“Müsavatdan bizə qoşulmaq istəyənlərə qapımız açıqdır” - MÜSAHİBƏ

Teleqraf.com “Ağ Blok”un təsisçisi, Vahid Azərbaycan Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir.
- Tural bəy, Vahid Azərbaycan Partiyasının qurultayına hazırlıqlar nə yerdədir?
- Hazırlıq davam edir. İyunun 26-da VHP qərargahında partiyanın qurultayını keçirmək niyyətindəyik. Qonaqların dəvət edilməsi, zalın tərtibatı üzərində işləyirik. Bazar günü qurultayı keçirəcəyik, yeni nizamnamə qəbul ediləcək. Artıq siyasi səhnə yeni partiya ilə zənginləşəcək.
- Qurultay nümayəndələrinin sayı nə qədər olacaq?
- 150 nəfərdən çox olacaq. Eyni zamanda qonaqlarımız olacaq. Amma nəzərə alın ki, VHP-nin böyük zalı da təxminən bu sayda insan tuta bilər. Məsələyə bu prizmadan baxmaq lazımdır.
- Qurultayda sürpriz olacaqmı?
- Siz nəyi nəzərdə tutursunuz?
 - Qeyri-adi, fərqli nə baş verəcək?
- Məncə, qeyri-adi nələrsə gözləmək doğru deyil. Siyasi partiyanın tədbiridir. Yeni sədr, rəhbərlik seçiləcək, ola bilsin ki, partiyanın adı dəyişsin. Qonaqlar olacaq və mümkündür ki, onların çoxunun çıxışı olacaq. Belə. Xüsusi sürpriz hazırlamamışıq.
- Məsələn, mümkündür ki, heç kimin ağlına gəlməyən bir tanınmış ictimai-siyasi xadim qurultayda təmsil olunsun, partiyanın rəhbər strukturlatrına seçilsin və s...
- Sizi anladım. Bizim öz elektoratımız var. Amma mümkündür ki, gələcəkdə belə hallar baş versin. Həm də biz bu istiqamətdə işləməmişik. Son aylar əsas fəaliyyətimiz qurultayın hazırlanması, texniki işlər olub. Odur ki, digər istiqamətlərə vaxt ayırmamışıq. Əsas hədəfimiz bu olub ki, qurultay keçirilsin, sənədlər Ədliyyə Nazirliyinə təqdim edilsin. Yəni bürokratik və texniki məsələləri həll edib fəaliyyətə başlamaq.
- Vahid Azərbaycan Partiyası adı qalacaq, yoxsa Ağ Partiya adı seçiləcək?
- Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin daxilində ad komissiyası yaradılıb. Onların fəaliyyəti adla bağlı təkliflərin hazırlanması, qəbul edilməsi, habelə partiyaya üzv olan şəxslərin adla bağlı rəylərinin öyrənilməsindən ibarətdir. Hələlik yanaşma Ağ Partiya adı ətrafındadır. Nəzərə alırıq ki, Vahid Azərbaycan Partiyası adı siyasi baxımdan aktuallıq daşımır. Həm də biz istəyirik ki, yeni qüvvə kimi tanınaq. İnsanlar 1988-ci ildən belə eyni adlar və simalar görməkdən yorulub. Marketinq sahəsinə də  fikir versəniz görərsiniz ki, bəzi brendlərin adları və loqoları zaman-zaman dəyişimə məruz qalır. Siyasət də bir elmdir, məhsuldur. Odur ki fərqli təqdimatlara normal yanaşmaq lazımdır. Düşünürük ki, indiki dönəmin tarixinə Ağ Partiya adı daha uyğundur. Ancaq ad məsələsi qurultayın səlahiyyətində olan məsələdir və son qərar orada veriləcək.
- Qurultaydan sonra partiyanız siyasi baxımdan hansı mövqedə qərarlaşacaq?
- Aydın məsələdir ki, partiyanın mövqeyini onun üzvləri müəyyən edir. Partiyanın indiki tərkibinin böyük əksəriyyəti müxalif düşərgədə təmsil olublar, hətta aktiv şəxslər olublar, bəziləri həbsdə yatıb. Təbii ki, partiyanın xarakterini bu insanların xarakteri müəyyən edəcək. Biz müxalifət mövqeyində duran partiya olmaq niyyətindəyik.
- Partiyanın ideoloji əsasları və istiqaməti nədən ibarət olacaq?
- İdeoloji baxımdan sağ-mərkəzçi partiya olacağıq. Təbii ki, ideoloji xətt müsavatçılıq olacaq. Biz hakimiyyətlə siyasi mənada mübarizə aparan partiya olmaq istəyirik.
