​Mütəllibovdan Hacıbaba Əzimova CAVAB: “Kişisiniz, əyninizə şalvar geyinmisiz”

 
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov saxtalaşdırılmış Müstəqillik Aktına imza atması ilə bağlı istiqlalçı deputat, professor Hacıbaba Əzimovun səsləndirdiyi ittihamlara cavab verib.

A.Mütəllibov Publika.az-a açıqlamasında deyib ki, Hacıbaba Əzimov incik düşən şəxs olduğu üçün bu cür fikirlər səsləndirir:

“Bu adamlar indi öz talelərindən inciyiblər. Hacıbaba Əzimovun təmsil etdiyi təşkilat üzvləri indi kənarda qaldığı üçün onlar da öz bildikləri kimi danışırlar. Yəni, onlar öz etirazlarını bu cür nümayiş etdirir. Hələ ötən il ANS TV-də bu məsələ müzakirə olunanda da Hacıbaba Əzimov dedi ki, Konstitusiya Aktını tərtib edənlərdən biri mən olmuşam”.
A.Mütəllibov Hacıbaba Əzimovun ittihamlarının uydurma olduğunu söyləyib:

“Bu fikirlər doğru deyil. Hətta, 1990-cı ildə biz ilk dəfə olaraq alternativ namizədlərin iştirakı ilə parlament seçkiləri keçirdik. Odur ki, Müstəqillik Aktı ilə bağlı biz nəyi saxtalaşdıra bilərdik? Buna heç bir lüzum yox idi. Hacıbaba Əzimov ad çəkmədən iddia edir ki, guya indi Prezident Administrasiyasında yüksək vəzifədə işləyən adam mənə nə isə göndərib, mən də ona imza atmışam və sairə. Heç bilmirəm kimdən və nədən söhbət gedir. Əgər bilsəydim, elə həmin adamın üzünə deyərdim ki, hərəkətlərindən utan, ayıbdır”.
Sabiq prezident Azərbaycanın Müstəqillik Aktını Moskvaya aparan şəxsin akademik, keçmiş dövlət katibi Midhəd Abbasov olduğunu bildirib:

“Mən Müstəqillik Aktının Midhəd Abbasov tərəfindən Moskvaya aparılmasını da sonradan bilmişəm. Bütün bunları deməkdə məqsədim odur ki, o dövrdə biz prinsipiallıq nümayiş etdirib, Azərbaycanın müstəqillik əldə etməsi ilə bağlı sənədi hazırladıq və daha sonra Konstitusiya Aktı qəbul olundu. İndi Hacıbaba Əzimovun dedikləri xırda söhbətlərdir. Əgər ölkə prezidenti olaraq mən Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasına icazə verməsəydim, sənədin qəbulu üçün iradə nümayiş etdirməsəydim, o zaman Müstəqillik Aktı qəbul olunmayacaqdı. İndi də hərə bir söz danışır. Biri deyir ki, Ayaz Mütəllibov istəmirdi ki, Azərbaycan müstəqillik qazansın və sairə. Həmin adamlara demək istəyirəm ki, bir vicdanınız olsun, kişisiniz, əyninizə şalvar geyinmisiz. Bu nə söz-söhbətdir? Əgər mən Azərbaycanın müstəqilliyini istəməsəydim, o zaman heç Ali Sovetin yığıncağı da olmazdı. Bir-iki kəlmə ilə bu məsələnin qarşısını alardım. Ən azı deyərdim ki, tələsməyin, digər respublikaları gözləyək. Yəni, mən Azərbaycanın müstəqilliyinin qazanılmasına qarşı ortaya sərt yumruq qoymamışam. Halbuki, prezident kimi bunu edə bilərdim”.
A.Mütəllibov həmin vaxtı Moskvaya səfər etdiyini xatırladıb:

