​Nağı bəy Şeyxzamanlının Osmanlı sultanına türklərlə bağlı möhtəşəm cavabı- TARİX

Baxış sayı: 
157

 
 
 
Moderator.az gələn il yüzillik yubileyi keçiriləcək Azərbaycan Cümhuriyyəti ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə Cümhuriyyətin yaranmasında müstəsna xidmətləri olan, dövlətin xüsusi xidmət orqanı  Əks inqilabla mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlı haqqında bir tarixi faktı təqdim edəcəyik. Həmin fakt Cümhuriyyətimizi öyrənmək üçün çox dəyərli mənbə olan Nağı bəyin xatirələrindən alınıb.
 
O zaman Nağı bəy hələ xüsusi təşkilatın rəisi deyildi. O, başqa bir missiya üçün İstanbula göndərilmişdi. Görüşdüyü adamlar arasında Ənvər Paşa, Nuru Paşa və bir çox ali mənsəb sahibləri də var. Bir gün isə... Gəlin, özünü dinləyək:
 
“Bir cümə axşamı Ənvər Paşa mənə “Nağı bəy, sabah sultan tərəfindən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib sizi götürəcəkdir” dedi. Cümə günü deyilən vaxtı avtomobil gəlib məni Yıldız sarayına aparıldı. Sultan Rəşad namazda idi. Biz bir başqa otaqda söhbət edərək gözləyirdik. Sultanın namazdan çıxdığını bizə xəbər verdilər. Bayıra çıxdıq. Bəhriyyə orkestri marş çalır, vəkillərlə mən də sıraya düzülmüşdük. Sultan yanında da Ənvər Paşa salam almış vəziyyətdə bizə doğru gəlirdilər. Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümüşü papaqla gözə çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sultan Ənvər Paşaya məni göstərərək “Bu kimdir?” deyə soruşur. Ənvər Paşa “Qafqaz vəkili Nağı bəydir” cavabını verir. Sultan mənim türkcə bilib-bilmədiyimi soruşur və sonra yanımızdakı pilləkənlərlə yuxarı çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə “Nağı bəy, Sultanın hüzuruna qəbul olunurusunuz” dedi. Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni gözləri ilə süzdü və “Demək türkcə bilirsən” dedi. Mən də “Bəli Sultanın, mən türkəm” dedim. Sultan mənə “mən səni çərkəz zənn etdim” dedi. Mən dərhal “Qafqazda 5 milyon türk vardır. Bunların içərisində çərkəzlər 200000-ə qədərdirlər” dedim. Sultan Rəşad bu sözlərimdən məmnun olmadı və “demək zalım çar onları məhv edib tükətmiş” dedi. Sonra o, mənə anasının çərkəz olduğunu və çərkəzləri çox sevdiyini söylədi. Mən “Sultan həzrətləri, Rusiyada 35 milyon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü altında inləməkdə idilər. Allahın köməyi ilə Çarı devirəcək zəncirləri qopardıq. Məni vəkil edərək «get müsəlmanların hörmətli xəlifəsinə salamımızı çatdır» dedilər. «Hamımız sənə dua etməkdəyik» dedim. Bu sözlərimdən çox məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və «Nağı bəyə üçüncü dərəcəli məcidiyyə verin» dedi. O zaman əncir aldığım baqqalın məcidiyyələri yadıma düşdü. Ənvər Paşa «Sultan həzrətləri, Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qafqazdan qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin» dedi. Biz bayıra çıxdıqda Ənvər Paşa əlimi sıxdı və əmirlərə verilən üçüncü məcidiyyə nişanı ilə təltif edildiniz, təbrik edirəm» dedi. Bu zaman anladım ki, alacağım məcidiyyə deyil, məcidiyyə nişanıymış”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...