MÜXALİFƏTÇİ, FƏAL İLQAR MURADOV DÖYÜLDÜ

 
Aprel ayının ilk günü, həbsdən çıxmış ADP fəalı İlqar Muradov dünən axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. Belə ki, İ.Muradov yaşadığı ünvana piyada getdiyi zaman 3-4 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq nəyə görə insanlar arasında dövlətin əleyhinə təbliğat apardığını soruşmuşlar. ADP fəalı İ.Muradov dövlətin deyil, hakimiyyətin əleyhinə təbliğat apardığını, bunun isə onun konstitusion hüququ olduğunu və buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə İ.Muradovu nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, İ.Muradovu, onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, hakimiyyət əleyhinə insanlar arasında təbliğat aparacağı və siyasi fəaliyyətini davam etdirəcəyi təqdirdə başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı və təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP fəalını həmin şəxslərin zorakılığından müdafiə ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.

ADP fəalına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır, ya evindən silah “çıxarır” ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.  

Avropa Şurası, Avropa Birliyi və bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə siyasi islahatlara çağırdığı halda, hakimiyyətin siyasi motivli həbsləri davam etdirməsi, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyması onu göstərir ki, bu rejim islah olunan deyil.