Müxalifətçi fəalın təqibi hələ də davam edir

 
Son illər beynəlxalq qurumların Azərbaycan hökumətinə ölkədə insan hüquq və azadlıqları sahəsində ağır vəziyyətin ortadan qaldırılması tələbi ilə etdiyi çağırışlardan sonra az da olsa güman edilirdi ki, həbsdə olan siyasi məhbusların azadlığa buraxılması və siyasi baxışlarına görə insanların təqib edilməsinin dayandırılması istiqamətində addımlar atılacaq. Lakin, hakimiyyət orqanlarının davranışları vəziyyətin fərqli istiqamətdə cərəyan etdiyini ortaya qoymuş olur. Belə ki, hakimiyyət təkcə müxalifətçiləri yox, həm də onların ailə üzvlərini və yaxınlarını da təqib etməkdədir.

Belə ki, verilən məlumata görə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) aktiv üzvü olmuş, G.Güləhmədzadə müxalifətçi gənc kimi aktiv siyasi fəaliyyəti və müxalifətin təşkil etdiyi mitinqlərdə fəal iştirakına görə hakimiyyət orqanlarının qəzəbinə tuş gəldiyinə, təqib, təzyiq, təhdid və nəhayət həbs təhlükəsi ilə üzləşdiyinə görə 2010-cu ilin ortalarında özünün təhlükəsizlik qayğısı ilə ölkəni tərk etməsinə baxmayaraq, bu gün də onun hakimiyyət orqanları tərəfindən təqib olunması davam edir. G.Güləhmədzadənin yaşadığı mənzilə dəfələrlə hansısa cinayət işində təqsirləndirilən şəxs qismində ifadə vermək üçün çağırışlar gəlmiş, bu çağırışlara getmədiyinə görə onun yaşadığı mənzilə dəfələrlə telefon zəngləri edilərək harada olması ilə maraqlanmışlar.
Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Güləhmədin yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Evdə olan Güləhmədin ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər onun ailə üzvlərini təhdid edərək, onu tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib.
Qeyd edək ki, hakimiyyət orqanlarının mühacirətdə olan müxalif fəalların ölkədə olan valideynlərinə və yaxınlarına qarşı törədilən birinci qanunsuz hal deyil. Bundan əvvəllər də bu tipli hallar baş vermiş, hətta mühacirətdə olan müxalifətçilərin valideynlərinin və qohumlarının onlardan imtina edilməsinə məcbur edilməsi halları da baş vermişdir. Hakimiyyət sanki, həbs edə bilmədiyi müxalifətçilərin “əvəzini” onun yaxınlarından və qohumlarından çıxır.

Məlumdur ki, Güləhmədin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun müxalifətçi olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Güləhməd KXCP-nin aktiv üzvü kimi partiyasının və müxalifətin təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmiş, insanların partiya sıralarına cəlb olunmasında fəallıq göstərib. Müxalifətin keçirdiyi aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmış və müxtəlif müddətlərdə inzibati qaydada həbs olunmuşdur. Şübhəzis, Güləhməd kimi müxalifətçi gnclərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.

Təbii ki, Güləhməd və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış ağır sosial-iqtisadi böhrandan dolayı kütləvi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir.