MÜXALİFƏTDƏN OLAN MÜŞAHİDƏÇİ ZORAKILIĞA MƏRUZ QALIB

Dünən ölkədə keçirilən referendum kütləvi seçki saxtakarlıqları ilə bərabər, müşahidəçilərə qarşı törədilmiş kobud qanun pozuntuları ilə də müşahidə olundu.
Əldə etdiyimiz məlumata görə AXCP fəalı Xəyal Mehdiyev referendum zamanı Bakı şəhəri üzrə 21 saylı Nəsimi birinci seçki dairəsi ərazisində müşahidə apardığı zaman baş vermiş seçki saxtakarlıqlarını qeydə aldığına görə polis və mülki geyimli şəxslər tərəfindən zorla məntəqədən uzaqlaşdırılmış və fiziki zorakılıqlara məruz qalıb. Xəyal Mehdiyev referendum bitdikdən sonra 240 saylı orta məktəbin binasında yerləşən 9 saylı seçki məntəqəsində səslərin sayılması prosesini müşahidə etmək istədiyi zaman məntəqənin həyətində mülkü geyimdəki polis əməkdaşları tərəfindən döyülərək üstündəki video kamera və mobil telefonu sındırılıb, seçki saxtakarlıqları ilə bağlı tərtib etdiyi aktlar isə əlindən zorla alınıb, özü isə maşına məcburi mindirilmək istərkən ətrafdakı insanların köməyi ilə son anda yaxa qurtarıb naməlum istiqamətə qaçmışdır. Hadisədən bir qədər sonra isə Xəyal Mehdiyevin yaşadığı ünvana bir neçə nəfər mülki geyimli şəxslər gələrək özlərini polis əməkdaşı kimi təqdim edərək mənzildə guya “Xəyal tərəfindən oğurlanmış seçki bülleteni var” deyə axtarış aparmağa cəhd etmişlər. Onun ailə üzvləri buna imkan vermədikdə isə onlara qarşı təzyiq və təhdidlər edilib və Xəyalın yerini soruşublar. Ailə üzvləri onun harada olması barədə məlumatlı olmadıqlarını bildirdikdə, həmin şəxslər X.Mehdiyevi seçki prosesinə və məntəqə seçki komissiyasının işinə müdaxilə etməkdə ittiham edərək onun həbs olunacağını bildirmişlər. Paradoksal haldır ki, seçki saxtakarlıqlarının qarşısını alan AXCP fəalına qarşı hüquq mühafizə orqanları tərəfindən “vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə” adı ilə saxta və qondarma ittiham irəli sürüləcəyi deyilib.