​Namusunu qoruyan 40 qız bura sığınıb - Laçın

 
İstər yaz, istərsə də payız ayları yetəndə yurd nisgilli kövrək qəlbimdə köç ab-havası yaranır. Yazda havalar istiləşər-istiləşməz Aran Qarabağdan başlayan köç elat yolu ilə yaylaqlara yön alar, payız gələr-gəlməz, soyuqlar düşəndə, güllər-çiçəklər solanda üzü geri, arana qayıtmağa başlardı. Məlum olduğu kimi, elat yaylağa çıxmaq üçün ən azı iki həftə, bəzən də bir az çox yolda olurdu. Hər iki halda bu köçlərin bir çoxu Qasımuşağı obasının kəndlərinin ərazisindən, vaxtaşırı abadlaşdırılan elat yolları ilə keçib gedərdi. Qayıdarkən bu yollar ayrı-ayrı yaşayış məntəqələrinə aparsa da, yazda bu yollar köçləri bir ünvana — Qırxqıza aparırdı.
 
Bildiyimiz kimi, müxtəlif vaxtlarda ulu babalarımız doğma yurdda olan yerlərin hər qarışına hansısa səbəbdən bir ad verib. Verilən coğrafi adlar əsrlər boyu formalaşıb, dilin inkişaf xüsusiyyətlərinə uyğun olaraq dəyişib. Bu dəyişmələr zamanı tarixdə baş vermiş ictimai-siyasi hadisələr də az rol oynamayıb. Bu səbəbdən də öncə Qırxqız dağının ad mənzərəsinə nəzər yetirək.
 
Bu dağın adının yaranması, mənşəyi və mənası, qrammatik quruluşu, düzgün yazılışı və əsl mənası haqqında dəqiq yazılı məlumat əldə edə bilməyən, tez-tez sürgünlərdə olan, yarımköçəri həyat sürən yerli əhali özündən müxtəlif fantaziyalar yaradıb. Sonda bu cür fantaziyalar bir rəvayətin yaranmasına gətirib çıxarıb. Yerli əhali arasında yayılan bu rəvayətə görə, Qızqalanın 40 qız üçün tikildiyi ilə Qırxqız dağ adının yaranması arasında əlaqə olduğu iddia olunur.
 
Rəvayətə görə, mahalın zalım padşahı eldə olan gözəl qızları öz sarayına gətirib özünə arvad edərmiş. Zalım şah bir bahar çağı növbəti dəfə elin say-seçmə, gözəl qızlarını yenə öz sarayına toplayır. Öz abır, ismət və ləyaqətini qorumağa çalışan qızlar başqa çıxış yolu tapmadıqda sözbir edib gecələrin birində qaçmağa üstünlük verir. Gecənin qaranlığında gözətçini öldürən qızlar uzaqlarda görünən zirvəsi dumanlı-çənli bir dağa üz tutur. Nabələd olduqları bu dağda xeyli müddət gizlənir.
 
Rəvayətə əsasən, burada ömür-gün sürən qızlar sonra iki-iki qruplara ayrılaraq, özlərinə Qarabağın dağ və aran bölgələrinin əlverişli yerlərində koma tikir, yaşayış məskənləri salır.
 
Deyirlər, qızların qaçıb gizləndiyi bu dağı sonralar “Qırxqız” (yəni qırx qızın qaçıb gizləndiyi, saxlandığı dağ) adlandırırlar. Bir müddət sonra bu rəvayətlə əlaqədar olaraq, xalq arasında belə bir zərb-məsəl də yaranır: “Qırx qızla bir dağda tək qalmamısan”.
 
Qırxqız adının bəzi mənbələrdə əvvəllər “Qızqala” adlandırıldığı qeyd edilib. Maraq doğuracaq məsələlərdən biri də Azərbaycan ərazisində əllidən çox “Qızqala” adlı abidənin qeydə alınmasıdır. Onu da qeyd edək ki, təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrinin çoxunda “Qızqala” adlı abidələrə təsadüf edilir. Bu ad altında olan qalaların əksəriyyətinin əsas xüsusiyyəti onların dəniz və çay sahillərində, hündür yerlərdə tikilməsidir.
 
