​Nə Rusiya, nə də ABŞ Türkiyəni...

 
Ermənistanın təkbaşına hətta “dağılmış” Türkiyədən torpaq qoparmaq təşəbbüslərinə girişməsi real deyil. Əksi olsaydı, Dağlıq Qarabağda da müharibə qaçılmaz olacaqdı.
 
Axar.az xəbər verir ki, bu haqda siyasi şərhçi Elxan Şahinoğlu yazıb. Politoloq Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçinin 15 iyulda Türkiyədə qiyam cəhdi ilə bağlı açıqlamasını şərh edib
 
“Nazir bildirib ki, əgər 15 iyulda hərbi çevriliş uğurla nəticələnsəydi, Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə - Ermənistana və Kürdistana veriləcəkdi. Fikrimcə, çevrilişçilər istəklərinə nail olsaydılar, Türkiyədə Suriyadakına bənzər vətəndaş müharibəsi başlayacaq, ordu və cəmiyyət bir neçə hissəyə bölünəcəkdi. Kürdüstanı anladım, PKK Türkiyənin şərqində fəaliyyətini genişləndirəcək və qopma real çizgilər daşıyacaqdı. Bəs Ermənistan Türkiyədən necə torpaq qoparacaqdı Ermənistanın təkbaşına hətta “dağılmış” Türkiyədən torpaq qoparmaq təşəbbüslərinə girişməsi real deyil. Əksi olsaydı, Dağlıq Qarabağda da müharibə qaçılmaz olacaqdı”.
 
Politoloq Rusiyanın Türkiyənin qanuni hakimiyyətini gözardı edərək Ermənistanın Türkiyədən torpaq qoparmaq təşəbbüsünə dəstək verəcəyini düşünmədiyini qeyd edib
 
“Putin Krımı işğal edə bilər, Qarsın işğalı onluq deyil. Nihat Zeybəkçinin məntiqindən çıxış etsək, Ermənistana Türkiyədən torpaq qoparmaq işində dəstək verəcək dövlət Rusiya deyilsə, onda qalır ABŞ. Ancaq Vaşinqtonun da NATO dövlətini parçalayaraq Rusiyanın hərbi-strateji müttəfiqinə torpaq pay verməsi məntiqli görünmür”.
 
Qeyd edək ki, ötən gün Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi  Türkiyədə baş verən 15 iyul hadisələrinin qiyam cəhdi deyil, işğal prosesi, Türkiyənin parçalanması planı olduğunu bildirib. Nazirin sözlərinə görə, bu işğalın sonunda hədəflənən şey Kürdüstan və Ermənistan idi.