“Müxalifət gözləyirdi ki, Ağ evdən nə deyəcəklər” - Müsahibə

 
 
 “AĞ” partiyanın Məclis üzvü, “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Politika.Az-a müsahibəsində gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik:
 
- Əhəd bəy, “AĞ” partiya indi nə işlə məşğuldur?
 
- Hazırda partiyanın qeydiyyatdan keçməsi prosedurunda bəzi texniki işlər qalıb, onların üzərində işləyirik. Bilirsiniz ki, Vahid Azərbaycan Partiyasının adını və nizamnaməsini dəyişmişik. Ədliyyə Nazirliyinə təqdim etdiyimiz sənədlərdən hansı hissəsində çatışmazlıqlar vardısa, onlar qaytarıldı.
Biz həmin tərəflərin texniki səhvlərini düzəldirik. Eyni zamanda partiyaya qərargah verilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Qanunla qeydiyyatdan keçmiş partiya qərargahla təmin olunmalıdır. Bir aydan artıq vaxt keçib və hələ ki cavab gəlməyib.
 
- Partiyanın ideoloji istiqaməti nədən ibarətdir?
 
- Azərbaycanın siyasi və ideoloji meydanında bir boşluq var idi. Müxalifət partiyaları Qərbyönümlü və Avroatlantik məkana inteqrasiya tərəfdarı kimi özlərini təqdim ediblər. Lakin onların fəaliyyətində və hərəkətlərində liberallıqdan əsər-əlamət yoxdur. “AĞ” partiya isə neo-osmançılıq təmayüllüdür.
Bu ideologiyanın türk dünyasında yayılmasını istəyirik. Türkiyədəki hakim partiya olan AKP ilə eyni ideoloji yolu tutmuşuq. Necə ki dünyada Sosintern, Komintern, ərəb dünyasında BAAS, İxvan var, niyə də türk dünyasında olmasın?! Partiyamız mühafizəkar-mərkəzçi və bununla belə dünyəvi partiyadır. İdeoloji xəttimiz isə neo-osmançılıqdır.
- Bu ideoloji təmayül “AĞ” - AKP əməkdaşlığını şərtləndirə bilərmi?
 
- Niyə də olmasın?! Hər şey mümkündür. Ancaq əsas məqsəd uğur qazanmaqdır və partiyanın inkişafıdır. Biz ciddi addımlar atmaq fikrindəyik.
 
- Neo-osmançı ideologiyası partiyanın digər müxalifət təşkilatları ilə əməkdaşlığına hasar olmayacaq ki?
 
- Siyasətdə hamı ilə dostluq etmək olmur. Azərbaycanda hamı bir-birinin xoşuna gəlmək istəyir. Özünü liberal adlandırır və həm millətçi, həm solçu, həm islamçı elektoratı yanına aldığını düşünür.
Sonra ortalıqda qalırlar və “Məhsul” stadionundakı mitinqə 300 nəfər qatılır. Ona görə yolunu müəyyən etmək lazımdır və bundan sonra biz əməkdaşlıqda problem görmürük. Əgər problem olsa, onlar tərəfindən yaradıla bilər.
Biz neo-osmançılıq deyəndə şəxsləri yox, siyasi-ideoloji cərəyanı müdafiə edirik. Bunu Ərdoğanı müdafiə kimi qiymətləndirmək olmaz. Onun da səhvləri var və kiməsə görə cavabdeh deyilik.
 
- Siyasi mühitdə ideoloji boşluq olduğunu və mitinqə axırda 300 nəfərin gəldiyini deyirsiniz, amma cəbhəçilər və müsavatçılar Rəsulzadə ideologiyasının daşıyıcısı olduqlarını bildirirlər...
 
- Mitinqdə 300 adamın iştirakı həm ideoloji boşluq, həm də 23 illik uğursuzluq göstəricisidir. Xalqa eyni vədlər, eyni şüarlar... Müxalifət xalqdan çox Qərbə güvənirdi. Gözləyirdilər ki, Ağ evdən nə deyəcəklər.
Bu da fiasko yaratdı. Rəsulzadəçilik Müsavatda görsənir. Amma göy və yaşıl rənglik nəsə qalıb? Bu günkü fəaliyyət qırmızı rəngə xidmətdir? Qərb dəyərləri, demokratiya budurmu? Partiya daxilində mühitə baxın və YAP-ın qurduğu siyasi mühitdən betərdir.
 
