​Müstəqil Kürdüstan: Ermənistan üçün yeni nəfəslik və təbii müttəfiqlik erası...

Türk dünyası yeni risk və təhlükələr astanasında...
 
 
İraqdakı Kürd Muxtar Vilayətində keçiririlən və Kürdüstanın müstqiliyinə hesablanan məlum referendumun bütün dünyanın diqqət mərkəzində olduğu, region dövlətlərinin fərqli reakiyasına səbəb olduğu hər kəsə məlumdur. Iri güclərin dəstəyi ilə dünyanın siyasi xəritəsində özünə yer tutmağa çalışan, bölgədə yüzilliklər ərzində formalaşan balansı ciddi şəkildə pozan və öz doğuluşu ilə yanaşı, yeni şərtlər diktə edən Kürdüstan varlığını qoruyub saxlayacağı təqdirdə bəzi dövlətlərin siyasətində mühüm yer tuta bilər ki, bu dövlətlərdən biri də Azərbaycanın müharibə şəraitində olduğu Ermənistandır.
 
Kürdüstan Ermənistanın təbi müttəfiqi rolunda...
 
Azərbaycan ərazisinin 20%-ni işğal edən, ölkəmizə qarşı məkirli siyasətini davam etdirən rəsmi İrəvanın tarixən türk dünyasına qarşı mübarizəsində terror təşkilatlarından tutmuş bəzi Qərb ölkələrinə qədər ən müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq etdiyi, bu məsələdə ən xırda fürsətdən belə maksimum yararlanmağa çalışdığı birmənalıdır. Bu baxımdan türk dünyasının iradəsinin ziddinə olaraq meydana çıxan, onlarla mübarizə müstəvisində özünü təsdiqlətməyə çalışan Kürdüstanın Ermənistan üçün bir növ təbii müttəfiqə çevrilmə ehtimalı var ki, bu da konkret amillərlə əlaqədardır.
Bu amillərdən biri həm Kürdüstanın, həm də Ermənistanın Türkiyəyə qarşı düşmən mövqedə olmasıdır. Belə ki, hər iki “dövlət” Türkiyəni öz mövcudluqları üçün təhlükə hesab etdiyindən davamlı olaraq qardaş ölkəyə qarşı terror və təxribat xarakterli addımlara imza atır. Həm Kürdüstan, həm də Ermənistanın Türkiyə qarşı ərazi iddiası irəli sürməsi də bu oyuncaq dövlətləri birləşdirən ümumi cəhətlərdən biridir. İstər erməni, istərsə də kürd faktorundan dünyanın iri güc mərkəzlərinin zaman-zaman Türkiyəyə qarşı istifadə etməsi faktı da hər iki qüvvənin oxşar mahiyyət kəsb etdiyindən xəbər verir. Bu baxımdan Kürdüstanın Ermənistanın təbii müttəfiqinə çevrilməsi, Türkiyəyə qarşı birgə fəaliyyət göstərməsi mümkün ehtimallardan biridir.
Başqa sözlə desək, Kürdüstan Ermənistan üçün iqtisadi müstəvidə olmasa da, hərbi müstəvidə yeni nəfəslik rolu oynaya bilər. Belə ki, Ermənistanla yanaşı daha bir mərkəzin Türkiyəyə qarşı mübarizə aparması rəsmi İrəvana ara-sıra nəfəs dərməyə, toparlanmağa, öz qüvvələrini yenidən səfərbər etməyə imkan verəcək.
 
Qarabağda PKK izi və Azərbaycanı gözləyən təhlükə
 
İraq ərazisində Kürdüstan dövlətinin meydana çıxması Azərbaycanın yaxın və uzaq maraqları baxımından da yaxşı hec nə vəd etmir. Ermənilərin müxtəlif tarixi dövrlərdə Azərbaycan və türk dünyası ilə bağlı həyata keçirdikləri terror aktlarında kürd terror təşkilatlarından, xüsusilə də PKK-dan dəstək alması, onlar arasında uzunmüddətli əməkdaşlığın mövcudluğu gerçəyi də hər iki qütbün ölkəmizin maraqlarını hədəf aldığını göstərir. Ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində PKK-nın hərbi düşərgələrini yaratması, onların bu torpaqlarda təlimlər keçməsinə, yeni terror aktları hazırlamasına şərait yaratması ilə bağlı son illər ölkə mediasında yer alan  narahatverici informasiyalar da Kürdüstan faktorunun mövcud durumu bir qədər də mürəkkəbləşdirəcəyini göstərir. Çox böyük ehtimalla müstəqil Kürdüstanın meydana çıxmasından sonra PKK və digər kürd terror təşkilatların Ermənistana dəstəyi artacaq ki, bu da mərkəzi dövlətin meydana çıxması ilə bağlıdır. Terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanla öz doğuluşuna terror olayları və zorakılıqlarla yol açan Kürdüstanın bundan sonrakı fəaliyyətlərini daha koordinasiyalı şəkildə idarə edəcəkləri ehtimalı yüksəkdir.
 
 
 
Kürdüstanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Ermənistan ola bilər, səbəb...
 
