Müsavatdan Xədicə İsmayıla: “Heyrət doğurur”

Jurnalist Xədicə İsmayılla Müsavat Partiyası arasında problem yaranıb. Buna səbəb jurnalistin adı çəkilən partiya haqqında işlətdiyi bəzi fikirlər olub.
 X.İsmayıl müsahibəsində Müsavat Partiyası haqqında tənqidi fikirlər səsləndirib. Deyib ki, Müsavatın ümumi xəttini anlamır. Əlavə edib ki, bu partiyanın bəzən etdiyi hərəkətləri, sapıntıları çox zaman anlaya bilmir.  
Onun fikrincə, Müsavat Partiyasının “Yeni Müsavat” qəzetindən özünü ayıra, aralarında sədd göstərə bilməməsi halları var: “Məsələ ondadır ki, Müsavat Partiyasının siyasi kursuna “Yeni Müsavat” qəzetinin təsiri bu gün də yüksək olaraq qalır”.
 Məhz onun bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan Xədicə İsmayılın fikirlərinə sosial şəbəkələrdə ironik cavab verib:
“Həbsdən çıx, özü də hay-küylə, axırda get İradə Tuncayın mətbəxində, bulaşıq qablarının içində eşələn. Əslində, bu hay-küyünün bircə səbəbi var - bolşevik “məntiqi”.  Niyə Aqil Abbasın evində qulluqçu işləməlidi. Azərbaycanda özünə demokrat deyən tiplərin 100-də 99 faizi sadəcə həsədçi, paxıl, bolşevik ruhlu adamlardı. Bu ölkədə 10-ca faiz gerçək demokrat, prinsipial, savadlı, sistemli müxalifətçi olsaydı, çoxdan başqa vəziyyət olardı. Və kimsə də kimsənin evində yağlı boşqablarla uğraşmazdı”.
Müsavat başqanının müavini Yadigar Sadıqov isə hesab edib ki, dustaqlar azadlığa çıxınca sosial şəbəkələrdə əvvəlki ab-hava bərpa olunur: “Çox sevinirəm. Gün o gün olsun, “Müsavat Milli Şuradan çıxmağın müqabilində 2015-də deputat mandatı alacaq” deyə iddia irəli sürənlərin də Allah qapısını açsın, onlarla deyişək”.
Y.Sadıqov daha sonra bildirib ki, Xədicə İsmayıl həmişə olduğu kimi, yenə də Müsavata qarşı qərəzlidir:
 “Maraqlıdır ki, partiyanın hansısa bir addımına qarşı konkret etiraz yoxdur. İradlar əsasən “Yeni Müsavat” qəzeti ilə bağlıdır. Prosesləri elə də dərindən izləməyən vətəndaşlar bu gün də Müsavat Partiyasını və “Yeni Müsavat” qəzetlərini eyniləşdirirlərsə, bunu anlamaq olar. Amma Xədicə kimi məlumatlı, proseslərdən xəbərdar deyil, bilavasitə proseslərin içində olan birisinin belə iddiada bulunması heyrət doğurur”.
Yeri gəlmişkən qeyd edək ki, Müsavat fəalları sosial şəbəkələrdə Xədicə İsmayılı AXCP-yə yaxın şəxs kimi qiymətləndirir, hətta irəliyə gedərək onu “Yurd”çu kimi təqdim edirlər.
 Qeyd edirlər ki, Xədicə İsmayıl AXCP sədri Əli Kərimliyə yaxın olduğu səbəbindən Müsavata münasibəti bəllidir. Hələlik AXCP fəalları bu müzakirələrə ciddi şəkildə qoşulmur, X.İsmayılı müdafiə etmirlər.