Məzarı uzun müddət gizli qalan Cümhuriyyət naziri- Tarix

 
 
 
 
Moderator.az Cümhuriyyətin gələn il keçiriləcək  100 illik yubileyinə aid silsilə yazılarını davam etdirir. Bu dəfə  ADR-in ədliyyə və daxili işlər  naziri olmuş Xəlil bəy Xasməmmədov haqqında danışacağıq.
 
 Azərbaycanın ilk ədliyyə naziri, eləcə də daxili işlər nazirlərindən biri olan Xəlil bəy Xasməmmədovdan danışılacaq. 1875-ci ildə Gəncədə anadan olmuş Xəlil bəy 1945-ci ildə İstanbulda vəfat edib və Feri Köy məzarlığına dəfn edilib.
 
O, müstəqil hökumət dövründə formalaşdırılan beş hökumətdən dördünün tərkibində iştirak edib. İki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində çalışıb.
 
O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan  Cümhuriyyəti hökumətinə qarşı işləyən təxribatçı qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün birgə fəaliyyət zəruri idi. 
Xəlil bəy Xasməmmədovgil ailədə dörd qardaş olublar. Qardaşlardan üçü – Xəlil, Ələkbər, Əsgər hüquqşünas idi. Böyük qardaş Ələkbər ideoloji cəbhənin önündə gedərək özünü bu yolda fəda edənlərdən idi. O, ayrı-ayrı vaxtlarda “Qeyrət”, “Difai” kimi təşkilatların yaranması və idarəetməsində aktiv rol oynayıb. Amma 1925-ci ilin məşhur qətliamlarında Ələkbər bəy də güllələnir.
Qardaşlardan yalnız axırıncısı Nağı bəy Xasməmmədov hüquqşünas olmayıb. Amma bu gün həmin ad bizə daha yaxşı tanışdır. Çünki onun qızı Dilguşə xanımı, həyat yoldaşı Çingiz bəyi, Azərbaycan elitar zümrəsi yaxşı tanıyır. Daha dəqiq desək, Xəlil bəyin qardaşı qızı Dilguşə xanım mərhum akademik Çingiz Cuvarlının həyat yoldaşı, ekspert-analitik Toğrul Cuvarlının isə anasıdır. Gəncənin iki məşhur ailəsinin - Cuvarlılılar və Xasməmmədovların qovşaq nöqtəsi olan bu ailə sonradan hər iki nəslin adının yaşaması üçün kifayət qədər çalışıb. Bir neçə il bundan əvvəl dünyasını dəyişən Dilguşə xanım o zamankı tarixi hadisələrin  bir növ canlı kitabxanası olub. Amma heç onun özü də əmisi Xəlil bəyi, o cümlədən digər əmilərini görməyib. Çünki bolşevik rejimi 1920-ci ildə AXC-nin müstəqilliyini məhv etməklə onun liderlərini pərən-pərən saldı. Bu zaman gəncəli liderlər – Xəlil bəy Xasməmmədov və Nəsib bəy Yusifbəyli (baş nazir)  də ölkədən kənarda idilər. 
 
Nəsib bəy  o hadisədən sonra Gürcüstana gedib və yolda xəyanət nəticəsində öldürülüb. Xəlil bəy isə süqutun astanasında İstanbula səfir göndərilib və AXC-nin istilasını da orada eşidib.  Amma bu o demək deyil ki, bolşevik istilaçılar  Xəlil bəydən belə asanlıqla əl çəkdilər. Əsla yox, həm Xəlil, həm də qardaşları Əsgər və Ələkbərin ictimai fəaliyyəti səbəbindən bolşeviklər onların Gəncədəki ailələrini çox incidib. Ailə demək olar ki, didərgin düşür. Hətta ən kiçik qardaş Nağı bəyin oğlunu da (Toğrul Cuvarlının dayısı) təqiblərlə üz-üzə qoyub onu hər şeydən təcrid edirlər. Əsas səbəb isə elə nazir əmisi Xəlil bəy olur.
 
Xəlil bəyin özü isə  başqa silahdaşları kimi Azərbaycana qayıtmağın mümkünsüzlüyünü dərk edir. Bütün həyatını elə qardaş Türkiyə ilə bağlayır. Orada Xəlil bəy Gurgören imzası ilə publisistik fəaliyyətlə məşğul olur. O zaman Azərbaycan mühacirləri iki cəbhədə - həm Avropa, həm də Türkiyədə məskunlaşıb öz ideoloji mübarizələrini davam etdirməyə çalışırdılar. İstanbuldakı Xəlil bəylə Avropdakı Məhəmməd Əmin Rəsulzadə arasında elə ideoloji məsələlərdə fikir ayrı-seçkiliyi yaranır və onlar daha sonra münasibət qurmurlar. İncikliyin səbəblərindən biri  də Xəlil bəyin Avropaya getməyib Türkiyədə qalmasına üstünlük verməyi idi.
 
