Müsavatla AXCP-nin barışdırılması təşəbbüsünə cəbhəçilərdən mənfi münasibət

Müstəqil siyasi ekspert Tofiq Yaqublunu nəticəsi olmayacaq işə enerji ayırmamağa çağırdı
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra öz partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasını barışdırmaq cəhdlərinə rədd cavabı alıb.
AzNews.az xəbər verir ki, partiyanın sədr müavini Nurəddin Məmmədli Tofiq Yaqublunun özünə əziyyət verməməsini məsləhət görüb: “Bizim belə ”xırda-xuruş" məsələlərə ayıracaq zamanımız yoxdur. Ona görə də belə təkliflərlə qapımızı döyməsinlər. Tofiq Yaqubluya məsləhətim budur ki, özünə əziyyət verməsin".
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu isə bildirdi ki, onun niyyəti partiyaları birləşdirmək yox, barışdırmaqdır: “Mən heç bir yerdə deməmişəm ki, AXCP ilə Müsavat Partiyasını birləşdirəcəyəm. Demişəm ki, iki partiya arasında düşmənçiliyin sona yetməsi üçün münasibətlərin qurulmasına çalışaçağam. Həbsdən çıxsam da, hələ Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi ilə bu mövzuda görüşməmişəm”.
T.Yaqublu barışmaq təklifində xoşniyyətli olduğunu dilə gətirib: “Onları da başa düşürəm. Amma mən o qədər əmin də deyiləm ki, bu niyyətim alınacaq. Sadəcə olaraq, mən buna çalışacağam. AXCP-də sağlam, əqidəli, mübariz insanlar var. Kim harada səhv edib? Kim güzəşt edə bilər? Barışmaq mümkündürmü? Bütün bunu gələcək göstərəcək. Hər halda, onlar məni ziyarət edib və mən də onları ziyarət etməliyəm.
Müsavat Partiyasından ayrılıb AXCP-yə keçəcəyim barədə söz-söhbətlərə gəlincə,  mənim AXCP-yə keçmək fikrim yoxdur. Amma mən çox istəyirəm ki, Müsavat Partiyası ilə Xalq Cəbhəsi arasında olanbu soyuqluq aradan qalxsın, bunun üçün əlimdən gələni edəcəyəm. Bizim partiyalar arasında söz-söhbətlər olur. Bunlar gərək olmasın. Biz belə məsələlərdə barışdırıcı mövqe səgiləməliyik. Konfliktləri həll etmək istəyiriksə önə baxmalıyıq, keçmişi qurdalamaq düz deyil".
Müstəqil siyasi ekspert Natiq Miri də Tofiq Yaqublunun bu təşəbbüsünün bir xoş niyyət olaraq qəbul edilməli olduğunu düşünür. Lakin N.Miri hesab edir ki, hətta Tofiq bəy Müsavatla AXCP-ni barışdırsa, bir araya gətirsə belə, sonluq əvvəlkilərdən yaxşı olası deyil: “Tofiq Yaqublunun özü Müsavatdan öncə Azərbaycan Xalq Cəbhəsi Təşkilatının üzvü olub. O təşkilat müəyyən mənada Tofiq bəy üçün doğmadır. Ancaq Tofiq Yaqublu unutmamalıdır ki, onun vaxtilə təmsil olunduğu AXC-dən əsər-əlamət qalmayıb. Bugünkü AXCP mahiyyət etibarilə tamamilə əks mövqedə və əks fəaliyyətdə olan marginal bir quruma çevrilib. Məsələnin ikinci tərəfi isə odur ki, bu gün Müsavatda və AXCP-də bir-birinə münasibətdə heç nə dəyişməyib ki, indi bu iki partiyanı yenidən bir araya gətirməklə ciddi nəticələrə nail olmaq mümkün olsun. AXCP rəhbərliyi Müsavatı real müxalifət partiyası hesab etmədiklərini vaxtaşırı bəyan edir. Bu gün dəyişən odur ki, Müsavatda İsa Qəmbər öz postundan gedib və Arif Hacılı Müsavatın başqanıdır. Ancaq Arif Hacılı da İsa Qəmbərin xidmət elədiyi ideoloji xəttə xidmət edən şəxsdir. Əli Kərimlinin timsalında AXCP bu xəttə qarşıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Müsavat Partiyasının 2018-ci il prezident seçkilərində İsa Qəmbərin namizədliyinin irəli sürüləcəyi barədə rəsmi qərarı var. Buna qətiyyən şübhə etmirəm ki, İsa Qəmbər 2018-ci ildə prezidentliyə namizəd olacaq. Belə olduğu təqdirdə iddialı Əli Kərimli və onun rəhbərlik elədiyi partiya İsa Qəmbərə güzəştə gedəcəkmi? Güzəştə gedəcəyi qətiyyən inandırıcı görünmür. Əli Kərimli hətta 2003-cü ildə İsa Qəmbərin prezidentliyini dəstəkləməmişdi. Hər kəs İsa Qəmbərin namizədliyini müdafiə edəndə Əli Kərimli İsa bəydən çox zəif olan namizədi-Etibar Məmmədovu dəstəkləmişdi”.
Ekspert bəyan etdi ki, bu kimi amillər aydın şəkildə ortada olduğu halda Müsavatla AXCP-nin münasibətlərinin yaxınlaşması yenə də səmimi, dayanıqlı, effektli olmayacaq: “Çox keçməyəcək ki, hər iki partiya arasında gərginlik, fikir ayrılıqları yenidən başlayacaq və illərdir müşahidə etdiyimiz mənzərə yaranacaq. Nəhayətdə yenə əvvələ-küsülülük nöqtəsinə qayıdılacaq. Odur ki, Müsavatla AXCP-ni bir araya gətirmək çabası izafi enerji sərfidir. Zatən artıq Tofiq Yaqubluya AXCP-dən mənasız yerə zəhmət çəkməmək ismarışı media vasitəsilə verilib”.  
Xatırladaq ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər hələ 2015-ci ilin dekabrında “Xural”a müsahibəsində bildirmişdi ki, nəyin bahasına olur-olsun təşkilatların birliyini yaratmaq iddialarından əl çəkmək lazımdır: “Müsavat Partiyası bütün aparıcı müxalifət təşkilatları ilə funksional birliyə, əməkdaşlığa hazırdır, Müsavatın mövqeyi çox aydın, birmənalı, səmimi bir mövqedir. Hesab edirik ki, əvvəl-axır məhz bu mövqe üstünlük qazanacaq.
Yoxsa nəyin bahasına olursa-olsun təşkilatların birliyini yaratmaq, sonra da 5-10 nəfəri o birləşmiş təşkilatın- adını gah ”Kabinet Şurası", gah da “Koordinasiya Şurası” qoyuruq, elə bil ki, o birləşmiş təşkilatın direktorlar şurası yaranır, 5-10 nəfər də o direktorlar şurasında əyləşəcək, bu iddialardan, bu maraqlardan əl çəkmək lazımdır. Hər bir şəxs-istər böyük bir siyasi təşkilatın lideri olsun, istərsə özü təklikdə bir ziyalı, intellektual kimi cəmiyyətin önəmli siması olsun, hər bir şəxs bu millət üçün, bu xalq üçün nə edə biləcəksə, onu etməlidir və birlikdə də nə etmək lazımdırsa, müəyyənləşdirib, onu etmək lazımdır. Amma hamı bir-birini üstələməyə çalışmamalıdır ki, mən birinci, sən ikinci olmalısan və s. Belə söhbətlərlə bir-birimizi yormayaq". (musavat.com)