Qırxqızın ən uca zirvəsində inşa edilən Qızqalanın tikilmə tarixi, funksiyası barədə bu günə qədər heç bir arxeoloji qazıntı və araşdırma aparılmayıb. Bu abidə ətrafında yerli əhali arasında rəvayətlər danışılsa da, onun hansı məqsədlərlə tikilməsi dəqiq məlum deyil. Yüksək ərazidə tikilməsi onun hərbi təyinatlı olmasına, digər qız qalaları kimi müdafiə-gözətçi istehkamı kimi tikildiyini güman etməyə əsas verir. Əslində, Qızqalanın tədqiq olunması ilə Qarabağın qədim tarixi və bu ərazidə mövcud olan minlərlə abidələrdən biri haqqında maraqlı faktlar üzə çıxa bilərdi.
 
Aparılan araşdırmadan belə qənaətə gəlmək olur ki, Qırxqız oronimi iki hissədən - qırx və qız komponentlərindən ibarət birləşmədən yaranıb. Xatırladaq ki, sözün birinci komponenti olan qırx həm Azərbaycan, həm də digər türk dillərində sakramental (müqəddəs) olduğundan, türkdilli xalqların leksikasında olduqca işləkdir. İslamın təsiri ilə əhəmiyyətini daha da müqəddəsləşdirən qırx (Kırk, Gırk, Kırh, Kırn və s.) türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində islamdan öncədə mövcud idi. Bu səbəbdən də toponimkada da bu sözün özünəməxsus yeri var.
 
Sözün ikinci komponenti olan qız/kız/kuz sözü isə ümumtürk mənşəli leksik vahid olaraq, aşağıdakı mənaları kəsb etməkdədir: “nadir”, “əziz”, “qiymətli”, “mühafizə yeri”, “sığınacaq”, “səngər”, “gizli yer”, “qala” və s. Beləliklə, Qırxqız sözünün etimoloji mənası – qırx sığınacaq, qırx gizli yer, qırx səngər, qırx qala anlamına gəlir.
 
Aparılan araşdırmalardan və Qırxqız dağında olan yer adlarından aydın olur ki, bu yaylaqlarda heç bir erməni və yaxud kürd mənsubiyyətindən söz açmağa dəyməz.
 
Qafqazda olan 2 dağ sıralarından biri, ümumi baş su ayrıcısı olmayan Kiçik Qafqaz sıra dağlarında müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarət olan Qarabağ silsiləsinin şimal hissəsində, Laçın, Kəlbəcər və Xocalı rayonu ərazisini əhatə edən və Qırxqız adı ilə tanınan dağ ümumilikdə orta hesabla dəniz səviyyəsindən 2697 metr yüksəklikdədir. Ən hündür zirvəsi Laçın və Xocalı rayonlarının sərhədində və dəniz səviyyəsindən 2843 m yüksəklikdə qərarlaşan Qızqala dağ zirvəsidir. Qırxqız adlanan zirvə isə dəniz səviyyəsindən 2629 m yüksəklikdə yerləşir. Dağın qərb ətəklərində Laçın, şərq ətəklərində isə Xocalı rayonunun kəndləri sıralanır.
 
Qarabağ silsiləsinin şərq yamaclarında olan Qırxqız dağı kaynazoy erasında yaranmış cavan dağlardan biridir. Bu dağı təşkil edən süxurlar yura və tabaşir dövrünün süxurlarıdır. Burada vulkanik süxurlar geniş yayılıb. Qırxqızın qoynunda duruş gətirən qaya karvanları bir-birindən görkəminə görə çox fərqlənsə də, bir-birini tamamlayır.
 
Qeyd edək ki, Azərbaycanın ən səfalı və füsunkar təbiətli dağlarından biri sayılan Qırxqızın dağ ətəyi ərazilərdən başlayaraq hündürlüyə doğru meşə, subalp, alp, subnival, minvallandştaft qurşaqları bir-birini əvəz edir.
 
Torpaq, bitki və heyvanat aləmi şaquli zonalılıq üzrə dəyişən Qırxqız dağına torpaq örtüyünün və bitkilərin inkişafı üçün lazımi miqdarda yağıntı düşür. Qırxqız dağında qış fəsli quraq keçən soyuq, yay fəsli isə sərin olur. Yaz və payız fəslində daha çox yağıntının düşdüyü Qırxqız dağında illik yağıntının miqdarı orta hesabla 500-900 ml-dir. Burada ən isti günlər iyul, ən soyuq günlər isə fevral ayında özünü göstərir.
 