Türkiyədə də olsa, sabiq nazir çox tənha bir ömür yaşayır. Ətrafında vur-tut bir neçə yaxın ailə var idi. Bunlar Xoyskinin ailəsi və ona qohum olan sabiq baş nazir Yusifbəylinin ailəsi idi. İstanbulda Xəlil bəy Suat adlı bir gənc türk qızı ilə evlənir. Amma çox təəssüf ki, onların varisi olmur. Xəlil bəy haqqında xatirələri Nəsib bəyin qızı Zöhrə xanım sonradan onun yaxınlarına danışıb. Yaxınları deyərkən, konkret olaraq professor Toğrul Cuvarlıanasının xahişi ilə iki dəfə İstanbula, babasının qardaşı olan Xəlil bəyin məzarını ziyarət etməyə gedib. Amma nə Xəlil bəyin məzarını ziyarət edə, nə də Zöhrə xanımla görüşə bilib. Zöhrə xanımın evini tapsa da, artıq o dünyasını dəyişmişdi. Toğrul Cuvarlı sonradan “Azadlıq” radiosuna Xəlil bəyin qürbət ömrü və onun dəfn olunduğu yer barəsində bunları danışıb:
 
“Xəlil bəy Xasməmmədovun ölüm tarixi bəzən 1947, bəzən isə 1945-ci il göstərilir. Mənim anam, yəni onun qardaşı qızı Dilguşə xanım həmişə deyirdi ki, o, 1945-ci ildə vəfat edib. Amma mənim yadıma gəlir ki, “Amerikanın səsi” radiosunda “Azərbaycan” adlı veriliş var idi.  SSRİ-yə qarşı “soyuq müharibə” məqsədilə təzə-təzə görülən işlərdən biri idi. Mən Xəlil bəyin səsini 1946-cı ildə oradan eşitmişəm. O zaman alman “pryomnik”lərinə gecə vaxtı qorxa-qorxa qulaq asırdıq. Elə bil ki, mən onun səsini radiodan eşitdim. Anama dedim ki, onun səsini eşitmişəm. Anam inanmadı. O, həmişə deyirdi ki, əmisi 1945-də ölüb. Mən iki dəfə İstanbula getdim. Anamın xahişi ilə Xəlil bəyin də məzarını ziyarət etməliydim. Eşitmişdim ki, orada Feri Köy qəbristanlığında basdırılıb. Birinci dəfə axtarış çox uğursuz oldu. Baxmayaraq ki, Xoyskinin qohumları məzarın yerini mənə demişdilər. Sxem də çəkmişdilər. Amma mən birinci dəfə tapa bilmədim. Özü də Nağı bəy Şeyxzamanlının yanında dəfn olunub. Həm də həyatda da yaxın dost olublar. İkinci dəfə isə mən məsələyə rasional yanaşdım. Orada basdırılanların adı əks olunan kitabça var idi. Lazımı adamlara yaxınlaşdım, məsələni dedim. Onlar da kitabçaya baxdılar. Soruşdular ki, adı nədir. Mən də onun Türkiyədəki yazılarında işlətdiyi təxəllüslə dedim. Dedim ki Xəlil Gurgören. Orada adını tapdılar. Vəfat ili 1945-ci il yazılmışdı. İnanmıram ki, o kitabda səhv yazıla. 
 
Amma Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsi Toğrul Cuvarlı bundan sonra da qohumunun məzarını tapa bilmir:
 
“Elə həmin adamlar mənə dedilər ki, məzar ya 22, ya da 23-cü cərgədə ola bilər. Getdim,  amma  tapa bilmədim. Araşdırmaçı Xanlar Bayramov da bu istiqamətdə işlər görüb. Amma o, Nağı bəy Şeyxzamanlının qəbrini tapıb şəklini çəkmişdi. Mən Nağı bəyin qəbrinin yanına gedib Xəlil bəyin məzarını tapa bilmədim. Deyilən işarələrlə də tapılmadı. Bu dəfə istəyirdim ki, gedim, anamı sevindirim. Deyim ki, Xəlil bəyin məzarını ziyarıt etdim. Amma mümkün olmadı. Mən Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə, orada çalışanlara deyirəm ki, onlar da Feri Köy məzarlığına gedib ya 22, ya da 23-cü cərgədə Xəlil bəyin məzarı üçün bir daha baxsınlar. Mən yaşlanmışam, o məzarı tapa bilmədim. Onların gözü məndən daha iti görə bilər. Ola bilsin ki, həmin məzarın yeri bilinər və onlar da həmyerlilərinin məzarını ziyarət  edər”.
 
Qeyd: Xəlil bəyin Feriköydəki məzarı uzun illərdən sonra yenidən ziharət edilir. Azərbaycandan olan önəmli bir insanın məzarənın tez - tez ziyarət olunması ilə bağlı baş idarəyə məlumat verilir. Baş idarədən Xosrov bəy Sultnovun kimliyi araşdırılır və onun Azərbaycanın ilk hərbi naziri olduğunu, Qarabağın General Qubernatoru olduğu zaman ermənilərə Qarabağda göz açmağa imkan verməyən bir rəhbər olduğunu və ən nəhayyəti 1 - ci dünya müharibəsi zamanı Azərbaycandan Türkiyəyə qardaş köməyinə gedərək, Qarsda, Ərzurumda, Trabzonda erməni - daşnak qüvvələrinin qətliamına məruz qalmış əhaliyə yardım göstərən, minlərlə yetim qalmış uşaq üçün Tiflisdə və Bakıda yetimxanalar açan və onlara qayğı göstərən "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin nümayəndə heyyətinin başqanı olduğunu öyrənirlər.
 
Bütün bunları öyrəndikdən sonra bir vəfa borcu bilərək bəyin məzarını təmir edirlər.
Bütün bu məlumatları  araşdırmaçı Ceyhun Nəbiyə Feriköy qəbirstanləğında çalışan Qədir Aydoğan adlı məmur vermişdir.
 
Elmin Nuri

Загрузка...
Загрузка...