​Naibə Allahverdiyeva niyə qara siyahıya düşdü? – MÜSAHİBƏ

 
Teleqraf.com əməkdar artist Naibə Allahverdiyeva ilə qısa müsahibəni təqdim edir:
 
-Naibə xanım, heç sizi qalmaqala çəkən olub?
 
-Olub. Bir aktrisa bir gün dedi ki, istəyirəm məşhur olam, gəl qalmaqal edək. Mən razılaşmadım. Bu vaxta qədər olan qalmaqallarımın heç biri süni deyildi. Sadəcə, özümü müdafiə etmək üçün mən də öz sözümü demişəm. Hansısa rejissorla qalmaqalım olubsa, deməli, mənim haqqımı tapdalayıb ki, bu baş verib. Yaxud hansısa aktrisa ilə aramda nəsə olubsa mən də haqlı sözümü demişəm. Mən o sözləri ona görə deməmişəm ki, məni tanısınlar, yaxud qalmaqallarla gündəmə gəlim. Belə şeylərdən həmişə uzaq olmuşam.
 
-Əcnəbi sənətçilər sosial media hesablarında adətən işlərini reklam edirlər. Aktrisa olaraq siz hesablarınızı hansı məqsədlə istifadə edirsiniz?
 
-Mən tvitterdə ümumiyyətlə yoxam. İnstaqramda yeni-yeni fəaliyyətə başlamışam. Uzun illər feysbuk hesabımı işlədirəm. Feysbuk başıma bəla açdı. Amma bunun nə olduğunu demək istəmirəm. Bir gün elə bir şey oldu ki, böyük sarsıntı yaşadım.
 
Bilirsiz, sosial şəbəkədə insan öz fikirlərini, düşündüyünü yazırsa, buna görə onu qara siyahıya salmaq düzgün deyil. Mən də bu ölkənin bir vətəndaşıyam, ziyalıyam və öz fikrim ola bilər. Buna görə məni qara siyahıya salmaq nəyə lazım idi?
 
Açığını deyim ki, sənətimi sosial şəbəkədə çox az nümayiş etdirirəm. Orda əsasən ölkəmizdə, dünyada baş verən xəbərləri oxumağı sevirəm. İnstaqramda isə şəkillər paylaşıram.
 
-İnstaqramda daha çox istirahət anında çəkilən fotoları paylaşırsınız.
 
-Sözün düzü, şəkil çəkdirməyi xoşlamıram. Mənə bu yaxınlarda dedilər ki, nahaq yerə şəkillərini instaqramda paylaşmırsan. Paylaşmaq lazımdır ki, izləyicilərin artsın. İnanın, bir ayın içində nə qədər izləyici yığdım. Ona görə əlimə nə şəkil düşsə paylaşıram. Bunlar da daha çox köhnə şəkillər olur. Özümə söz vermişəm ki, izləyicilərimi intizarda qoymayacam. Mənim üçün izləyicilərin sayının heç bir fərqi yoxdur, əsas odur ki, vəfalı izləyici olsun. Xoşbəxtəm ki, mən geyimlərimlə, qalmaqallarımla sevilməmişəm. Mən elə sənətimlə, obrazlarla sevilmişəm. Buna görə özümü xoşbəxt aktrisa sayıram.
 
Sizə bir sirr açım, mən izləyicilərimi qısqanıram. Təbiətim etibarı ilə çox qısqancam. Amma sevənlərimi xüsusilə qısqanıram. Bir gün məclislərin birində bir xanım yanıma gəldi, şəkil çəkdirdi, o qədər gözəl sözlər dedi ki, əriyib getdim. Mən fikirləşdim ki, bu, mənim həqiqətən pərəstişkarımdır.
 
Bir neçə dəqiqə sonra bir başqa aktrisanın yanına getdi, başladı onunla şəkil çəkdirməyə...Və hiss elədim ki, ona da o sözləri deyir. Qayıtdı gəldi yanıma ki, yenə şəkil çəkdirsin, razılaşmadım. Dedim, qızım, mən şəkildə çox çirkin düşürəm. Hadisə mənə çox pis təsir etdi. Məni sevən ancaq məni sevməlidir.
 
Başqa bir fanatım vardı, əvvəl tanınmayan sonra bir serialla məşhurlaşan bir aktrisaya yazmağa başladı. Məndən soruşdu ki, ona yazdığıma görə məndən incimirsiniz ki...Yazdım ki, inciyirəm. Əgər sən onunla əlaqə qurursansa, ona fanatlıq edirsənsə deməli mənim fanatım deyilsən. Və mən onu bloka atdım. Mənim fanatlarım başqalarının şəkillərinin altına nəsə yazırsa mən onu fanat hesab etmirəm. Fanat bir sənət adamını sevməlidir. Əsl fanat odur.
 
Mənim bir neçə fanatım var  ki, onların səmimiliyə çox inanıram. Həttə deyirlər ki, Naibə xanım biz sizin üçün ölümə belə gedərik. Bu adamlar tək Azərbaycanda deyil, Dağıstanda da var. Hətta sizə deyim ki, ən yaxşı fanatım 15 yaşlı Amaliya Dağıstanda yaşayır. Bax, o, mənim əsl pərəstişkarımdır. Baxmayaraq ki, mən bəzən ona cavab vermirəm, yazdığına etinasız da yanaşıram, amma o, bütün kaprizlərimə dözür. Əhvalım pis olanda səbəbini öyrənmədən rahat olmur.
 
-Naibə xanım, aldığınız ən gözlənilməz hədiyyə, sürpiz nə olub? Sualı elə belə vermirəm, bu yaxınlarda Türkiyənin məşhur bir aktyorunun sevənləri onun üçün kitab buraxıblar və hətta xeyriyyə aksiyasında fəal iştirak edib, xərçəngdən əziyyət çəkən uşaqlara dəstək olublar.
 
-Bizdə elə şeylər yoxdur. Yoxsa var, mənim xəbərim yoxdur? Amma məncə, yoxdur. Bizdə əksinədir, yəni tamaşaçılara biz kömək edirik. Əvvəlcə bizi sevdiklərini yazırlar, sonda yardım istəyirlər. Bir dəfə biri yazdı ki, Naibə xanım məni seriala çəkə bilərsiniz? Dedim mən rejissor deyiləm ki, səni çəkim. Heç mənim özümü seriala çəkən yoxdur, mən sənə neçə kömək edim? Əlbəttə, imkanım daxilində yardım edirəm. Amma əgər imkanım daxilində deyilsə, heç nə edə bilmirəm. Çox istəyərdim ki,  zəngin olub, hamıya kömək edim.