Zəngin bitki örtüyünə malik olan ərazidə minlərlə bitki növünə rast gəlinir. Ərazi dərman, endemik və nadir bitkilərlə də zəngin olmaqla yanaşı, bu əraziləri ən yaxşı təbii muzey hesab etmək olar. Qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən torpaqları üstünlük təşkil edən Qırxqızın həm şərq, həm də qərb yamaclarının orta və yuxarı dağ meşə qurşaqları meşə örtüyü ilə zəngindir. Bu dağ meşələrində geniş yayılan palıd, fıstıq, vələs ağacları ilə bərabər bir çox digər ağaclar - cökə, ağcaqayın, qaraağac, həmçinin kol bitkiləri - yemişan, əzgil, dovşanalması, doqquzdon (qızqızik), alça, fındıq, itburnu, zoğal, adi badam və s. geniş yayılıb. Qərb yamaclarında, Hacısamlı meşələrində dünyada qiymətli olan və Azərbaycanda yalnız bu ərazidə bitən qırmızı palıd ağacı (qızıl palıd) var.
 
Meşə qurşaqlarından yuxarıda subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşağı öz yerini tutur. Bu yerlərin bitkiləri dağ-çəmən bitkiləridir. Bu qurşaqlarda çətin şəraitin hökm sürməsinə baxmayaraq, sayı və növü kifayət qədər olan heyvan və quşlar buranı özlərinə məskən seçiblər. Bu qurşaqların meşəsiz sahələri yay otlaq sahəsi kimi əvəzedilməzdir. Qədim dövrlərdən başlayaraq, bu dağ tirəsinin yuxarı yamaclarında və ətəklərində maldarlıqla məşğul olan tayfaların yaylaqları yerləşir. Xanlıqlar dövründə xanlıq torpağı, sovet dönəmində isə burada dövlət torpaqları və şəxsi yaylaq yerləri mövcud idi. Hətta dövlət torpaqları bəzən icarəyə də verilirdi. XIX əsrin sonu XX əsrin əvvəllərində hər desyatin üçün 40 qəpik pul ödənilirdi.
 
Heyvanat aləmi də Qırxqızda şaquli zonalılığa uyğun inkişaf edib. Qırxqız meşələrində əlik (cüyür), donuz, ayı, vaşaq, tülkü, çaqqal, çöl pişiyi və digər heyvanlara rast gəlinirdi. Quşlardan qaratoyuq, bülbül, ağacdələn, şanapipik, quzğun, qızılquş, qırğı, bildirçin, alabaxta, göyərçin, kəklik və s. göstərmək olar. Hündür yalçın qayalarda əsasən dağ keçisi və qartal məskən salıb.
 
Qırxqız dağlarına düşən illik yağıntı burada sürətlə axan çayların qidalanmasının əsas hissəsini təşkil etdiyindən şərqə və qərbə doğru axan bütün çaylar (Narzan, Ələkçi, Piçənis, Kolatay, Bədərə və başqa çaylar) daşqın xarakterlidir. Dağ yamaclarında bu çay və sel sularının güclü təsiri nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlib.
 
Dağ yamaclarında olan yer adları bunlardır: Kəmər qaya, Qaranlığın dərəsi, Cinni gədik, Qara qaya, Dolubasan, Kotan qaya, 1-ci yurd, 2-ci yurd, Sarıyurd, Dəlik daş, Ağ qaya, Dərə yurd, Ağalı, Bərə güney, Çoban güney, Yağlı bulaq, At qoruğu, Qatar qaya, Haça qaya, Qoruğun yalı, Duzlağın yalı, At bulağı, Göz bulaq, Meydan, Seyid qəbri, Yal Yurd, Çubuq qayası, Qoyun yolu, Dərviş qaya, Göy xir, Ağcayazı, Ağ uçuq, Bala güney.
 
Bir vaxtlar qırx xanımın, qırx qızın sığınacaq tapdığı və sonda onlara nicat bəxş edən Qırxqız dağı indi öz doğma övladlarına qucaq aça bilmir, artıq bizlər üçün çox-çox yadlaşıb. Qoynunda yağı düşmən gəzib-dolaşır, dünyaya gələn və dünyada analoqu olmayan düşmən bu gün özünü bu yurd yerlərinin sahibi hesab edir.
 
P.S. Təqdim etdiyimiz şəkillər Laçın rayonunun işğalından sonra çəkilib. Bəzi şəkillərdə əks olunan təyyarə parçaları, 1990-cı il avqustun 1-də İrəvandan Xankəndinə uçan Yak-40 təyyarəsinin qəzaya uğramasından sonra indiyə qədər qalan qalığıdır. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalığı və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib.