Müsəlman ölkələrində Ramazan ayı ilə bağlı təqvim ixtilafı: Müqəddəs ay nə zaman başlayır?

İyunun 7-dən Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
Qeyd edək iki, bu il də hər il olduğu kimi Ramazan ayının başlaması ilə bağlı müsəlman ölkələri arasında ixtilaf yaranıb. Türkiyə üçün Ramazan ayının ilk günü iyunun 6-da başlayacaq. Qeyd edək ki, Ramazan ayının başlaması, Fitr bayramı, Qədr gecələri ilə bağlı gün fərqi hər il mübahisə yaradır. Hətta ötən ilin may ayında  Ramazan ayı ilə bağlı müsəlmanlar arasında təqvim birliyini yaratmaq üçün İstanbulda qurultay da keçirildi.
Burada  50 ölkədən, o cümlədən Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyadan olan alimlər, astronomlar və fətva vermək səviyyəsinə malik dini liderlər iştirak edərək, vahid təqvimin yaradılması təşəbbüsündə çıxış etdilər.
Qeyd edək ki, müsəlmanlar arasında Ramazan ayı təqvimi ilə bağlı mövcud ixtilafların qaldırılması ilə bağlı ilk toplantı 1966-cı ildə keçirilib. 50 il əvvəl də bu məsələdə razılıq əldə edilməyib.
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  bu təqvimdən qaynaqlanan bir məsələdir: “Azərbaycan ərazisində ayın daxil olması ilə bağlı fətvanı QMİ verib. Bu, hər ölkəyə görə dəyişə bilir. İslam klassik mətnləri, eləcə də Quran ayı görüb oruc tutmağı əmr edir, lakin indi bir çox ölkələr əvvəlcədən riyazi hesablama ilə Ramazan ayının başladığını elan edirlər. Bu baxımdan təqvim fərqləri bir neçə səbəblə ortaya çıxa bilir”.
Bu ayda toy şənliklərinin keçirilib-keçirilməməsi də sual doğuran məqamlardan biridir. Ramazan ayının başlaması ilə bağlı təqvim ixtilafı olduğundan 7 iyun tarixinə toy təyin edənlər də narahatdır. Lakin ilahiyyatçı ekspertlər Ramazan ayında toy etməyin qadağan olunmadığını bildirirlər.
Ekspert Kənan Rövşənoğlu da qeyd etdi  ki, Ramazan ayında toy etmək qadağan deyil. Sadəcə iftar vaxtına qədər süfrə açmaq olmaz. Yəni, bu ayda toy etmək istəyənlər, yemək süfrəsini iftar vaxtı açmaq şərtilə əlamətdar günlərini qeyd edə bilərlər.
İslamda Ramazan ayı, insanların bir illik maddi və mənəvi çirkinliklərdən  təmizlənəcəyi, insani duyğuların coşduğu, tövbə edib, haqqa yönəlmə şüurunun inkişaf etdiyi, maddi və mənəvi baxımdan tərbiyə ayıdır.
QMİ-dən verilən fətvada da bildirilir ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında oruc tutmaq,  ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.
Bu ayda ən böyük savab Quran oxumaq, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.
Ramazan ayının əsas vacib əməli orucdur. Bütün dinlərdə əsas ibadətlərdən biri olan oruc müsəlmanlarda da vacib buyurulub. Qurani- Kərimdə deyilir: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”.
Ramazan ayının ilk gecəsi “Niyyət gecəsi” adlanır. O gecə həddi-buluğa, yəni şəri cəhətdən yetkinlik həddinə çatmış hər bir müsəlman niyyət etməli, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qorumalıdır.  Yemək və içmək, cinsi yaxınlıq, istimna, Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq, hülqümə qatı toz və tüstünün yetişməsi, başı bütövlüklə suya batırmaq, sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslunun verilməməsi, imalə etmək, qusmaq orucu batil edir.
Oruc tutmaq, qocalara (əgər oruc tutmaq onun üçün çətindirsə), susuzluqdan əziyyət çəkən xəstələrə, hamilə qadınlara  (əgər  özünə və hamiləliyinə zərər olacaqsa) , uşaq əmizdirən və südü az olan qadınlara vacib deyil.