Təbii, öz mövcudluğunu sübut etmək üçün uzun və ağrılı mübarizə aparmalı olan Kürdüstanın Ermənistana nə siyasi, nə də iqtisadi baxımından hər hansı dəstək verməsi mümkünsüzdür. Oturuşmuş siyasi-iqtisadi sistemə malik olmayan, Türkyə, İran və İraqın hərbi müdaxilə təhlükəsini hər an üzərində hiss edən Kürdüstan üçün bu gün bir nömrəli vəzifə öz yaşamının qeydnə qalmaqdır.  Bu nöqtədə Kürdüstanın daha çox Ermənistanın yardımına ümid etməsi mümkündür. Çünki həm Türkiyə, həm də Azərbaycana qarşı aşkar şəkildə ərazi iddiası irəli sürən Kürdstanın həyata vəsilə alması hər kəsdən daha çox Ermənistanın işinə yarayır. Kürdüstanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması, onun dünyanın siyasi xəritəsində yerini möhkəmləndirməsi türk dünyasına qarşı ikinci bir cəbhənin açılması deməkdir. Hansı ki, belə bir cəbhənin açılması Ermənistanın türk dünyasına qarşı apardığı mübarizədəki yükünü azaldacaq, ona bu yükün bəlli bir qismini Kürdüstanın üzərinə qoymaqda kömək edəcəkdir. Bu baxımdan Kürdüstanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin Ermənistan olması ehtimalı böyükdür. Çox güman ki, Ermənistan Kürdüstanın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirməklə onunla sərhədlərini bağlı saxlayan Türkiyəyə təzyiq göstərməyə, onu müəyyən güzəştlərə razı salmağa çalışacaq. Baxmayaraq ki, Ermənistanın bu cəhdi tamam fərqli reaksiyalara da səbəb ola bilər.
Bir sözlə, yaxın gələcəkdə Kürdüstan və Ermənistanın hərbi müstəvidə daha geniş əməkdaşlıq edəcəyi gözləniləndir.
 
Ermənistan Kürdüstanı qazanmaqla İranı itirə bilər
 
Müstəqil Kürdüstan amili Ermənistan üçün bir növ göydəndüşmə olsa da, rəsmi İrəvanın Bərzani hökuməti ilə əməkdaşlığının Ermənistan üçün mənfi nəticələrinin də olması mümkündür. Məsələn, Ermənistan müstəqil Kürdüstanın hər vasitə ilə dirçəlməsinin tərəfdarı olsa da, iqtisadi müstəvidə Ermənistanla geniş əməkdaşlıq edən İran müstəqil Kürdüstanı öz təhlükəsizliyinə təhdid hesab edir. İranın lazım gələrsə Kürdüstana hərbi müdaxilə edə biləcəyi ilə bağlı verdiyi bəyanatlar da buna nümunədir. Bu isə o deməkdir ki, Ermənistan-Kürdüstan əməkdaşlığının inkişafı fonunda İran-Ermənistan münasibətlərinin gərginləşməsi mümkün və müəyyən mənada qaçılmaz ola bilər. Bundan başqa, Ermənistanın Kürdüstana göstərəcəyi hər hansı bir dəstək Türkiyəni Ermənistana qarşı daha sərt addımlar atmağa vadar edə bilər ki, bu da İrəvan üçün əlavə problem deməkdir. Lakin Ermənistan hakimiyyətinin mahiyyətini, erməni ideoloqlarının əsrlər uzunu həyata keçirdiyi ani-türk siyasətini, habelə erməni cəmiyyətində türk insanına qarşı olan pataloji nifrəti nəzərə alsaq, rəsmi İrəvanın bütün təzyiq və məhrumiyyətlərə rəğmən Kürdüstana hər vasitə ilə dəstək göstərəcəyi daha inandırıcıdır.
 
 
 
Kürdüstanın sosial baza üstünlüyü, yaxud “demoqrafik silah”...
 
Baş verənlər fonunda Kürdüstanın xeyrinə işləyən daha bir amil isə kürd faktorunun bölgədə kifayət qədər aktual olması, İraqla yanaşı digər region dövlətərində də özünü mənəvi baxımdan yeni yaranan Kürdüstana bağlı hesab edən şəxslərin sayının çoxluğudur. Hansı ki, Kürdüstan üçün sosial baza hesab edilən, onun region dövlətlərində təəssübkeşi olan bu şəxslərdən Bərzani hökumətinin hansısa mərhələdə “demokrafik silah” kimi istifadə etməsi, onları məskunlaşdıqları ölkələrin hökuməti ilə hansıssa formada üz-üzə qoyması mümkündür. Kürdüstan dövlətinin yaranmasında dünyanın bəzi iri güclərinin də kifayət qədər maraqlı olduğunu nəzərə alsaq, həmin güclərin də regiondakı kürdlərin tətiklənməsi prosesində iştirak edə biləcəyi ehtimal edilə bilər. Bu isə o deməkdir ki, Kürdüstanın müqavimət potensialı göründüyündən daha genişdir və bu faktorla bağlı mülahizələrdə sosial baza amili hökmən nəzərə alınmalıdır.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...