​Müsavatçı gənc hələ də təqib olunur

 
Beynəlxalq təşkilatların aramsız tələblərinə baxmayaraq hakimiyyət orqanları son illərdə keçirilən kütləvi aksiyalarda fəal iştirak edən, ictimai-siyasi cəhətdən fəal olan müxalifət partiyalarının nümayəndələrini, o cümlədən müsavatçıları təqib etməkdədir. Onların evinə mülki və polis formasında şəxslər gəlir, ailə üzvlərinə təzyiqlər edilir, polis idarələrinə gəlmələri tələb olunur. Məlumat üçün bildirək ki, cari ilin 26 sentyabr tarixində keçiriləcək referendum ərəfəsində hakimiyyət orqanları tərəfindən müxalif fikirli insanlara və müxalifət partiyalarının üzvlərinə qarşı aramsız təqib və təzyiq kampaniyasının nəticəsi olaraq təkcə son ayda 10-a yaxın müxalif fikirli insanlar saxta və qondarma ittihamla həbs olunub. Hakimiyyət orqanları hətta siyasi təqiblər üzündən ölkəni tərk etmiş müxalif fikirli insanların ailə üzvlərini də təqib etməkdədir.  
Belə ki, verilən məlumata görə Müsavat Partiyasının üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Tural Əliyevin yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar. Turalın harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs və polis əməkdaşları Turalın yaşadığı mənzilə gələrək zorla onun yaşadığı mənzilə daxil olaraq onu axtarmağa başlamışlar. Turalı evdə tapa bilməyən həmin şəxslər evdə olan ailə üzvlərindən onun harada olduğunu soruşmuşlar. Turalın yerini bilmədiyini dedikdə həmin şəxslər onun ailə üzvlərini təhdid edərək, onu tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib.
 
 
Məlumdur ki, Tural Əliyevin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun müsavatçı olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Tural Əliyev müsavatçı gənc kimi təmsil olunduğu partiyanın və müxalifətin təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmiş, gənclərin partiya sıralarına cəlb olunmasında fəallıq göstərib. O, müxalifətin keçirdiyi aksiyalarda fəallıq göstərdiyinə görə dəfələrlə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmış və müxtəlif müddətlərdə inzibati qaydada həbs olunmuşdur. Şübhəzis, Tural Əliyev kimi müsavatçıların fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.
 
 
Təbii ki, Tural Əliyevin və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir. Repressiv bir mühitdə ölkədə referendum keçirmək isə acı gülüş doğurur...