 günə yazıldı.
 
İmperator 9 milyon 510 min frankı silahdaşları və xidmətçiləri arasında bölüşdürdü.
 
Napoleon vəfat etdikdən sonra Françesko və üç ingilis həkimin iştirakı ilə meyid yarıldı. Amma həkimlər sərkərdənin ölüm səbəbi barədə ortaq qərara gələ bilmədilər.
 
Yuxarıda adı qeyd edilən isveç alim Napoleonun həyatını araşdırır və məlum olur ki, Austerlisem döyüşündə də sərkərdə qusur və mədə pozuntusundan şikayət edir. Eyni hal Borodin döyüşündə də təkrarlanır. 1813-cü ildə Drezden qələbəsindən sonra Napoleonun mədəsində sancı başlayır və o, ishal olur. 1815-ci ildə sərkərdə yenə də ciddi xəstələnir. Bütün bu simptomlar siçan zəhərinin təsirindən baş verirdi. Deməli, imperatora dəfələrlə sui-qəsd təşkil edilmişdi və Müqəddəs Yelena adasında bu akt uğurla başa çatdı. İmperator gizli surətdə 17 il ərzində zəhərlənib!
 
 
 
İmperator adadan qaçıb?
 
Onun ölümü ilə bağlı başqa bir versiya da var. Bu versiyaya əsasən, Napoleon Müqəddəs Yelena adasından qaçıb. İddiaya əsasən, onun oxşarı, əsgər Fransua-Ejen Rabo imperatorun yerinə dəfn edilib. Bəzi iddialara əsasən, Avropaya yollanan Napoleon gəmi qəzasında vəfat edib. Hətta onun uzun illər Veronda yaşadığı və Revar adından istifadə etdiyi bildirilir.
 
Nəticə:
 
Rəsmi mənbələrə əsasən, Napoleon mədə xərçəngindən vəfat edib. Həkimlər bu xəstəliyin irsi olduğunu, onun atasının da bu xəstəlikdən vəfat etdiyini yazırdılar. Amma son illər Napoleon Bonapartın zəhərlənərək öldürüldüyü artıq sübut edilib.
 
İstifadə edilən mənbələr:
Jozef Narsis Marşan " Napoleon. Qürbətdəki illər" kitabı
Ben Veyder, Devid Helqud "Napoleonu kim öldürüb?" kitabı
L.Leystner, P.Buytaş "Kriminalistikada kimya" kitabı