Müxalifət qiymət artımı ilə bağlı toplanır - Aksiyalar olacaqmı?

 
İqbal Ağazadə: “Atılacaq addımlar müzakirə ediləcək”;
 
Tural Abbaslı: “Müxalifət vəziyyətdən istifadə etməyə çalışmalıdır”
 
Əli Əliyev: “İlk növbədə xalqdan reaksiya olmalıdır”;
 
Elman Fəttah: “İlkin müzakirələr gedir”
 
Qiymət artımı ilə bağlı yenidən gözlər müxalifətə dikilib. İndiyə qədər zaman-zaman bu tipli hallar olanda siyasi düşərgə öz etirazını müxtəlif yollarla ifadə edib. Zəif olsa da mitinqlər keçiriblər. Amma indi fərqli situasiya yaşanır. Tarif Şurasının qərarının üstündən günlər ötsə də, müxalifət yalnız sosial şəbəkələrdə və bəyanatlarla mövqe ifadə edirlər.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə şənbə günü ADP qərargahında qiymət artımını müzakirə edəcəklərini söylədi: “Sərdar bəy məni dəvət etdi. Şənbə günü ADP qərargahında bu məsələni müzakirə edəcəyik. Ondan sonra biləcəyik ki, onların mövqeləri necədir. Hər halda, biz qiymət artımının əleyhinəyik. Mövqeyimizi bu şəkildə də ifadə edirik. Atılacaq addımları isə ümumi müxalifət düşərgəsində müzakirə edəcəyik. Tədbir sırf qiymət artımı ilə bağlı olacaq”.
 
AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, bütün dünyada müxalifət bu cür hallardan istifadə edib öz mövqelərini gücləndirir: “İqtidar heç bir əsas olmadan qiymətləri artırıb. Xalq arasında passiv etiraz var. Düşünürəm ki, müxalifət bu durumdan istifadə etməyə çalışmalıdır. Amma siyasi partiyalar xalq arasında nüfuzlarını itirdikləri üçün belə vəziyyətlərdən istifadə edə bilmirlər. Müxalifətin ağıllı addımlarından biri o olardı ki, - 17 noyabrda Milli Dirçəliş Günü ilə bağlı tədbirdə mən bu təşəbbüsü irəli sürdüm - birgə mitinq keçirsinlər. Bu mitinqdə özlərini müxalifət adlandıran bütün simalar iştirak etməlidir. Birlikdə xalqa olunan müraciət bəlkə də xalqın müxalifətə olan inamını geri qaytarar. Yeganə çıxış yolu budur. Amma təəssüflər olsun ki, uzun illərdir müxalifətin bir araya gəlmədiyinin şahidi olmuşuq. 17 noyabrda birgə mitinq təklifimi verəndə bir müxalifət partiyasının liderindən belə səs çıxmadı. Ölməmiş ayının dərisini bölmək davası gedir. Sanki hakimiyyətə gəliblər, vəzifə savaşı aparırlar. Bundan əvvəlki qiymət artımında müxalifət ayrı-ayrılıqda aksiya təyin etdi. Xalq bunları yaxşı görür və inanmamaqda haqlıdır. Xalq böyük problemlərin fonunda cılız intriqalara biganə qalmır. Sentyabr ayında keçirilən birinci mitinqə kifayət qədər etirazçı qatıldı, lakin 2 və 3-cü mitinqlərdə iştirakçılar azaldı. Çünki xalq gördü ki, müxalifət onları problemləri ilə bağlı mitinqə dəvət etmir, öz güclərini bir-birilərinin üzərində sübut etmək istəyirlər. Müxalifətdə kimin lider olması uğrunda mübarizə gedir. Bu nüanslar aradan qalxmayınca, hakimiyyət istədiyini edəcək”.
 
VİP sədri Əli Əliyev hesab edir ki, ilk növbədə xalqdan reaksiya olmalıdır: “Müxalifət xalqın təşkilatlanmış hissəsidir. Müxalifət təbii ki reaksiya verəcək. Noyabrın 29-da 7 partiyanın iştirakı ilə tədbir keçirildi. Partiyalar adından bəyanat qəbul edildi. Bizə edilən müraciət əsasında şənbə günü ADP qərargahında tədbir olacaq. Təxminən Antiböhran Koalisiyası daxilindəki partiyaların verdiyi qərardır. Cəmiyyəti düzgün məlumatlandırmaq lazımdır ki, bu təkcə müxalifətin vəzifəsi deyil. Haqq dünyanın heç bir yerində vətəndaşlara verilmir, haqq alınır. Ayda 300 min manat xərcləyən bir nazir bu hökumətin nümayəndəsi idi. Öz üzərimizə düşən vəzifəsini yerinə yetiririk. Amma bu yetmir, xalqın fəallaşması lazımdır. Xalqla müxalifətin birləşməsi indiki şəraitdə çox vacibdir. Dünyanın heç bir yerində ədalətli cəmiyyəti müxalifət qurmayıb”.
 
Müsavat başqanının müavini Elman Fəttah mitinq müzakirələrinin getdiyini bildirdi: “İlkin müzakirələr gedir. Qərar olarsa, ictimaiyyətə açıqlanacaq”.

Загрузка...
Загрузка...