MÜXALİFƏTÇİ MÜHACİRİN YAXINLARINA TƏZYİQLƏR VAR

Bu gün, ölkədə siyasi fəallara, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə və azad mətbuata qarşı aparılan repressiv siyasətin nəticəsi olaraq yüzlərlə insan saxta və qondarma ittihamlarla həbsxanalarda, minlərlə insanlar isə bu təzyiq, təqib və həbslərdən yaxa qurtarmaq üçün ölkədən didərgin düşərək, Qərb və Avropa ölkələrində mühacir həyatı yaşamaqdadır. Təəssüflər olsun ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, insanların siyasi əqidəsinə görə təhdidlər və şiddətlə üzləşməsinə görə Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təpkilər də heç bir effekt vermir. Əksinə, hər gün ölkədə yeni-yeni siyasi motivli həbslərin, təqiblərin, təzyiqlərin şahidi oluruq.
Narahatedici hallardan biri də ondan ibarətdir ki, təqib və təzyiqlər üzündən ölkəni tərk etmiş müxalifətçi fəallarla yanaşı onların yaxınlarının da təqiblərlə üzləşməsi adi hal alıb. Sanki, hakimiyyət orqanları ölkəni tərk edən müxalifətçi fəalların qisasını onların yaxınlarından və əzizlərindən çıxmaq istəyirlər. Kimisi atasının, kimisi övladının müxalifətçi olduğuna görə işlədiyi iş yerindən qovulur, kimisi təqiblərə, təqiblərə, şantajlara və təhdidlərə məruz qalır. ADP-çi fəal Hidayət Qasayev də belələrindəndir. Siyasi fəaliyyətinə görə Hidayət Qasayevəqarşı təqiblər 2015-ci ilin may ayında inzibati qaydada həbs oldunduqdan sonra intensiv xarakter alıb. O, daima tanımadığı naməlum şəxslərin hədə-qorxusu ilə üzləşmiş, naməlum telefon zəngləri edilərək, siyasi fəaliyyətini davam etdirəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid edilib. Baş verən hadisələrlə bağlı dövlət orqanlarına etdiyi müraciətlərə rəğmən heç bir tədbir görülməmişdir. Əksinə, bundan sonra başına müsibətlər açılmış, naməlum şəxslərin hücumuna məruz qalaraq döyülmüş, başına açılan bu özbaşınalıqlardan sonra Hidayət Qasayev özünün təhlükəsizliyini təmin etmək üçün ölkəni tərk etmək məcburiyyətində qalıb.
Lakin, Hidayət Qasayev ölkəni tərk etsə də, bu gün onun yaxınları təqiblərə tuş gəlir. Belə ki, redaksiyamıza adını mətbuata açıqlanmasını istəməyən Hidayət Qasayevin qohumunun verdiyi məlumata görə bu yaxınlarda bir neçə dəfə onun yaşadığı mənzilə naməlum şəxslər tərəfindən zənglər edilərək onun harada olması ilə bağlı maraqlanmışlar.
Hidayətin ölkədə olmadığını öyrənən həmin şəxslər burada olan yaxın qohumunu onu gizlətməkdə ittiham ediblər. Bu hadisələrdən bir neçə gün keçdiyindən Hidayətin qohumu hər şeyin bitdiyini düşünsə də, ötən günlərdə baş verən hadisə onu sözün əsl mənasında şoka salıb. Belə ki, axşam saatlarında evlərinə gələn mülki geyimli şəxslər mənzilə zorakılıqla soxularaq Hidayəti axtarmağa başlayıblar. Özlərini hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən həmin şəxslər bildirib ki, onlara Hidayətin tapılmasını tapşırıblar. Həmin şəxslər Hidayəti evdə tapa bilmədiklərinə görə onun qohumuna qarşı nalayiq ifadələr işlədərək və təzyiq edərək onun yerini deməyi tələb etmişlər. Hidayətin qohumu onun ölkədə olmadığını bildirdikdə, həmin şəxslər daha da aqressiv davranmışlar. Bu hadisədən sonra Hidayətinqohumu ağır psixoloji sarsıntı keçirmiş və hal-hazırda da qorxu və təhlükə altındadır. O bu təzyiqlərin son olacağını güman etmir. Görünür, Hidayət Qasayevölkəni tərk etsə də, Azərbaycan hakimiyyətinin ona qarşı qəzəbi soyumamışdır. Baş verən hadisələr göstərir ki, Hidayət Qasayev ölkəni tərk etməsəydi, azadlığı və təhlükəsizliyi ciddi təhlükə altına düşə bilərdi.