- Partiyanın perspektivini necə görürsünüz?
- Düşünürəm ki, perspektiv əsasən, bizim özümüzdən asılı olacaq. Əgər biz əziyyət çəkməyə cəhd göstərməsək, hansı perspektiv ola bilər ki? Azərbaycandan 50-dən artıq partiya var. Ancaq cəhd etsək, mübarizə aparsaq, əminəm ki, daha yaxşı perspektiv olacaq. Əminəm ki, biz nəyəsə nail ola biləcəyik. Siz də, bilirsiniz ki, siyasətdə bəzən sabahı belə planlaşdırmaq olmur. Ümumən mən siyasi həyatımdan da bilirəm ki səmimiyyət, əziyyət və iş olan yerdə nəticə mütləq olur.
- Müsavat Partiyasından sizin partiyaya daha kimlər keçəcək?
- Biz Müsavatdan istefa verdik. Həmin vaxt bizimlə çıxanlar da oldu. Bundan sonra kimsə Müsavatdan çıxaraq bizə qoşulmaq, birlikdə mübarizə aparmağımızı istəyəcəksə, qapımız belə insanların üzünə açıq olacaq. Kimsə bizdən uzaqlaşmaq istəyəcəksə, buna da bir söz deyə bilmərik.
- Sizin Müsavat Partiyası ilə münasibətləriniz bundan sonra hansı əsaslarla qurulacaq?
- Müsavat, AXCP və YAP-la münasibətlərin sivil formada qurulmasının tərəfdarıyıq. Fikrimcə, 1993-cü ildən sonra müxalifət-hakimiyyət münasibətləri daha çox şəxsi düşmənçilik zəminində qurulub. Əlbəttə, bu siyasi rəqabətə bənzəmir. Biz hesab edirik ki, bu münasibətlər normal olmalı və onun əsasını siyasi rəqabət təşkil etməlidir.
- Müsavat Partiyası sizi bir siyasi qurum kimi qəbul edib əməkdaşlığa razı olacaqmı?
- Bu Müsavat Partiyasının öz işidir. Bizim belə bir problemimiz yoxdur. Əgər, biz zamanında hansısa partiya ilə əməkdaşlığı münasib etsək və həmin təşkilata bu məqsədlə müraciət etsək yəqin ki, bizə cavab veriləcək. Ancaq bütün bunlar indidən müzakirə edilməli məsələ deyil.
 - Qurultayı keçirmək üçün maliyyə lazımdır. Bu maliyyəni haradan tapmışınız?
- Maliyyə dedikdə qurultayda lazım olan maliyyə az olub. Əsas maliyyə məkanla bağlıdır. Sağ olsunlar, Vətəndaş Həmrəyliyi Partiyası qurultayımızı keçirmək üçün bizə zalını təqdim edib. Yəni ciddi xərclərimiz yoxdur. Sadəcə cüzi çap xərcləri var. Bunu da, qurultayın təşkilatçıları şəxsi vəsaitləri hesabına qarşılayır.
- Gələcəkdə partiyanın fəaliyyəti üçün maliyyə lazım olacaq. Bu maliyyəni haradan əldə edəcəksiniz?
- Gələcəkdə bunun necə olacağını zaman göstərəcək. Lakin bu partiyanın qurultayını keçirən insanlar 10-15 ildir ki, siyasətdədir. Biz maliyyə baxımından sıfır vəziyyətdə olan partiyada fəaliyyət göstərmişik və mübarizə aparmağı öyrənmişik. Və dolayısı ilə mən inanmıram ki, ciddi siyasi fəaliyyət üçün maliyyə problem olsun. Əminəm ki, biz lazımı dərəcədə fəaliyyətimizi qura bilsək, maliyyə gələcək. Başqa sözlə, maliyyə ilə siyasi aktivlik düz mütənasibdir. Əgər siyasi aktivlik varsa, maliyyə olacaq. Əgər siyasi aktivlik yoxdursa, təbii ki, maliyyə də olmayacaq.
- Hazırda Vahid Azərbaycan Partiyasının köhnə üzvləri və bura gələn yeni üzvləri var. Belə görünür ki, yeni üzvlər həm də partiyada rəhbərliyə gətiriləcək. Bəs bir müddətdən sonra "köhnələr"lə "yenilər" arasında çəkişmə və qarşıdurma olmayacaqmı?
