Namiq Qaraçuxurlu: “Biznesimi bağlamağa məcbur oldum” – VİDEOMÜSAHİBƏ

 
“Devalvasiyadan sonra ayaqqabı biznesimi bağlamağa məcbur oldum. Çünki malları xaricdən gətirirdik. Bu da, sərf etmədi”. Bu sözləri A24.Az-a müsahibəsi zamanı məşhur meyxanaçı Namiq Qaraçuxurlu səsləndirib.
 
Maraqlı açıqlamalar verən meyxanaçı ən çox qıcıq olduğu adamlardan da danışıb. O, başından böyük danışan insanları sevmədiyini bildirib. Qaraçuxurlu belə insanlara daha çox aparıcılar arasında rast gəlindiyini əlavə edib.
 
“İşlədiyi sahədən başı çıxmayan, peşəkarları öyrətməyə cəhd edən adamları görəndə qıcıqlanıram. Bu cür insanlar bütün sahələrdə var. Məsələn elə aparıcı olub ki, meyxana haqqında mənə nəsə başa salmağa çalışıb. Belə adamlar əlbəttə ki, adamı qıcıqlandırır”.
 
Namiq Qaraçuxurlu bəzi insanların, xüsusən də müğənnilərin ulduz xəstəliyinə tutulmalarına da qıcıq olduğunu söyləyib.
 
“Səhər yuxudan oyanırlar, telefonlarına bir- iki zəng gəlir, tanındıqlarını hiss edirlər və olurlar dəli”.
 
Yalnız yeni mahnı yazdırdığı zaman efirdə görünməyə üstünlük verdiyini söyləyən meyxanaçı siyasətlə də maraqlandığını bildirib.
 
Hətta ABŞ-da keçirilən prezident seçkiləri ilə də maraqlandığını söyləyən Qaraçuxurlu seçkilərin baş tutduğu gün ad günü olduğundan nəticəsi ilə ertəsi gün maraqlanıb.
 
“Açığı desəm Donald Trampın prezident seçilməsinə təəccübləndim. Heç gözləmirdim. Başım doğum gününə qarşmışdı deyə bununla çox maraqlanmamışam”.
 
İzləyiciləri və pərəstişkarlarından da danışan meyxanaçı onları özünə bənzədib.
 
“Onlar heç vaxt qalmaqallı mövzularda sosial şəbəkədə dalaşmırlar. Mən necəyəm, onlar da elədirlər. Bir o narahatlıq var ki, hər bir pərəstişkar ayrı-ayrılıqda diqqət istəyir. Mən pərəstişkarlarım arasında seçim etmək istəmirəm”.