Müsavatçı mühacirlərin İsveçrədə tapdığı qəbirlərin sirri açıldı - sensasiya

İki gənc azərbaycanlı qardaş illər öncə İsveçrədə niyə intihar edib?
İsveçrədə yaşayan mühacir müsavatçılar Xəyyam Qəhrəmanlı və Sarvan Əbdüləzimov yaşadıqları qəsəbə qəbiristanlığında iki azərbaycanlı qardaşın məzarını tapıblar. Bu barədə X.Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bildirib.
 
Müsahibimizin sözlərinə görə, söhbət Zolotorn kantonunda yerləşən Şönenverd qəsəbə qəbiristanlığından gedir. Sözügedən qəsəbədə yaşayan İğdır türkləri belə məzarların olması barədə həmyerlilərimizə məlumat verib:
 
“Biz də həmyerlilərimizin məzarını ziyarət etdik. Onlardan birinin adı Əlizadə Rəhim, digəri Əlizadə Nadirdir. Məzarın üstündə onların atalarının adları yazılmamışdı. Amma məlum olan odur ki, onlar İkinci dünya müharibəsi dövründə necə olubsa, İsveçrəyə gəliblər.
 
Qardaşlardan biri 22, digəri  24 yaşında vəfat edib. Lövhədə yazıldığına görə, yaşadıqları evdə ölü bulunublar. Çox güman ki intihar ediblər. Qardaşlardan biri - Əlizadə Nadir 1924-1946, digəri Əlizadə Rəhim isə 1922-1946-cı illərdə yaşayıb”.
 
Müsahibimiz hesab edir ki, bu şəxslərin legioner olması da mümkündür, hərbi əsir olması da. Amma nəyə görə intihar etmələri böyük sual olaraq qalır: “Məzarın yanındakı lövhədə yazılanları oxuyub belə qənaətə gəlmək olar ki, qardaşlar bura gəldikdən sonra qürbətçiliyi qəbul etməyiblər. El-obasından ayrı düşdükləri, ata-analarını heç zaman görə bilməyəcəklərini düşünüb, yaşamaqlarının faydası olmadığı qənaətinə gələrək intihar ediblər. Amma bu, bir versiyadır. Onun nə dərəcədə həqiqət olduğunu deyə bilmərik”.
Cüt məzarın yanındakı lövhənin üzərində isə alman dilində aşağıdakılar yazılıb: “1945-ci ildə, müharibədən sonra rus hərbi əsirləri Almaniyadan İsveçrəyə qaçırlar. İsveçrənin Vöschnau qəsəbəsindəki beynəlxalq düşərgədə yerləşdirilən bu insanların içərisində qafqazlı və müsəlman olan 2 qardaş  - Nadir və Rəhim Əlizadə də olub. Vətənə dönmək ümidi olmadan gözləyən bu qardaşlar geri dönəcəkləri halda fərarilik ittihamı ilə cəzalandırılacaqdılar. Valideynlərindən, qardaş-bacılarından ayrı yaşamağa dözməyərək, 30 mart 1946-cı ildə birlikdə intihar ediblər. Şönenverd qəsəbəsi qəbiristanlığında müsəlman adəti və hərbi təzimi ilə dəfn ediliblər”.
 
X.Qəhrəmanlı ümid edir ki, bu qardaşların Azərbaycanda yaşayan yaxınları, qohum-əqrəbası həmin məzarlar barədə xəbər tutub, onlara baş çəkəcək: “Bəlkə də ailəsi, nəsli üçün bu iki qardaş illərdir itkin düşmüş sayılır. Bəlkə də bu xəbəri oxuyandan sonra qohumları məzarlarının yerini bilib, gəlib baş çəkəcəklər”.