- Bu məsələ sadədir. Vahid Azərbaycan Partiyası 1993-cü ildə təsis edilib. Demək olar ki, təsisdən sonra eyni insanlar burada təmsil olunub. Bu gün onların sayı o qədər də böyük deyil. Üstəlik də onların çoxu indi siyasi mübarizə aparmaq əzmində deyillər. Sadəcə olaraq zamanında partiyaya üzv olublar. Mən inanmıram ki, xüsusi bir qarşıdurma yaransın. Əgər belə hal yaranarsa partiyanın nizamnaməsi çərçivəsində həll edilə bilər. Ancaq bir daha qeyd edim ki, partiyanın köhnə heyətindən demək olar ki, siyasi mübarizə aparmaq istəyən insanlar qalmayıb.
- Vahid Azərbaycan Partiyasını pulla almışınız?
- Yox, bu ciddi olmadı.
- İndi çoxlu sayda adam həm də partiya biznesi ilə məşğul olur və elə partiyalar var ki, zamanında onu sadəcə hansısa siyasətçilər pulla alıb...
- Sirr deyil ki, siyasi səhnədə maliyyə baxımından ən zəif qruplardan biri bizik. Yəni maliyyə ilə fərqlənmirik. Odur ki, "pulla aldıq" ifadəsi düz deyil.
- O zaman Tural Abbaslı və ətrafı Vahid Azərbaycan Partiyasına necə gedib üzv oldu?
- Bildiyiniz kimi, bu partiyanın qurucusu Kərrar Əbilov haqq dünyasına qovuşub. Biz Kərrar Əbilovun oğlu ilə görüşdük  və partiyanın fəaliyyətsiz olduğunu, bura qoşularaq təşkilata yeni nəfəs vermək istəyimizi ifadə etdik. O da bizimlə razılaşdı. Biz də partiyaya üzv olduq və qurultaya hazırlaşırıq.
- Qurultaydan sonra Kərrar Əbilovun oğlu ilə sizin aranızda ixtilaf, problemlər yaranmayacaq?
- Partiya məsələsi şəxsi əmtəə, mülk deyil. Partiya insanların yaratdığı subyektdir. Burada partiyanın fəaliyyəti, rəhbərliyin seçilməsi, dəyişdirilməsi "Siyasi partiyalar haqqında" qanunla tənzimlənir. Yəni sabah hansısa problemimiz olsa, deyəcək ki, partiyanı atam yaradıb? Qurultay var, seçkili orqanlar var. Bir də nə bilirsiniz, bəlkə sabah mən sədr seçilmədim, başqası seçildi. Bütün bunlar qanunvericiliklə tənzimlənir və inanmıram ki, problem olsun.
- Siz başınızın üzərində rəhmətlik Kərrrar Əbilovun rəsmini vuracaqsınız?
- Vallah, şəkil vursaq yəqin ki, Rəsulzadə-Elçibəyin fotosunu vurarıq. Əgər hər kəs partiya sədrlərinin fotosunu başının üzərinə vursa, ölkədə tablolar əlindən tərpənmək olmaz. Millətin simvolları olmalıdır. Simvollaşan insanların tabloları məncə kifayət edir.
 - Ancaq partiyanı yaradan Kərrar Əbilovdur. Bəlkə sabah oğlu tələb etdi ki, partiya qurucusunun fotosu başda olmalıdır...
- Bəli, partiyanı təsis edən Kərrar müəllim olub. Ancaq mən sədr seçilsəm hər qurultayda tələb edə bilmərəm ki, şəklimi başınız üzərində qaldırın.
- Ancaq Kərrar Əbilova hörmət və ehtiram olmalıdır. Xüsusilə, əgər onun qurduğu partiyada fəaliyyətə başlayırsınızsa...
- Təbii ki. Hörmət və ehtiram olmalıdır. Bütün sənədlərdə partiyanın yaradıcısı, təsisçiləri və sədri haqda yazılacaq, səsləndiriləcək.
- Qurultayda onun şəklini başınız üzərində asacaqsınız?
- Yox. Belə bir fikrimiz yoxdur.
- Qərargahınız var?
- Qurultaydan sonra ofislə bağlı rəsmi strukturlara müraciət edəcəyik.
- Əgər sizə qərargah verməsələr, necə olacaq?
- Təbii ki, dövlət bizə yer verməsə, durub 10 otaqlı ofis tutmaq imkanımız olmayacaq. Lakin 2-3 otaqlı ofis tutmaq üçün maliyyə toplaya bilərik. Zamanında iki otaqla başlasaq, uğurlu ola bilsək, partiyanın binası da ola bilər. Eləcə də ciddi işləməsək, kənarda da qala bilərik. Bu bilavasitə fəaliyyətdən asılı olacaq.