- Bu halda “AĞ” partiyanın Müsavat, Milli Şura və digər təşkilatlarl əməkdaşlıq perspektivi qalırmı?
 
Biz həmin partiyaları qurultaya da dəvət eləmişdik. O partiyalarla əməkdaşlığa problem görmürük. Buna qədər iqtisadi böhranla əlaqədar Antiböhran Koalisiyasında birgə fəaliyyət göstərirdik. Səmimilik varsa, bir addım ata bilərik. Siyasətdə hər şey ola bilər.
 
- Əhəd bəy, bu gün Azərbaycandakı nurçuları da müxalifət və yaxud ölkəyə, lap elə hakimiyyətin özünə təhlükəli qüvvə hesab etmək olarmı?
 
- Fətullah Gülən şəbəkəsi Azərbaycanın elitasında təşkil olunublar. Kütlədə bu cərəyan üzvləri çox deyil. Mən vətəndaşlarıma dini baxışına görə təhlükəli qüvvə deyə bilmərəm. Onlar da vətəni sevən adamlardır.
Ancaq siyasi-ideoloji xətti götürəndə, onlar başqa ölkələrin mənafeyinə qulluq edirsə bu, təhlükədir. Hesab eləmirəm ki, Türkiyədəki qiyamın uzantısı sırf Gülənə bağlıdır. İnanmıram ki, okeanın o tayında oturan ruhani özünə onlarla generalı tab edər.
Onlar hansısa dövlətlərin maraqlarına xidmət ediblər. Təəssüf ki, bunu İslam adı altında həyata keçiriblər. Azərbaycanda isə belə bir təhlükə görmürəm. Əvvəla Türkiyədə din 600-700 illik ənənəyə sahibdir. Osmanlı və səlcuqlu ənənəsi var.
Bizdə din köklü ənənələrə malik deyil. Azərbaycanda din məişət səviyyəsindən o yana keçməyib. Sadəcə, qarışıqlıq yaratmaqda hansısa dövlətlər maraqlı ola bilər.
Azərbaycan isə xarici siyasətində ambisiyalar olmayan ölkədir. Rəsmi Bakı çalışır ki, hamını razı salsın və dostuq eləsin. Türkiyə xarici siyasəti ambisiyalıdır. Ona görə başına bu işlər gəlir.
 
- Bundan sonrakı, yəni həbslərin ardınca Türkiyəni necə görürsünüz?
 
- Türkiyədəki həbslər Azərbaycanda çox şişirdilib. 80 milyonluq ölkədə qiyama cəhd olub və bu həbslərin rəqəmi şişirdilir. Kenan Evrən zamanı 650 min nəfər həbs olunub. Əgər qiyamçı generallar qalib gəlsəydi, on minlərlə həbslər olardı.
Ona görə də günahkarlar axtarılıb tapılmalıdır. Bizdə bu məsələ isterik vəziyyətə salınıb. Nə yaxşı ki Türkiyə bu hadisələrdən güclü çıxdı, əks halda qiyam ölkəni 50 il geri atacaqdı.
 
- Qiyamın yatırılmasından sonra hesab edənlər var ki, Ərdoğan artıq istefa verməlidir. Çünki qiyama qədər AKP siyasətindən ciddi narazılıq vardı...
 
- Ərdoğan xalqı meydana çağırdı və insanlar tankın qabağına çıxdı. İndi niyə istefa verməlidir? Bu adam demokratik seçkilərdə qalib gəlir və kiminsə maraqlarına xidmət etmir deyə iqtidardan getməlidir? Müstəqil Türkiyə görmək istəməyənlər və onun zəifləyib Bolqarıstan, Rumıniyanın gününə salmağı arzulayanlar Ərdoğanı gedişinə dua edirlər.