“Moskvadakı vəziyyəti görüb, ölkəyə qayıdan kimi ilk tapşırığım rəhmətlik Elmira Qafarovaya Azərbaycanın müstəqilliyi istiqamətində addım atması ilə bağlı oldu. O zaman Elmira Qafarova Ali Sovetin sədri idi. Ona dedim ki, müvafiq tapşırıqları verin, iş aparın və Azərbaycan müstəqilliyini elan etməlidir. Mənimlə Elmira Qafarova arasında bu dialoq 1991-ci il oktyabrın əvvəlində olub. Azərbaycanın müstəqilliyini elan etməsi üçün müəyyən zaman lazım idi, mütəxəssislər iş aparmalı idi. Elə Hacıbaba Əzimovun özü də bu işləri görənlərdən biri idi. O zaman Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndəsi kimi Hacıbaba Əzimov bu işə təhkim olunmuşdu. Əgər müstəqilliyimizi istəməsəydim, o zaman mənə qarşı müxalifət olan AXC ilə ayrı cür də rəftar edə bilərdim. Ancaq mən AXC-yə etiraz etmədim”.
A.Mütəllibov prezident olduğu dövrdə müxalifətlə əməkdaşlıq etdiyini bildirib:

“Ümumiyyətlə, mən müxalifətlə hesablaşırdım, birgə işlər görürdüm, müxalifəti vacib iclaslara çağırırdım, iclaslarda hər zaman AXC təmsilçiləri mənimlə bir yerdə otururdu. Axı onlar bunları niyə danışmırlar? Amma indi deyilənləri eşidib çox təəssüflənirəm. Kimin kim olduğu ortaya çıxır. Hacıbaba Əzimovun bu gün şikayət etməsi və mənə qarşı söylədiyi fikirlər onun yaşına yaraşmaz. O, çox səhv danışır. Əslində, mən onların hər bir ittihamlarına cavab verəndə elə düşünürlər ki, günahkaram və özümə bəraət qazandırmaq istəyirəm. Bu, əsla belə deyil. Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir.

Bu gün yenə də deyirəm ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi təkcə mənim deyil, həm də deputatların xidmətləri olub. Mən isə dövlət başçısı kimi Müstəqillik Aktına imza atmışam. Ona görə də burada kimin imzasının güclü, kiminkinin zəif olmasından söhbət getmir. Hamımız bu Akta imza atmışıq. Mənim əsas istəklərimdən biri də Azərbaycan xalqının itkisiz, qansız müstəqillik qazanması olub. O dövrdə mən Türkiyəyə səfərə getmişdim və özümlə bir qrup ziyalıları da aparmışdım. Həmin səfərdə rəhmətlik Bəxtiyar Vahabzadə də yanımda idi. Bəxtiyar Vahabzadə Türkiyədə bizim təmtəraqlı qarşılanmağımızı görüb mənə dedi ki, hər şey çox əladır, ancaq kaş Azərbaycan müstəqillik də qazanaydı. Mən də ona bildirdim ki, bir az səbir elə, inşallah müstəqillik də qazanacağıq. Yəni, bütün planlarım bu istiqamətdə gedirdi. Ona görə də bu gün kimlərsə deyirsə ki, Azərbaycanın müstəqillik qazanması uğrunda gedən mübarizələrdə mən qabaqda, filankəs arxada olub. Hesab edirəm ki, bu cür söhbətlər yersizdir”.
Sabiq prezidenti indi Azərbaycan cəmiyyətini daha da sıx birləşməyə çağırıb:

“Bu təlatümlü dövrdə qarşımıza əngəllər çıxa bilər. Gərək biz öz müstəqilliyimizi göz bəbəyi kimi qoruyaq. Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi başqa ölkələrə nisbətən cavandır. Bunun üçün də Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda hər birimiz vahid mövqe ortaya qoymalıyıq. Çox təəssüf ki, indi bəzi adamlar müstəqilliyimizi qorumaq əvəzinə, ortalıda dava açıb və deyir ki, Mütəllibov filan işi edib və sairə. Belə ədalətsizlik olar? Adam bu cür söhbətləri eşidəndə utanır”.